“Məşhur Sima”da bu dəfə söhbətləşmək üçün Azərbaycan sərhədlərindən uzağa göz atdıq. Ölkəsinin məşhuru və Azərbaycana da yad olmayan biridir o. Ötən aylarda ölkəmizə səfər edib azərbaycanlı rəfiqəsinə karyerasının başlanğıcında dəstək olmuşdu. Ebru Polad Türkiyədə pop musiqi janrında son illər xüsusi yer tutan və ardınca söyləntiləri və məziyyətləri bol olan sənətçidir.
Türkiyə mətbuatı onu tamaşaçısına belə tanıdır: Ebru Polad- gerçək adı Filiz Sarıkaya, 1983-cü il doğumlu, İzmirli gözəllər gözəlidir. Musiqiyə məktəb yaşlarından maraqlanmağa başlayıb. Göz önündə olmaq kimi eqoları olduğu üçün rəqs, musiqi və mimika dərslərinə yollanıb. Çox yaramaz və hiperaktivdir.
2000-ci ildə musiqi karyerasına başlayan müğənni iddialı bir adla səhnəyə qədəm basır. “Çətin ceviz” yəni, “Sınmayan qoz” onun çətin əldə edilən bir xanım olduğuna işarə idi…
Ebru albomundan çox qüsursuz bədən quruluşu və ədaları ilə məşhurlaşır.
Türkiyə mətbuatı onun barəsində müxtəif mövzularda sıx-sıx xəbərlər yazır. Yazılanlara görə, hazırda Türkiyədə pop ulduzu kimi daha məşhur olan Demət Akalın vaxtilə onun karyerada irəliləməsi üçün bir xeyli çətinliklər törədib. Lakin o mübarizə apara və məşhurlaşa bilib.
Hazırda o, Publika.Az-a danışır.
– Səhv etmirəmsə, manikenliklə karyeraya başladınız. Bu, məşhur olmaq üçün asan yol idi, yoxsa işinizi sevirdiniz?
– Siz ilk deyilsiniz. Demək olar ki, əksəriyyət mənim manikenliklə başladığıma inanır. Lakin mən heç bir zaman podiumda maniken kimi yer almadım.
– Maraqlıdır, niyə bu qədər insan sizi maniken kimi xatırayır?
– Heç bir zaman manikenlik etmədim və olmağı da düşünmədim. Fəqət, bütün jurnallarda üz qabığında yer aldığım və bədən quruluşum o standartlara yaxın olduğu üçün insanlar məni maniken kimi zənn etdilər. Bu, təbii ki, məni qıcıqlandırmır. Əksinə, belə düşündükləri üçün təşəkkür edirəm. Əsl məsləyim vəkillikdir. Müğənni olmadan əvvəl Doğu Akdeniz Hüquq fakültəsində hüquq təhsili aldım. Lakin sonradan Londonda iki il musiqi təhsili alaraq musiqi həyatına atıldım.
– Məşhur olmazdan əvvəl həyatınız necə idi?
– Universiteti xaricdə davam etdirmişdim, daha sonra isə İstanbula qayıtdım. Çox əyləncəli, eyni zamanda da cəzalılarla təmasda olduğum bir həyat idi. Lakin kifayət qədər ciddi bir işin içində tez-tez film təklifləri də ala bilirdim…(Gülür) Düşünürəm ki, ən gözəl vəkil mən idim ( Gülür)
– Adətən sizdə manikenlikdən müğənniliyə transfer olunurlar, vəkillik də yeni təcrübəymiş. Bu qədər gənc qadın sənətçilərin önündə gedən Demət Akalındır. Səs imkanlarınız ondan geri qalmır, üstəlik daha gözəlsiniz. Niyə bir addım geri sayırsınız?
– Təşəkkür edirəm, məni gözəl görmək daxili gözəlliyinizdir. Bayaq da dediyim kimi, mən heç vaxt maniken olmadım və heç vaxt da maniken olmazdım…
– Sizi “Facebook”da tez-tez izləyirəm, ifrat dərəcədə geyimə və xüsusən ayaqqabılara maraqlısınız.
