Famil CƏFƏRLİ
familceferli2@gmail.com
Ziya Məmmədovun siyasi planı
YAP bu 20 ildə ölkəni təxminən belə bir duruma gətirib çıxarıb: hamı bir hovuzun içindədir, hamı şappaşapla üzür, amma hovuzda su… yoxdur. Ana yurdumuzda eyzən dəlixanadakı hovuz lətifəsinə bənzər bir vəziyyət yəni.
Dəlixana dedim, yadıma nəqliyyat sektoru düşdü. Hamınız bu dəlixananı hər gün görürsünüz, necə deyərlər, gündə 5-6 dəfə onun içindən keçib gedirsiniz. Ona görə də başınızı çox ağrıtmayım. Yoxsa gərək dava-dərman üçün bizim rəhmətlik səhiyyə sisteminin cəsədinin üstündən atılıb İrana gedəsiniz.
Nə isə, bizim bu qoçubala Nəqliyyat Nazirliyi şəhərdaxili və şəhərlərarası avtobuslarda gediş haqlarını artırmağa kərəzlənir. Nəqliyyat naziri Ziya Məmmədov özü şəxsən and içib ki, qırxdı, biri əskik deyil, kasıb camaatın cibində olub-qalan axırıncı qəpikləri də dartıb oradan çıxarmalıyam, bunun üçün Tarif Şurasına gizlicə müraciət də eləmişəm.
İndi kasıb camaat da qalıb məəttəl ki, bizim 10-20 qəpikliklər WikiLeaks-in yazdığına görə, halal yolla yığılmış 10-12 milyard dollar sərvəti olan Ziya bəyin nəyinə lazımdır. Xalq dayanacaqlarda avtobus gözləyə-gözləyə bu suala cavab axtaranda fikirlər haçalanır, bəzən lap elə marşrut avtobusları sayaq toqquşur.
Birinci kasıb piyada vətəndaşımız acığından qeyri-ciddi söhbət eləyir. Deyir Ziya bəy bizim 10 və 20 qəpiklikləri üst-üstə yığıb ondan nəhəng ayı heykəli qayıracaq…
İkinci kasıb piyada vətəndaşımız deyir yox, əsla belə deyil. Ziya bəyin o qədər pulu var ki, prezident 12 fevral müşavirəsində deyən fason olub, yəni harınlayıb. Buna görə də özünü atlı bilir, xalqı piyada, ona üstdən aşağı baxır. Məzələnməyə, ələ salmağa özü yoluq, çəkməsi cırıq piyada camaat axtarır. Tarif Şurasına “dayanma, bahalaşdır” deyə müraciət etməklə xalqı dolayır. Deyir qoy kasıb camaat “ay, bahalıq, vay, öldük” deyib zarısın, biz də baxıb ləzzət alaq. Tarix belə sadizm nümunələri ilə doludur. Səddamın da, Qəzzafinin də öz kasıb vətəndaşlarının işgəncəsinə baxıb bundan həzz almaq, əylənmək kimi xəstəliyi olub…
Üçüncü kasıb piyada vətəndaşımız deyir yox, ikiniz də səhvsiniz. Ziya bəy burada atamanlıq yox, sırf atalıq hissi ilə hərəkət edir. Çünki nazir özü də deyib ki, bahalaşmanı avtobus sərnişindaşıması ilə məşğul olan sahibkarlar tələb edir. Üçüncü kasıb piyada vətəndaşımız üstündən də gülə-gülə qayıdır ki, bu sahə nazirin oğlunun, qardaşlarının və qardaşı balalarının əlindədir. Qiymətləri də öz tayfasının cibini doldurmaq üçün artırır…
Dördüncü kasıb piyada vətəndaşımız deyir yox, heç biriniz düz demirsiniz. Ziya bəy bu addımı ilə nə iqtisadi, nə də sosial məqsəd güdmür. Sırf hüquqi məqsəd güdür. İstəyir ki, ölkədə qanunçuluq olsun. Nəqliyyat qoçuları özlərini qızmış dana kimi aparıb gündəlik çörəkpuluna işləyən zavallı sürücülərə buynuz, şillə, təpik, yumruq, kəllə atmasın.
Bu fikirlərini inkişaf etdirən dördüncü kasıb piyada vətəndaşımızın gümanına görə, Ziya bəy avtobusda gediş haqlarını ona görə artırır ki, əlinə babat pul gəlsin. O da bu pulla özünə detektiv-xəfiyyə ordusu yaradıb aprelin 27-də “Azadlıq” qəzetinin əməkdaşları Xaliq Qarayevlə Seymur Həziyə hücum edən vəhşiləşmiş nəqliyyat qoçularını axtarıb tapdırsın. Bu qoçuları tapan, gördüm deyən yoxdur axı. Guya ha… “Turan” agentliyi o gün bu qoçuları tapmaq üçün Nəqliyyat Nazirliyindən, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən, nazirliyin “qaynar xətt”indən, Bakı Sərnişin Nəqliyyatı Xidmətindən belə hamını vurub bir-birinə. Axırda Ziya bəyin idarəsindən belə əks-səda gəlib ki, məsələ bizlik deyil, Su İdmanı Federasiyasına, ya da Əncir Bağları Nazirliyinə müraciət edin. Dəlinin buynuzu olmursa, dəlixananın heç olmur…
Beşinci kasıb piyada vətəndaşımız deyir yox, heç siz deyən də deyil. Ziya bəy bununla siyasi məqsəd güdür. Güdə-güdə də görünür, ya özü harasa işləyir, ya da sırf özünə işləyir, özü prezident olmaq istəyir. Beşinci kasıb piyada vətəndaşın arqumenti belədir ki, seçki ilində kasıb elektoratı, yəni sosial bazanı narazı salmağın ən qısa və ucuz yolu qəfil bahalaşmaya getməkdir. Ziya bəy buna gedirsə, deməli, burada iqtisadi yox, daha çox siyasi məqsədi var. Beşinci kasıb piyada vətəndaş fikirlərini bir az da inkişaf etdirib deyir ki, öz biznesinin sorağı Dağıstandan, dostu “AST Telman”ın səsi “Milyarderlər ittifaqı”ndan gələn Ziya bəy ola bilsin ki, bununla məkrli siyasi məqsəd güdüb seçkini pozmaq istəyir, yəni adam birbaşa Rusiyaya işləyir…
Vay dədə, adam belə dəhşətli ehtimalları eşidəndə qorxusundan çıxarıb Məmmədova 20 qəpik nəzir vermək istəyir. Cibimdə ikisi var. Baş-gözümün sədəqəsi…
musavat.com