Hakimiyyət seçkilərdə ölkə boyu aktiv təbliğat və təşviqat işləri görməyi planlaşdırır, bu iş üçün PA şöbə müdirinin irəli çıxdığı bildirilir

“Prezident İlham Əliyevin Seçki Qərargahının sədri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yaxın günlərdə keçiriləcək iclasında bəlli olacaq”. Bu barədə “Yeni Müsavat”ın müvafiq sualına cavab verərkən, YAP icra katibinin müavini Siyavuş Novruzov məlumat verib.

Siyavuş Novruzov bildirib ki, əvvəlki seçkilərdə bir qayda olaraq YAP yerli təşkilatları və mərkəzi aparat seçki qərargahı rolunu oynayıb, təşkilat rəhbərləri isə qərargahlara sədrlik edib: “Seçki Qərargahı Yeni Azərbaycan Partiyasıdır. Seçkilər zamanı rayon təşkilatları seçki qərargahlarına çevrilir. Təşkilat rəhbərləri həm də seçki qərargahı sədri kimi fəaliyyət göstərir”. 

Qeyd edək ki, bir qayda olaraq ötən seçkilərdə İlham Əliyevin seçki qərargahının rəhbərinin kimliyi elan olunmayıb. Daha dəqiqi, ötən seçkilərdə kampaniya fərqli formatda aparılıb. Mətbuatda bir qayda olaraq daha çox prezidentin vəkillərinin adları hallanıb, təşviqat işlərini onlar həyata keçiriblər. İndi isə məlum olur ki, bu iş bütövlükdə hakim partiyaya həvalə olunur və S.Novruzovun açıqlamasından belə aydın olur ki, yerli təşkilat sədrləri bölgələr üzrə, eləcə də YAP icra katibi Əli Əhmədov isə mərkəzi qərargaha rəhbərlik edir. 

Özəl olaraq əldə etdiyimiz məlumata görə, builki seçkilərdə bu taktika dəyişdiriləcək. Belə ki, bizə çatan məlumata görə, hakimiyyət builki seçkilərdə aktiv seçki qərargahı yaradaraq fəal təbliğat qurmaq istəyir. Bu səbəbdən də 2013-cü il prezident seçkilərində namizəd İlham Əliyevin Seçki Qərargahı daha böyük və fəal olacaq.

Məlumatı verən qaynağın deməsinə görə, builki seçkilərdə hazırkı dövlət başçısının seçki qərargahına Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov rəhbərlik edəcək. Məlumatlara görə, seçki qərargahı peşəkarlardan təşkil olunacaq və hakimiyyət ölkə boyu geniş təbliğat-təşviqat işləri həyata keçirəcək. Bizə çatan bilgilərə görə, Ə.Həsənov seçki qərargahına sədrlik etmək üçün hazırda tutduğu postdan istefa verəcək və qarşıdakı 3 ay ərzində yalnız seçki təbliğatına rəhbərlik edəcək. Seçkilərdən sonra onun daha böyük vəzifəyə təyin ediləcəyi iddia olunur.

musavat.com