“Azərbaycan və İran arasında səmimi dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi xalqlarımızın ali mənafeyinə xidmət edir. İki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişafı bütövlükdə region üçün olduqca böyük əhəmiyyət kəsb edir”. ANS PRESS-in məlumatına görə, bunu Ramiz Mehdiyevin İran səfəini şərh edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

“Bu gün dünyada vəziyyət gərgindir, bəzi məsələlər narahatlıq doğurur. İran İslam Respublikası isə beynəlxalq aləmdə bəzi problemlərlə üzləşməklə bərabər, eyni zamanda, prezident seçkiləri kimi mühüm bir hadisə ərəfəsindədir. Seçki ərəfəsində bütün ölkələrdə proseslər intensivləşir. İranda da proseslərin sürətlənməsi təbiidir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfəri belə bir şəraitdə və zamanda baş tutdu”, – Məmmədov əlavə edib.

Novruz Məmmədov İran mətbuatənda səfərlə bağlı yayılan xəbərlərə də münasibət bildirib. “Təəssüf ki, İran mətbuatında müzakirə predmeti olmayan bəzi mövzularla bağlı məlumatlar verilir. Belə addımların nə səbəbdən atıldığı sual doğurur. Məsələ bundadır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İran mətbuatına heç bir müsahibə verməyib. Buna görə də belə məlumatların İran mətbuatına ötürülməsi sual yaradır. Axı görüşlərdə müzakirə mövzusu ikitərəfli münasibətlər olub.

Səfərin əsas məqsədi ölkələrimiz arasında qonşuluq, dostluq və sıx əməkdaşlıq münasibətlərinin vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparmaqdan ibarət idi. Mən də nümayəndə heyətinin tərkibində idim. Bütün görüşlərdə iştirak etmişəm. Gəldiyim qənaət bundan ibarətdir ki, bu görüşlər səmimilik və qarşılıqlı anlaşma şəraitində keçdi. Görüşlər və aparılan danışıqlardan yalnız bir nəticə çıxarmaq olar. Yəni hər iki ölkənin rəhbər qurumları ikitərəfli qonşuluq, dostluq və əməkdaşlıq əlaqələrini bundan sonra da davam və inkişaf etdirmək üçün səy göstərməyin məqsədəuyğun olduğunu bir daha təsdiqlədilər”.