Keçmiş siyasi məhbus İlqar Rzayev Azərbaycanı tərk edərək xaricə mühacirət edib. Bu barədə Avropa.info-ya onun qohumları məlumat verib. Onların sözlərinə görə, İlqar Rzayev hazırda Rusiyadadır və oradan Avropa ölkələrindən birində siyasi sığınacaq almaq fikrindədir.
Xatırladaq ki, İlqar Rzayev bu il mayın 10-da narkotik saxlama və əldə etmə maddəsi ilə həbs olunmuşdu və Nərimanov rayon məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.
İ.Rzayev aprelin 22-də İctimai Palatanın 20-ci sahədə keçirdiyi mitinq zamanı çıxış edərək hakimiyyəti sərt tənqid edən Şirinbacı Rzayevanın oğludur. Mitinqdən iki gün sonra Rzayevlər ailəsinin Mirzağa Əliyev küçəsində yerləşən evləri xəbərdarlıq edilmədən sökülmüşdü. Bu hadisədən yarım ay sonra isə Ş.Rzayevanın oğlu İ.Rzayev narkotik maddə ittihamı ilə həbs edilmişdi. İ.Rzayevin vəkili Əsabəli Mustafayev qərarın sifarişli olduğunu bildirmişdi.
İlqar Rzayev bu il iyulun 26-da Amnistiya aktı haqqında” qanuna əsasən azadlığa buraxılıb.