Famil CƏFƏRLİ
Həftəbecər xarici siyasətimiz
Yappilər xarici siyasətimizin balanslı, tarazlı, nə bilim, tərəzili olması ilə boşuna lovğalanmırmış. Təzəlikcə bir daha gördük ki, Siyavuşun çölə gedən sözü yoxdur, həqiqətən də belədir. Bax, yağlı və vitaminli bir nümunə desəm, yappilərin düz söhbət fırlatdığına sən özün də səmimi-qəlbdən inanacaqsan.
Bir nümayəndəmizin elə bu günlərdə Tehranda oturub kişmiş-xurma ilə çay içə-içə İranın xoşuna gələn bəyanatlar verdiyi, Qərbi yıxıb-sürüdüyü anlarda o birisi də Vaşinqtonda qavalı götürüb deyirdi ki, Amerika göyçək oğlandır, İran isə xoxandır.
Balans dediyin zad budur də. Necə deyərlər, özümüzü hər iki tərəflə şirin salıb səfərdən 1:1 hesablı əlverişli nəticə ilə geri döndük. Amma məncə, hesab bizim xeyrimizə 2:1 də ola bilərdi. Bunun üçün bir adamımız, məsələn, elə görkəmli Siyavuşumuz da elə həmin anlarda Moskvada oturub paralel şəkildə həm İranın, həm də Qərbin qabırğasına eninə-uzununa döşəməli idi. Qətiyyən çətin iş deyildi. Siyavuşun əlində lap su içmək kimi asan idi.
Söz yox, bəziləri buna ehtiyac görmür. Deyirlər Rusiya ilə onsuz da yağ-bal kimiyik. Məsələn, Rüstəm İbrahimbəyov deyir Rusiyanın görkəmli siyasət texnoloqları bu dəqiqə oturub Bakıda yappilərin iqtidarına kömək edir. Yappilər də yalandan deyirlər ki, guya Rusiyadan narazıdırlar. Rüstəm bəy deyir, belə deyil, Kremllə araları çox sazdır. Yappilər hər iki-üç aydan bir Moskvaya gedir, çamadanlarla pul aparıb orada lazımi oğlanlara paylayırlar ki, bizimlə işiniz olmasın. Rüstəm bəy deyir ruslar da YAP-çılardan belə şeylərə görə çox razıdır, bunların hakimiyyətdə qalmasını ürəkdən arzulayırlar və s.
Deməyim odur ki, bizim xarici siyasətimiz lap əladır və dübbədüz yürüdülür. Heç bir problem yoxdur. Xırda-para problem çıxandan da pul-paradan basıb aradan qaldırırıq. Problem də olanda əsasən Avropa tərəflərdən baş qaldırır. Son illər Avropada ən yekə problemimiz almanlar və ispanlarla bağlıdır. Bunun da üstündə bu dəqiqə intensiv iş gedir. AzTV ilə “Səs” qəzeti kimi intellektual qüvvələr birləşib almanların işini bitirmək üzrədir. Arif Alışanov düz deyir, Almaniya doğrudan da bədbəxt, zavallı, geridə qalmış ölkə imiş. Bir də görürsən lift xarab olur, ya da itlər sahiblərinin əlindən qaçıb çəmənliyə o söz edir. Tam iflasdır. Baxarsan, Angela Merkel bir-iki günə gəlib Əli Əhmədovun əlini öpməsə, Mübariz Qurbanlıya “qələt eləmişik” deməsə, ta mənim siyasətdən qandığım heç zad yoxdur.
Rövnəq ağa isə sağ olsun. Heç bir intellekt işlətmədən, özünü çətinə salmadan ispanların ağzını birdəfəlik yumub. O gün Madridin “Atletiko” klubunu Bakıya gətirib bəh-bəhlə qonaq elədik. Keçən il bu komandaya verdiyimiz 16 milyon avronun üstünə bu il də 20 milyon qoyub verdik ki, bizi Avropada biabır eləməsinlər, dost olaq. İspanlar bizdən razı qalsınlar deyə “Atletiko”ya öz yerimizdə üstəlik hələ 0:3 uduzduq da. Təki onlar razı getsin. Bu da siyasətdir da bə…
Rövnəq ağa bu cür müdrik, ağıllı və pullu siyasəti 2008-dən bəri böyük inamla və qətiyyətlə yürüdür. Özü də nə məsələdirsə, onunku yalnız ispanlarla tutur. 3-4 il qabaq İspaniya yığması Argentinaya futbol oynamağa gedirdi. Rövnəq ağanın bir xahişi ilə təyyarəni Binəyə endirdilər. O dəqiqə cibimizdən çıxarıb 5 milyon avro verdik ki, qadan alım, Azərbaycan yığması ilə Bakıda elə-belə oyun oynayın, adımız xarici qəzetlərə düşsün. Oynadıq da. İspanlar da sağ olsun, qədirbilən camaat imişlər, 5 milyonun qabağında qapımıza 5 cavabsız qol vurub getdilər. Qanacaqlı, obyektiv və ədalətli imişlər ki, 6 top vurmadılar. Axı 5 milyon vermişdik. Siyasətdə, illah da xarici siyasətdə haqq-hesab düz olmalıdır.
Necə ki çobansalatının içində pomidor, xiyar, şirin bibər, acı bibər, baş soğan, göyərtilərdən keşniş, şüyüd, nanə, yarpız, reyhan, kahı, azca zeytun yağı olanda ona normal salat deyirlər, diplomatiya da elə. Xarici siyasətin içində də hər şey, hamı ilə həm dostluq, müttəfiqlik, həm də paralel olaraq rəqiblik və düşmənçilik olmalıdır ki, o, universal və zəngin olsun, salata oxşasın, cana xeyri dəysin. Yoxsa təkcə bir ləyən pomidoru doğrayıb bir qaba yığmağın harası balanslı salat olar?! Həftəbecər olmayan siyasət dadsız və vitaminsizdir…