Famil CƏFƏRLİ
familceferli2@gmail.com
Standart YAP-çı başı
Siftə hamını, illah da avtobus sərnişinlərini Ziya Məmmədovun ailə şirkətinin adının dəyişməsi münasibətilə təbrik edirəm. Ümid edirəm ki, “ZQAN holdinq”in adının dəyişib “Qarant holdinq” olması sürücülərin təhlükəsizliyinə qarant olacaq. Yoxsa nəqliyyat qoçuları qabaqlar “ZQAN” adından nə təhər cuşa gəlirdisə, qan tökməkdən çəkinmirdilər. Qabaqlarına çıxanı basıb döyürdülər.
Ad məsələsi sənə oyuncaq gəlməsin. Mübariz adlı adamın əl-qolunu sallayıb fağır-fağır oturduğunu, mübarizə meydanından qaçdığını görmüsən heç? Mən – yox. Buyur, bu da sənə parlaq nümunə – YAP-çı deputat Mübariz Qurbanlı. Adam müxalifətlə daim, fasilə vermədən, yorulmadan, dayanıb-durmadan cəngi-cidadadır. Müxalifətçilər hətta heç bir iş görməyəndə, məsələn, gecə saat 4-ün yarısında evlərində yatanda da Qurbanlı mübarizlik edib onlarla vuruşur. Adamın işinin adı budur. Ona görə maaş alır.
Bəzən elə olur ki, müxalifətə ümumiyyətlə yerli-dibli dəxli olmayan bir hadisə baş verir. Məsələn, Sabirabad rayon maliyyə idarəsi rəisinin evi yarılır, maskalılar halal maaşla dolanan YAP-çı məmurun (demokratik ölkəmizdə adət var, bütün müdirləri zorla tutub YAP-a soxurlar) mənzilindəki seyfdən iki çamadan qızıl, pul aparırlar. Burada müxalifətlik nə var? Heç nə. Amma bir də görürsən mübarizlər düşürlər ortaya. Başlayırlar müxalifəti qaralamağa ki, müxalifətçilər bu xəbərləri yaymaqla, bu cür hadisələrdən harada gəldi danışmaqla ölkədəki ictimai-siyasi sabitliyi pozmağa, kriminogen vəziyyəti dartıb nəzarətdən çıxarmağa çalışırlar, adi məsələni siyasiləşdirirlər. Bu da guya erməni lobbisinin sifarişi ilə baş verir, ölkəmizin siyasi-iqtisadi qüdrətini sarsıtmağa yönəlib, daha nələr…
Ya da məsələn, Xudatda iki maşın toqquşur. Dövlət Sərhəd Xidmətinin sərxoş olduğu deyilən bir polkovniki yerli sakinin maşınını vurub əzir. Sürücülər maşınlarından düşüb, neftçalalılar demişkən, əlləşirlər. Polkovnik yerli camaatın ünvanına yava sözlər işlədir (icra başçısı Quba, nazir oğlu İsmayıllı camaatını təhqir edən sayaq). Yerli camaat bundan qəzəblənir. Video-kadrlardan da göründüyü kimi, yüzlərlə adam yığılıb zabitin üzr istəməsini tələb edir. Aləm dəyir bir-birinə. DSX şefi, general Elçin Quliyev özünü tələsik Xudata çatdırır. Maşından düşüb furajkasını düzəldir və… Və rayondakı yerli müxalifətçiləri həbs edirlər. Bunlar Xudatda olur…
Bakıda isə Mübariz Qurbanlı xəbəri eşidən kimi tez öz iş otağına qaçıb qavalı götürür əlinə və başlayır: “Radikal müxalifətin əsgər təəssübkeşliyi əslində sabun köpüyündən başqa bir şey deyil. Dağıdıcı müxalifət ölkədə baş verən hər bir hadisəni, insidenti siyasiləşdirməyə, bundan sui-istifadə edərək süni narazılıq yaratmağa, ictimai sabitliyi pozmağa çalışır. Radikal müxalifət İsmayıllıda olduğu kimi Xaçmazda baş vermiş adi insidenti şişirdərək bundan divident qazanmağa cəhd göstərir… Kiçik yol-nəqliyyat hadisəsi zamanı iki şəxs arasında balaca qarşıdurmanı böyüdərək onu hansısa başqa bir formada təqdim etmək istəyirlər…”
Vay canım, cümlələrə bax e… Hər kəlməsindən dürr tökülür. “İki şəxs arasındakı xırda qarşıdurma, kiçik yol qəzası” ha… Ha, ha, ha… Bıy, ay Qurbanlı, bu hadisə çox kiçik idisə, o boyda generalın hövlnak Xudata getməsinin, 76 yaşlı icra başçısının da çaparaq ora yüyürməsinin adı nədir bəs? Yoxsa bu, Xudatda ilk belə qəza idi, ona görə də Daxili Qoşunlardan belə hamı bərk həyəcanlanıb ora axışmışdı? Tutalım iyunun 4-də də Xudatda yenə belə qəza olsa, məsələn, ot daşıyan at arabası ilə “muravey” motosikleti toqquşsa, ora yenə də general, nazir, komitə sədri, deputat-filan ezam edəcəksinizmi?
Ən məzəlisi də odu ki, bunlar xalqın istənilən etirazının günahını eyni standart cümlələrlə, eyni primitiv təfəkkürlə müxalifətin üstünə yıxmağa çalışırlar. Hamısı da eyni sözləri deyir. Bu dayaz söhbətlərinə görə hər dəfə gülməli vəziyyətə düşsələr də bu trafaret təfəkkür tərzindən əl çəkə bilmirlər. Ağıl-kamalınıza Qubada qəzəbli xalq tərəfindən yandırılan məmur villası, İsmayıllıda od vurulan nazir obyekti kəsim…
musavat.com