Gülər daha sağalar
“Mən də deyirəm, İlham Əliyevin ətrafında elə adamlar var ki, vallah-billah, həmin adamlar o vəzifəni tutmamalıdır. Belə adamlar mütləq aradan getməlidir…”
Bunu hansısa müxalifətçi demir. Siyasi mənsubiyyəti olmayan sıravi vətəndaş da demir. Bunu elə bu hakimiyyətin bünövrəsini qoyanlardan biri, “91-lər”in parlaq nümayəndələrindən olan Əli Əlirzayev deyir. Əlirzayev haqda “parlaq” ifadəsini təsadüfən və ya sözgəlişi işlətmədim. Opponentlərinə münasibətdə söyüşdən istifadə etməyən intellektuallar siyasi baxışlarından asılı olmayaraq rəğbət doğurur. Üstəlik, iqtisadçı-alim olan professor Əlirzayev YAP-ı quran ilk “iyirmilik”də olub.
Bu mənada professor Əlirzayevin dedikləri “qazanın dibindən gəlmə” sözlərdir. Qarşınızda danışan adam hansısa Siyavuş, YAP-a karyera üçün AMİP-dən gələn Əli Əhmədov, yaxud hansısa “müstəqil” ekspert deyil. Əlirzayevin sözü səhih sayıla bilər.
“Elə adamlar…” Bəs hansılar? Əlirzayev məhz bunu açmır. Amma açmalı idi. Ən azı ona görə ki, məsələn, Sirus Təbrizli, Alqış Həsənoğlu kimi professor özü də məhz həmin “elə adamlar”ın ucbatından bu dəqiqə oyundankənar vəziyyətə düşüb. Küskün müsahibələr, gileylər, atmacalar, tikanlı eyhamlar, üstüörtülü sözlər… Belə “bazar” da dostluğu pozan şeydir.
Amma Əlirzayevin o adları açmaması da fəlakət deyil. Çünki cəmiyyət həmin “elə adamlar”ın hamısını bir-bir tanıyır. Biri elə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov. Adam YAP iqtidarına rəsmən minus xallar qazandırmaqla məşğuldur. O, mayın 13-də – 69 yaşını qeyd etdiyi gün yenə də rəsmən “gül vurdu”. Təhqir elədiyi jurnalistlərin gözündə artıq başqa cür görünən Hacıbala müəllim həmin gün ad gününü qeyd edirdi deyə sözünü üç eləyib xətrinə dəymədik. İndi olar.
Öz halal və dost-doğma ad günündən imtina edib mayın 10-nu özünə, özü də hələ heç, bütün xalqa (!) doğum günü təyin eləyən Abutalıbov deyib ki, ən böyük arzusu Bakın dünyanın ən gözəl şəhərinə çevirməkdir. Lap yaxşı, mən də bunu istəyirəm. Hacıbala müəllim dalınca bankanı əlindən yerə salıb, belə deyib: “Həm də onu istəyirəm Azərbaycan xalqı dünyanın ən gözəl, ən təmiz və ən qeyrətli bir xalqına çevrilsin”.
Stop! Necə yəni ən gözəl, ən təmiz və ən qeyrətli? Deməli, belə çıxır ki, Azərbaycan xalqı bu keyfiyyətlərə malik deyil? Hacıbala belə demək cürətini haradan alıb? Kumirindən söz düşəndə, gül bayramından qafiyə açılanda kamera qabağında əzilib-büzülüb qəribə təbəssümlə gülümsəyən bu adam YAP-çıdır. Bəs hanı müxalifətçi bir gəncin saqqız çeynəməsindən, uzun saç saxlamasından cuşa gəlib “vay, mentalitet əldən getdi” deyə dəlisov nərələr çəkən YAP-çılar? Xalqın açıq mətnlə təhqir olunmasına niyə dözürlər?
Belə danışmaqla ciddi siyasi səhv buraxan Abutalıbov bu sözlərinə təcili izah verməlidir. Desin görək, bu sözləri bəlkə aylar çəkən gül bayramı hazırlıqlarının yuxusuzluğundan, yorğunluğundan deyib. Bəlkə həmin gün nəsə yeyib, onun təsirindən belə danışıb. Bəlkə gül bayramına görə bu aralar açıq havada, günün altında, istidə çox gəzib, ona görə belə məntiqsiz-rabitəsiz sözlər danışıb… Bunlar aydınlaşdırılmalıdır. Lazım gəlsə, tibbi ekspertiza da keçirilməlidir.
Təcrübə də göstərir ki, tibbi ekspertizalar xəstə YAP-çıların xeyrinə nəticələri ortaya çıxarır. Budur, deputat mandatı alveri videosuna görə hazırda qazamatda olan sabiq YAP-çı deputat Gülər Əhmədova indi rahatlanar, üzü gülər. Onun ötən ilin dekabrında Türkiyədə müəmmalı şəkildə vəfat edən şəriki Sevinc Babayevanın ölümü ilə bağlı tibbi ekspert rəyi açıqlandı. Türkiyə tərəfi dedi ki, adam öz əcəli ilə ürək tutmasından ölüb, nə qətlə yetirilib, nə də zəhərlənib. Psixologiyasının pozulduğu deyilən, gecələr yuxuda qışqıran (vəkilləri belə deyirdi) Əhmədova indi rahat ola bilər. Sağalar və sevinər. Babayevanın ölümündə onu çox günahlandırırdılar axı.
Tibbi ekspertiza çox vacib məsələdir yəni…