İyunun 9-da Heydər Əliyev Sarayında 16-cı “Qrand” Milli İctimai Mükafatının sahiblərinə təqdimetmə mərasimi keçirilib. 

“V&V” şirkəti tərəfindən təşkil olunan, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən mərasimdə il ərzində gördükləri işlərlə fərqlənən şou-biznes və mədəniyyət nümayəndələri “Qrand” mükafatına layiq görülüblər.

Həmçinin mükafatlandırma mərasiminə Türkiyədən fəxri qonaqlar da (“Elə bir keçər zaman ki…” serialının Əli Kaptanı – Ərkan Petekkaya, Cəmiləsi – Ayça Bingöl, “Möhtəşəm yüz il” serialının Şahzadə Məhmədi – Gürbəy İləri, müğənni Sinan Akçıl və “Ebruli” proqramının aparıcısı Ebru Şallı) dəvət olunmuşdular.

Bütün bunlara baxmayaraq, tədbir bitdikdən dərhal sonra utancverici hadisə hadisə yaşanıb. Belə ki, Türkiyədən gələn qonaqlar təxminən 1 saata yaxın açıq havada avtomobillərini gözləyiblər ki, bu da onların vəziyyətinə mənfi təsir göstərib.

Qonaqlar “Qrand” mükafatının Türkiyə üzrə koordinatoru, tanınmış model Günay Musayevaya iradlarını bildiriblər və taksiyə əyləşərək, hadfisə yerini tərk ediblər. Orada tək qalan G.Musayevayla yanaşı, hadisəni şəxsi fotokamerasına lentə alan “Plyus-Minus” verilişinin müxbiri Tural Ozan da olub.

Vəzifə borcunu yerinə yetirən müxbirə hücum edən G.Musayeva, onu ölümlə hədələyib və fotokamerasına zərbə endirib. Nəticədə, T.Ozan maddi və mənəvi baxımdan ciddi zərər çəkib.

T.Ozan açıqlamasında qeyd edib ki, G.Musayevanın bu hərəkətinə görə məhkəməyə müraciət edəcək.

Məlumat üçün bildirək ki, bu, model Günay Musayevanın KİV nümayəndələrinə qarşı ilk hörmətsizliyi deyil.