Bu gün Bakı vaxtı ilə saat 12:45 radələrində Türkiyənin Hatay vilayətinin Rehanlı mahalında partlayış baş verib. ANS PRESS-n Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, bələdiyyə binasının qarşısında içrəsinə bomba yerləşdirilmiş iki avtomobil partladılıb. Nəticədə 4 nəfər ölüb, 18 nəfər yaralanıb.
Partlayışın təsirindən bələdiyyə binası daxil olmaqla yaxınlıqdakı binaların bir neçəsinə zərər dəyib. Bundan təşvişə düşən yerli sakinlər mahalı tərk etməyə başlayıblar.
Partlayışdan sonra bir neçə gənc yoldan ötən suriyalılara hücum ediblər. Polis havaya atəş açmaqla münaqişənin qarşısını alıb.
Səhiyyə naziri Mehmet Mezzinoğlu Rehanlıya təxminən 15 təcili yardım maşını göndərildiyini, əlavə olaraq 2 təcili yardım təyyarəsi və helikopterin də göndəriləcəyini bldirib.
Xatırladaq ki, bu ilin fevral ayının 11-də Hatayda baş verən terror aktında 14 nəfər ölmüş, daha 26 nəfər isə yaralanmışdı. Beləliklə Hatayda törədilən terror aktlarında ölənlərin sayı 18-ə çatıb.