Buynuz çıxaran inkişaf
AzTV düz deyir, bu Qərb ölkələri çürüyüb-çezib gedir. Adamın bu qərblilərin – dikburun avropalıların, yekəqarın amerikalıların bəzi hərəkətlərindən lap zəhləsi gedir. Özlərini elə yekəbaş, elə lovğa aparır, elə çoxbilmiş kimi göstərirlər ki, acığından az qalırsan ağlını itirəsən, bu üzdən gedib lap YAP-a girəsən.
O gün xaricdən gələn bir xəbəri oxuyub həm mat qalır, həm də hirslənirəm. Əcnəbi jurnalistlər bu xəbəri öz qəzetlərinin, TV-lərinin manşetinə, yəni başına çıxardıblar. “Şok xəbər, sensasiyalı hadisə” deyə bir hay-küy salıblar ki, gəl görəsən. Heyrətdən az qalır ağızları da əyilə. Sanasan dekabrın 21-i, yəni dünyanın sonudur (ötən il bizim yas yeri buraxmayan mömin, ağıllı camaatın çoxunun qiyamətə hazırlaşması, qutu-qutu şam, konserv, vermişel alması yadıma düşdü nəsə-F.C.).
Nə isə, həmin xəbərin başlığı belə idi: “Dünyanın ən uzun tortu”.
Bu xəbəri oxuyub hirsimdən güldüm. Əlbəttə, avropalıların, amerikalıların, lap elə afrikalıların və asiyalıların da avamlığına. Zalım uşağı fil qulağında yatıbmış ki… Çünki bu tort söhbəti əslində boş şeydir, daha doğrusu, sensasion yenilik deyil, köhnədir. Dediyim kimi, ola bilər bu cür xəbərlər kimisə – Conu, Monu, Ancelinanı təəccübləndirsin. Amma məni, eləcə də düşünürəm ki, Tükəzbanı, Məmmədəlini qətiyyən təəccübləndirə bilməz. Çünki bizdə belə hadisələr, belə faktlar Amerikadan, Avropadan, Asiya və Afrikadan da qat-qat qabaq olub.
Gəncənin əvvəlki, Sumqayıtın indiki icra başçısı Eldar Əzizov hər il prezidentin ad günündən bir həftə qabaq qollarını çırmayıb, önlüyünü taxıb çömçəsinin götürür və uzun-uzun tortlar bişirir. Tortun uzunluğu da dövlət başçısının yaşına uyğun olur. Keçən il dekabrda prezidentin 51 yaşı tamam olanda Əzizov da 51 metrlik tort bişirmişdi. Buradan hansı tort…, daha dəqiq desək, nəticə çıxır?! Deməli, Nyu-Yorkda 50 metrlik tortun bişirilməsi hadisəsi heç vaxt rekord sayılmaz. O tort “dünyanın ən uzun tortu” adlana bilməz. Ən uzun tort bizim əziz Əzizovun tortudur. Yəni milli tortumuzdur.
İndi gördünmü dünya özünün qərb üzü ilə, şərq üzü ilə necə də ədalətsizdir, oğlum?! Bütün rekordlar, qeyri-adi hadisələr, şok faktlar bizdə, amma bu yaramaz əcnəbilər hamısını qamarlayıb öz adlarına çıxır. İndi gördünmü ki, İTV də “dünya bu ədalətsizliyə, bu haqsızlığa hələ də dözür” deyəndə necə də haqlıdır?!
Yaxşı, ağlaşma bu qədər. İndi bu suala cavab tapmalıyıq: necə edək ki, bu namərd dünya haqqımızı yeməsin, rekordlarımızı oğurlayıb öz adına çıxmasın? Prezident Aparatındakılar qədər dərin savadım yoxdur, amma mənə elə gəlir ki, biz xaricdə təbliğatımızı gücləndirməliyik. Neft gəlirlərinin bir-iki yüz milyonunu da dərhal Xarici İşlər Nazirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə verməliyik. Qoy onlar da lobbiçilik fəaliyyətini gücləndirsin. Əgər yaxşı işləsələr, qərblilər analoqu olmayan ölkəmizdə baş vermiş son analoqsuz hadisəni öz adlarına çıxa bilməzlər. O hadisəni deyim.
Deməli, Bakıda yol çəkilişində daha bir ağlasığmaz “yenilik” olub. Torpağın altındakı ölünün nəinki özünü, hətta rəhmətliyin ağzındakı dişin plombunu da dəqiqliklə görən müdrik Hacıbalamızın tikdiyi “Qış park”ının ətrafında yeni çəkilən və artıq açılışı olan yolun düz ortasında yekə bir əllamə – elektrik lövhəsi (“şit”i) var. Səbəbini heç kim bilmir. Ona görə də hərə ağzına gələni danışır. Biri deyir bu, debillik-dəlilikdir, ikincisi deyir nəsə orijinal layihədir, üçüncüsü deyir yox, gözmuncuğudur, başqası qayıdır ki, elə deyil, nəsə strateji məqsədə xidmət edən tamam başqa şeydir…
Heç biri deyil. Həmin şey buynuzdur. Bəli, yolumuz buynuz çıxarıb. Yol yüksək ağılla çəkiləndə belə şeylər olur. Görüm hansı Qərb ölkəsində belə şey var. Qalın yana-yana…