İslam Şurası Məclisinin hazırladığı hesabatda rəsmi Bakı bir sıra ciddi məsələlərdə ittiham edilir 

İranın İslam Şurası Məclisinin Araşdırmalar Mərkəzi Azərbaycan əleyhinə hesabat hazırlayıb. İran mətbuatının məlumatına görə, mərkəzin təhlillərə əsasən təqdim etdiyi hesabatda İran-Azərbaycan münasibətləri əksini tapıb. 

Mərkəzin hesabatında İranın milli maraqlarının təmini baxımından Azərbaycanın hazırkı imkanlarını, siyasi strategiyasını araşdırdığını bildirilir. Həmçinin araşdırılan mövzulardan çıxarılan nəticələrdən regionda və beynəlxalq səviyyədə istifadəyə dair təkliflər verib.

Təhlil müəllifləri Azərbaycanı islamofobiyada “rekord vurmaqda” ittiham edib: “İran İslam Respublikasının Qafqaz regionunda həmişə əsaslı rolu olub. Bu arada Azərbaycan və Ermənistan münasibəti İran İslam Respublikasına təsir göstərib. Azərbaycan dövləti müstəqillik qazanmasından bəri islamofobiyada rekord vurub. Siyasi və mədəni sekularizmə getməklə türkü-azəri milliyyətinə əsaslanan vahid Azərbaycan milləti adı ilə panazərizm ideologiyasını önə çəkib. 

Bu məqsədilə İslam dünyası, o cümlədən İran İslam Respublikası ilə dini və mədəni əlaqələrini azaltmağa çalışaraq bu münasibətləri təqribən sıfır həddində saxlayıb. Bunun əvəzində qərblə mədəni münasibətlərini möhkəmləndirib. Buna nümunə olaraq Eurovision mahnı müsabiqəsinin və İsrail Mədəniyyət həftəsinin Azərbaycanda keçirilməsini göstərmək olar”. 

Hesabatda rəsmi Bakı ilə rəsmi Tehranın münasibətlərində son illərdə sərinlik yarandığı vurğulanır: “Bu proses İran İslam Respublikası və ölkənin önəmli idarə və təşkilatlarının rəhbərləri üçün bir xəbərdarlıqdır ki, Azərbaycan Respublikasının hərəkətini dərk etsinlər. Bütün mümkün seçimləri proqnozlaşdırsınlar ki, İran İslam Respublikasının milli və islami maraqları ən yüksək səviyyədə qorunmuş olsun”.