Balinaların problemi
Dünən özümün yazdıqlarımın nəticə verməyindən bəhs elədim, baxdım gördüm möhtərəm cənab prezident İlham Əliyevin məktublar üzrə naibi Süleyman İsmayılovun da “AzərTAc” Dövlət Agentliyində intervüsü vardır.
Süleyman bəyin rəsmi vəzifəsi prezidentin sənədlər və vətəndaşların müraciətləri üzrə şöbəsinin müdiridir, ancaq mən onu namədar adlandırıram və diqqətli oxucular bilirlər, hər zaman bu şəxsin açıqlamaları maraq dairəmdədir. Müqayisə üçün, təsəvvürünüz olsun deyə yazıram: əgər bir qəzetdə Yer kürəsinə asteroid düşəcəyi yazılsa, o birində isə Süleyman bəyin cupbulu bir cümləsi olsa, mən asteroidi qırağa atıb mütləq birinci Süleyman bəyi oxuyuram. Çünki çox koloritli adamdır, rəngarəng söhbətlər edir, daha aparatdakı başqaları kimi cansıxıcı danışmır. Bu dəfə də elə olmuşdur.
Süleyman bəy camaatın prezidentdən nə istədiklərini belə qruplaşdırıbdır:
“Sabitlik və əmin-amanlıq olsun;
Özü və ailəsi dinc, rahat şəraitdə yaşasın; (kimin ailəsi – bu dəqiqləşdirilməyib, mən də üstünü vurmadım – Z.H.)
Maddi güzəranı təmin edilsin;
Yaşadığı kəndin, qəsəbənin və şəhərin abadlığı təmin edilsin;
Yollar, müasir məktəb və xəstəxanalar, digər infrastruktur obyektləri yüksək standartlar səviyyəsində fəaliyyət göstərsin;
Dünyada mövcud olan qabaqcıl texnologiyalar hər bir sahədə tətbiq olunsun;
Bir sözlə, ölkəmizdə insanların həyat səviyyəsi qabaqcıl ölkələrdəki səviyyəyə uyğunlaşdırılsın”.
Gördüyümüz kimi, camaat prezidentdən elə də çox şey istəmir və bu sadalananlar əslində respublikamızda vardır. Yoxdursa, bəs niyə analoqu olmayan inkişafdan danışırıq? Axı sadalananlar elementar, obrazlı desək, “gündəlik tələbat malları” kimi şeylərdir, hər özünə respublika deyən dövlətdə olmalıdır. Bunlar hamısı var. Yoxdursa da var. Varsa da yoxdur. Şübhə edənin var-yoxunu araşdırsaq erməni dəyirmanına su axıdan ünsür çıxacaq.
Keçən ilin müvafiq dövrünə nisbətdə bu il Füzuli, Laçın, Şuşa rayonlarından prezidentə şikayət məktubları azalıbmış. Bunun səbəblərini mən izah edə bilmərəm. Ola bilsin Cıdır düzündə hava yaxşı keçir, Ərgünəş dağına çoxlu qar yağıb, Laçında da insanlar dinc quruculuq işləri ilə məşğuldur, şikayət eləmirlər. Sevindirici haldır.
Süleyman bəyin izahatnaməsində bir hissə isə məni dəhşətli dərəcədə maraqlandırdı və o hissəni olduğu kimi bura köçürürəm, oxuyub feyziyab olasınız: “Müsbət cəhətlərdən biri də budur ki, vətəndaşlar öz müraciətlərində şəxsi problemlərindən daha çox ictimai məsələləri qabardır, bütövlükdə insanlığı, bəşəriyyəti düşündürən problemlərdən, yaşadığı kəndin və qəsəbənin inkişafına aid məsələlərdən, Yer planetinin aktual problemlərindən bəhs etməyi üstün tutur və onların həlli yollarını göstərməyi özlərinə borc bilirlər”. Sitatın sonu. Elə mənim də sonum. Günahım nə idi ki, bu qızmar yay günündə dövlət nümayəndəsinin cümlələri qaynar qazan kimi başıma calanır?
Çox ilginc prosesdir, türkün sözü. Demək, vətəndaşlarımız eqoist, meşşan, xırda xarakterli problemləri cənab prezidentə yazmırlar. Onları planetar problemlər narahat edir. Mən Süleyman bəylə əlaqə saxlayıb bir zəhmətkeşimizin bu cür məktubunu əldə etdim, buyurun oxuyun:
“Cənab prezident, salam. Salamdan sonra ərz edim ki, mən yaşayıram Gədəbəyin Şınıx bölgəsində, şükürlər olsun, arvad-uşaq da hamısı yaşayır. Neftimiz var, çırağa tökürük, deyirlər qaz da olacaq, ancaq buna narahat deyiləm. Dünən televizorda gördüm ki, Nyufaundlend yaxınlığında bir balina sahilə atılıbdır. Mən buna çox pis oldum. Axı balina niyə ölsün? Ölsün balinanı istəməyənlər! Bizim kənddə xalqın mövqeyi belədir ki, Sizin atalıq qayğınız sayəsində Holfstrim cərəyanında sabitlik təmin olunmalıdır. Atmosferə atılan karbon qazları azalmalıdır. Bu qazları buraxanların çoxu AXC üzvləridir, onların boyunu yerə soxum. Ümid edirəm balinanın suya qaytarılmasına lazımi diqqət və qayğınızı əsirgəməyəcəksiniz. Biz hamımız indidən sizə səs veririk. Öpürəm. Dərin hörmətlə kənd orta məktəbinin əmək təlimi müəllimi Baloğlan Əşrəfov”.
Mən də yazını elə bu xoş ovqatla bitirirəm.