Meymunlar əməliyyat edilib, növbə insandadır
İnsan orqanlarının əksəriyyətini transplatansiya etməyi bacaran həkimlər, yaxında baş nəqli də edə biləcəklər. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, italiyalı neyrocərrah Sercio Kanavero bu fantastik əməliyyatı iki il müddətində edə biləcəyini deyib.
Kanavero 1970-ci illərdə Robert Vayt və komandasının meymunlar üzərində apardığı araşdırmanı xatırladıb. Vaytın komandası bir meymunun başını başqa meymunun bədəninə birləşdirib. Meymun bundan sonra 8 gün yaşayıb. O, hətta oyanandan sonra həkimləri dişləməyə belə çalışıb. Təssüf ki, o, böyrək çatışmazlığından ölüb.
İtaliyalı mütəxəssis yaxın vaxtlarda insanların qatıldığı araşdırmada bu üsulu tədbiq etmək istədiyini dilə gətirib. Onun sözlərinə görə, transplantasiya ediləcək insanın başı alınacaq. Bundan sonra onun bədən temperaturu salınacaq. Daha sonra donordan alınan baş nəql ediləcək. Əgər bundan sonra xəstə həyatda qalsa, hüceyrələrin və toxumaların uyğunlaşması üçün uzun müddətli müalicə lazım olacaq.
Amma hər şey o qədər də asan deyil. Çünki ilkin hesablamalara görə, əməliyyat olduqca baha – 10 milyon avroya başa gələcək. Bundan əlavə, ilkin mərhələ üçün azı 100 könüllünün tapılması, bir sıra etik sədləri aşmaq lazım olacaq.