“Azadlıq” qəzetinin baş redaktorunun müavini Sücəddin Şərifov “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Müsavat partiyasını ittiham edənlərə qarşı sərt fikirlər söyləməsinə münasibət bildirib. Baş redaktorun müavini S.Şərifov Publika.Az-a açıqlamasında deyib: “Bizdə söz azadlığıdır. Qəzetimizdə bir yazı gedib, onlar da buna münasibət bildiriblər. Məncə, burada fövqaladə nəsə də baş verməyib. Digər tərəfdən isə Rauf bəy konkret ad çəkməyib. Ona görə də mən buna reaksiya vermirəm. Əgər onlar “Azadlıq” qəzetini ittiham etsələr, o zaman baş redaktorun birinci müavini Rahim Hacıyev buna cavab verəcək”.
Xatırladaq ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasını ittiham edənlərə qarşı sərt fikirlər söyləyib. Lakin yenə də ad çəkmədən.
R.Arifoğlu “Facebook” səhifəsində belə yazıb: “Biri var, yenə qaşınır. İtini-pişiyini, zombilərini üstümüzə qısqırdıb… Üç seçkidir doğru bilib yapdığı ancaq və ancaq yanlış olur, fəlakət gətirir, düşərgəni iflic edir, bölür, parçalayır. Amma nolsun, bəhanəsi var. “Yeni Müsavat”ı, Müsavat Partiyasını suçlatdırır, çamur atdırır, hər kəsi xəyanətkar elan edib durur kənarda… Mən həyatım boyu bunca həyasız birisini görmədim. Rüşvət alıb hansı məmurları qoruduğunu, əlinin kimlərin cibindən çıxdığını yazacam, yenə ara qarışacaq…Özü də bilir ki, nələri bilirəm…”.