– Dəblə çox yaxından maraqlanıram. Yeni nə dəbdirsə, onu məndə görə bilərsiniz. Ayaqqabılara və çantalara qəribə asılılığım var. Baxımlı, gözəl olmağı sevirəm.
– Sizin duet ortağınız oldumu?
– Azərbaycanda da çox sevilən məşhur sənətçi Sərdar Ortacla duet oxudum. Bundan başqa Tanla duetim oldu. Qismət olsa, Allah mənə nəsib eləsə, Tarkanla duat oxumağı çox istəyirəm. Tarkan çox sevimli və şirin insandır.
– Sizi daha çox Sezen Aksu bəstəsi ilə tanıdıq. Hər adam onun mahnısını oxuya bilmir.
– Hər şeydən əvvəl Sezen Aksu böyük sənətçidir. Böyük sənətçilərin də ürəkləri böyük olur. Çox sevirəm onu, Tarkanın barəsində dediklərim ona da aiddir. Mahnını oxumazdan əvvəl səsimi dinlədi. Daha sonradan oxuyub-oxumayacağıma qərar verdi.
– Əslində Azərbaycan mətbuatı uzun zamandan bəri sizi tanıyır və təqib edir. Hətta xəbər başlıqlarında “azərbaycanlı məmurun gəlini” kimi təqdim edirdilər.
– Hə, doğru deyirsiniz. Lakin bu, artıq keçmiş mövzuya çevrildi, çünki geridə qaldı. Olduqca gözəl və səviyyəli bir münasibətimiz olmuşdu. Münasibətimiz onun qısqanclıqları ucbatından bitmişdi. Nəticədə mən bir müğənniyəm və qısqanclığı da qəbul edə bilmirəm.
– Azərbaycana gəldiyinizdə azərbaycanlı bir kişi ilə evlənmək istədiyinizi demişdiniz. Deyəsən ərəblər üstün gəldi.
– Yooox! Sevgilim ərəb deyil… Ərəb ölkəsində yaşayan azərbaycanlıdır. Sözümdə durdum, azərbaycanlı bir kişi ilə birlikdəyəm və bir-birimizi çox yaxşı anlayırıq. Təbii ki, bir-birimizi sevirik. Özü də Azərbaycanın nüfuzlu ailələrindən birinin oğludur. Buradan da ailəsinin əllərindən öpürəm.
– Çox xoş, gözəlsiniz. Kim bilir, neçə kişini başdan çıxardınız. Sizi başdan çıxaran bir kişi oldumu?
– Mütləq ki, mənim də ağlımı başdan alan bir kişi oldu. Lakin bu çoxdan oldu. Artıq məni kimsə yoldan çıxara bilməz. Təşəkkür edirəm, siz də gözəlsiniz. Azərbaycanlı xanımların çoxu sizin kimi gözəl və mədənidir. Bunu gəldiyimdən bəri hiss edə bildim.
– Albomunun təqdimatında iştirak etdiyiniz azərbaycanlı rəfiqəniz incikliyiniz olan kimi sizin azərbaycanlıları sevmədiyinizi dedi. Burada sizi incidən biriləri oldumu?
– O qız əslində yaxşı insandır. Sadəcə dillərimiz fərqli olduğu üçün bir-birimizi tez-tez yanlış anlayırıq. Aramıza qısqanc insanlar girib hər ikimizə təsir etməyə çalışdılar. Yoxsa təbii ki, elə bir şey yoxdur. Elə olsaydı, azərbaycanlı kişini sevərdimmi? Hər qatıldığım proqramlarda azərbaycanlıları, Azərbaycan mətbuatını bol-bol təriflədim. Və bu fikirdə də olacağam, çünki təmiz və yaxşı insanlarsınız. İstəsəniz Cenk Erenin proqramını internetdən araşdırıb baxa da bilərsiniz. Orda azərbaycanlıların haqqında danışıb gözəl fikirlər söylədim.
– 20 il sonra özünüzü harada görürsünüz?
– Yenə də mahnı oxumağı xəyal qururam. Son nəfəsimə qədər mahnı oxumaq istəyirəm.
publika.az