Dini Komitənin sabiq sədri AKP hakimiyyətini dindən vasitə kimi istifadə etməkdə suçlayıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev Türkiyədə baş verən son olayları şərh edib. “Bakı Xəbər” qəzetində dərc olunan “Rəcəb Ərdoğan öz qurduğu tələyə düşüb” adlı məqalədə şərqşünas alim Taksim olayları və ümumiyyətlə, son 10 ildə Türkiyədə baş verən siyasi proseslərə toxunub.
Məqalədə qeyd olunur ki, Ərdoğan hakimiyyəti dünyəvi Türkiyəni islamlaşmaya aparan xəyalı Ədalət və İnkişaf Partiyasına yaxın olan insanların şüurunu çevirməkdə xeyli uğurlar qazanıb. Artıq 10 ildir ki, öz ölkələrini – Atatürk Türkiyəsini sevən vətəndaşların ictimai şüurunu anti-Atatürk elementləri ilə zəhərləyirlər.
Ərdoğanın hakimiyyətə gəlməsi və bu prosesdə baş verənləri qeyd edən professor baş nazirin atdığı bir sıra addımların Türkiyədə dünyəvi dövləti xeyli dərəcədə zəiflətdiyini vurğulayır: “Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin sıfıra endirilməsi, hərbi çevrilişə hazırlıq kimi uydurulmuş ittihamla hərbi rəhbərliyə kütləvi hücum (arasında bir çox generallar da olan təxminən 250 hərbçinin həbsi) – bunların hamısı birlikdə Türkiyə demokratik dünyəvi dövləti üçün ciddi zərbə idi. Bu gün Türkiyədə 49 jurnalist həbsxanada saxlanır. Bu, dünya rekordudur! Türkiyədə son illərdə diktaturanın hökm sürməsini sübut edən bir çox faktları sadalamaq olar. Lakin dediyimiz də kifayətdir”.
R.Əliyev Ərdoğan hakimiyyətinin Türkiyədə ordunu zəiflətmək, dünyəvi dövlətin atributlarını aradan çıxarmaq xəttini yürütdüyünü və nəticədə Türkiyə ictimaiyyətinin böyük təpkisini aldığını qeyd edir. R.Əliyev eyni zamanda AKP hakimiyyətini dindən vasitə kimi istifadə etməkdə ittiham edib. Eyni zamanda Türkiyənin zəiflədilməsinin bölgə güclərinə faydalı olduğunu yazır: “Türkiyənin indiki ağlamalı siyasi vəziyyəti ilk növbədə ABŞ, Qərb, Rusiya və İrana sərf edir, çünki onlara bu geosiyasi mühitdə qüvvətli Türkiyə lazım deyil”.