Bizimdir, Vyana da bizimdir!
Rusiya Novorossiyskə gedən neft kəmərimizi başlamışdır. Deyiblər bunu çəkəndə hər il 5 milyon ton neft axıtmağa söz verdiniz, indi isə 2 milyon olmur. Kəmərin xərci borcunu ödəmirmiş.
Yapokratları da anlamaq lazımdır. İndi heç Bakı-Ceyhan boyda zırıltı siyasi kəməri doldurmağa neft tapmırlar, bunun yanında Bakı-Novorossiysk nə qələt edir ki? Bütün kəmərlər və yataqlar ziyanla işləyir, bunun üstündə bir ara İlham Əliyev bp şirkətini möhkəm danlamışdı da, hətta az qalmışdı şirkətin qazmaçılarını tutub Kürdəxanı zindanına salsın. Birini tutublar da, adını yazmıram. Eşitdiyimə görə indi zindanı qazıb qaçmağa hazırlaşır.
Sonra deyəsən əlahəzrət Britaniya şahzadəsi Edik gəldi, yalvar-yaxar elədi, bp-ni bağışladıq. Yoxsa bizim suveren dövlətçiliyimizin qəzəbinə tuş gələn hələm-hələm salamat qalmamışdır. Tipik örnək Almaniya. Görün nə günə düşüblər. Şəxsən mənim axırıncı dəfə maşın bazarından “Mercedec” almağım yadıma gəlmir.
Bu baxımdan, həmçinin, o baxımdan, uzun sözün qısası, kim hardan istəyir baxsın – Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını böyük şadyanalıqla qarşılamışıq.
Bundan başqa, möhtərəm cənab prezident İlham Əliyev (təzə qanuna görə dövlət rəhbərinin adını belə yazmayanı tutub 15 sutka verirlər, başını daz qırxıb tumanının şəklini də həsrətli hüquq müdafiəçisi Eytullayevə göndərirlər) Avstriya səfəri zamanı Vyanadakı Dunay parkında Üzeyir Mehdizadənin abidəsini də ziyarət etmişdir. Bu abidə hələ 2006-cı ildə qoyulubdur. Doğrudur, bəzi mənbələrə görə abidə Üzeyir Hacıbəyli adlı bir şəxsin şərəfinə ucaldılıbmış. Ancaq biz belə adam tanımırıq. Üzeyir Hacıbəyli kimdir? Xalqımızın bir Üzeyir adlı sənətkarı var, o da Mehdizadədir.
Vyanada mədəniyyət mərkəzimizin açılışı isə daha sevindiricidir. Biz türklər Osmanlı dövlətinin silah gücünə bacarmadığını mədəniyyət hesabına etdik! Artıq Vyana bizimdir! İndi Vyananın hər bir küçəsindən muğamlarımızın şaqraq zəngulələri, pəhləvanlarımızın cəngulələri, manıslarımızın əngulələri, həmçinin polislərin anqulələri və dangulələri eşidiləcəkdir. Motsart, Bethoven, Şubert, canım sənə desin, papa və gül balası Ştrauslar Azərbaycan mədəniyyətinin Vyanaya axın etməsindən vəcdə gələcəkdir. Ola bilsin təzədən dirildilər və öldülər. Stefan Sveyq və Ziqmund ağa Freyd isə əgər sağ olsaydılar gedib Azərbaycan Mədəniyyət Mərkəzinin binası önündə intihar edərdilər. İndi söz əlaqədar təşkilatlarındır. (Bunu axırda yazacaqdım, necəsə oldu, gəldi dürtüldü bu yerə. Üzrlü sayın, sayın oxucular).
İlk dəfə deyildir. Avropanın başqa tarixi şəhərlərində də indiyə qədər AMM (Azərbaycan Mədəniyyət Mərkəzi) açılması halları olmuşdur. Məsələn, Firəngistanın Paris şəhərində keçən payız birini düzəltdik. Özü də düz Sena çayının qırağında, Eyfel qülləsinə pəncərəsi açılan qəşəng binadır, kvadratmetri təxminən 3 min olmalıdır. Sahə baxımından. Qiymətini deyə bilmərəm, almaq istəyən olsa yazsın, Monmartrda makler tanışlarım var, dəqiqləşdirim. Nə isə, mövzudan uzaqlaşmayaq.
Həmin AMM-də indiyə qədər azı iki möhtəşəm tədbir olmuşdur. Bir dəfə muğam oxuyanlar, bir dəfə də rəssamlarımız çıxış etmişdir. “Le Mond” qəzeti yazır ki, o çıxışlardan sonra daha Parisdə heç kim mahnı oxumur, şəkil çəkmir. Hamı bu sənət növlərindən iyrənibmiş. Ancaq səfirlik deyib ki, muğam oxuyan qaçqındır, ermənilər ona işgəncə veriblər, o üzdən belə yanıqlı oxuyur. Dahi rəssamımız Əliyevanın isə (soyadı təsadüfən belədir) ürək şəkli çəkib ona “Beyin” adı qoymasını isə Van Qoq da izah edə bilməmişdir, ruhuna bir salavat çevirək, ilahi, amin! Ya rəb, sən özün Van Qoqun o dünyasını ver! Əslində Vyana – qədim türk sözü olub “vay, ana!” deməkdir. Gəzə-gəzə gəlib AMM-in qabağına çıxan Motsart belə qışqırıbmış.
İndi söz əlaqədar təşkilatlarındır. Yüz faiz.