Prezidentə yazırlar

 Türkiyə kanalından verilən “Möhtəşəm yüz il” serialı bizim ölkədəki bütün Süleymanlara mənfi təsir etmişdir. Hamısı özünü Sultan Süleyman kimi aparmağa başlayıbdır. Mən azı 3 belə Süleyman tanıyıram: Qaradağın icra başçısı Süleyman Mikayılov, polis zəhmətkeşi Süleyman “Çakır” Nemətov, bir də cənab möhtərəm prezidentin məktublar şöbəsinə baxan Süleyman İsmayılov yoldaş. Bunlar hərəsi öz sahəsində baş kəsib, qan töküb, ad qazanmışdır – dastan dilində desək.

 

Bugünkü mövzumuzda sonuncu Süleyman haqda nəql edəcəyik. Yoldaş İsmayılov hər il bir-iki dəfə çıxışlar edir, dövlət şefinə gələn məktubların, müraciətlərin qısa məzmunu, sayı-hesabı haqda xalqa zəruri məlumatlar verir. Məhz onun sayəsində biz dəqiq bilirik ki, məsələn, 2011-ci ildə Kürdəmirdən neçə nəfər buludlu havalara görə cənab prezidentə təşəkkür məktubu yazmışdır. Yaxud, Lerikdə neçə çoban hər yüz qoyundan aldığı yüz birinci quzunu kosmosda pərvaz edən peykimizin şərəfinə qurban deyibdir. Ağdamın bizdə olan hissəsində neçə nəfər cənab prezidentin uğurlu daxili və xarici siyasətindən çox razıdır, minnətdarlıq edir, Kəlbəcərin bizdə olmayan hissəsində isə nə qədər eşşək qanqalı bitməsi ehtimal olunur. Və sairə və ilaxır – cənab Süleymanov möhtərəm prezidentimizin (Ya rəb, sən deputatların ömründən kəsib ona ver! İlahi, amin) poçt idarəsinin başında şərəflə durubdur, Novruzəli onun yanında… Nə isə, bu ayrı mövzudur. 

Dünən mən Süleyman bəyin yeni statistik məlumatını oxudum. Sitat: “2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin əvvəlindən indiyədək Prezident Administrasiyasına daxil olan müraciətlərin mövzular üzrə təhlili göstərir ki, ayrı-ayrı mövzular, o cümlədən dövlət qulluğuna qəbul, mənzil, tikinti, məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyəti, ipoteka kreditlərinin verilməsi ilə bağlı müraciətlərin sayı artsa da, şəhər və rayon icra hakimiyyətlərinin, o cümlədən onların nümayəndələrinin fəaliyyəti, özəlləşdirmə, ekologiya, sosial müdafiə, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər, məişət və su təchizatı məsələləri üzrə müraciətlərin sayı azalıb”.

Maraqlıdır. Deməli, daha ekologiya camaatı narahat etmir, yeməyə ayı qalmayıbdır. O cümlədən qaçqınlar hamısı yerbəyer edilib, özəlləşdirmə çeklərinin hamısı ayaqyolunda faydalı şəkildə istifadə olunub, suyun qabağını kəsən əjdaha da öldürülüb. Şəhər və rayon icra hakimiyyəti başçılarına qarşı daha uğurlu vasitələr tapılıb. Quba və İsmayıllının keçmiş başçıları o vasitələri bilirlər. Daha prezidentə əziyyət verməyin nə mənası? Bircə o mənə çatmadı ki, camaat qabaqlar məişət mövzusunda nə üçün prezidentə müraciət edirmiş. 

Hüquq-mühafizə orqanları ilə bağlı müraciətlərin sayının ildən-ilə artması isə heç də bizim ölkədə polisin camaatı ayaqlamasını göstərmir. Yerə uzanmasan, bizdə heç kimi ayaqlamırlar. Bir də belinə soyuq olanlar uzanıb özlərini ayaqladırlar, bu isə könüllü repressiya sayılır, problem deyil. Bəs o zaman hüquq-mühafizə orqanlarından, məhkəmələrdən şikayətlər niyə artıb? Səbəb çox sadədir və elə Süleyman bəyin növbəti statistik məlumatında özünü göstərir. Sitat: “Müraciətlərin növlərinə gəldikdə isə qeyd etməliyik ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə şikayətlərin faiz nisbəti azalıb”. Bəli! Söhbət burdadır! Yenə başa düşən olmadısa, izah edim. 

Bir vəzifəli şəxsə yazılan müraciət şikayət deyilsə, başqa nə ola bilər? Ay sağ olasınız: yalvarış, minnətdarlıq, yaltaqlıq, yalaqlıq, “balalarım sənə qurban olsun”, “əmr eləsən arvadımı yıxıb başını kəsərəm, təki mənə yerli çayxanada işə düzəlməyə kömək edin”, “gül bayramından bir dənə də yanvar ayında keçirtsəniz dəhşətli dərəcədə şad olardıq, diqqətdarıq və minnətdarıq və qeyrətdarıq” və sairə məzmunlu müraciətlər! 

Ayrı cür mümkün də deyil. Adam prezidentə ya şikayət edə bilər (o da təbii ki, ağlını itiribsə), ya da minnətdar ola bilər. Daha doğrusu, minnətdar olmalıdır. Üçüncü yol prezidentə hansısa təkliflər verməkdir, açığı, bizdə belə həyasız vətəndaşlar yaxşı ki, heç vaxt olmamışdır.