Aprelin 22-də günün birinci yarısında Təhsil Nazirliyində geniş iclas keçirilib. Nazirlikdəki mənbənin “Yeni Müsavat”a verdiyi məlumata görə, iclas zamanı yeni təhsil naziri Mikayıl Cabbarov nazirliyin kollektivinə təqdim olunub.
Yeni nazirin təqdimatını isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev edib. R.Mehdiyev nazirin təqdimatı zamanı çox kəskin çıxış edib. O, çıxışında əsasən ali məktəblərin Boloniya sisteminə keçidinin bərbad vəziyyətdə olmasını qabardıb. Həmçinin orta məktəb şagirdlərinin dərslərdən yayınmasını kəskin tənqid edib. Mənbəmiz bildirib ki, R.Mehdiyev bu vəziyyətin biabırçı həddə qədər inkişaf etdiyini vurğulayıb. Onun çıxışında vurğulanıb ki, şagirdlər repetitor yanına hazırlığa getdiyinə görə orta məktəblərdə dərslər əksər hallarda boş keçir. Həmçinin R.Mehdiyev məktəb direktorlarının, rayon təhsil şöbələrinin daha çox icra hakimiyyətlərindən asılı olmasını da tənqid edib. O bildirib ki, məktəb direktorları Təhsil Nazirliyindən daha çox rayon icra hakimiyyətlərindən asılı vəziyyətdədirlər və bu vəziyyəti dəyişmək lazımdır. O cümlədən R.Mehdiyev çıxışında plagiat elmi əsərlərə də toxunub və tənqid edib. Hətta üstüörtülü şəkildə nazir müavinlərindən birinin elmi işinin plagiat olduğunu da deyib. R.Mehdiyev yeni nazirə və nazirlik kollektivinə müəyyən tövsiyə və tapşırıqlarını da verib. Təqdimatda isə sabiq təhsil naziri Misir Mərdanov iştirak etməyib. Qeyd edək ki, aprelin 19-da dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov təhsil naziri təyin edilib.
musavat.com