“Mən heç vaxt Sverdlovskda konsert verməmişəm”
Fəaliyyəti dayandırılmış ABU – nun sabiq rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanması faktına görə ictimai marağı özünə cəlb etməkdə davam edir və qiyamçı professor yaydığı növbəti müraciətdə yenə də Mətanət İsgəndərlini cinayətkar bandanın bir üzvü kimi təqdim edib. Onun iddiasına görə adam oğurluğuyla məşğul olan mütəşəkkil cinayətkar banda bir dəfə qardaşı Mahiri oğurlamaq üçün Rusiya federasiyasının Sverdlovsk vilayətini seçibmişlər və bunun üçün Mətanət İsgəndərli də həmin vilayətdə konsert vermək adıyla Mahiri ora dəvət edir. Ancaq nədənsə həmin vaxt Mahiri oğurlamaq planı baş tutmur…
Moderator.az saytına açıqlamasında Mətanət İsgəndərli bildirdi ki, o heç vaxt Sverdlovskda konsert verməyib və Elşad Abdullayevin onun barəsində söylədiyi ittihamları qətiyyətlə rədd edir, bunu onun növbəti uydurması və dezinformasiyası hesab edir: “Mən heç vaxt Sverdlovskda konsert verməmişəm və Elşad Abdullayevin bu yersiz ittihamlarını rədd edirəm. Millətimə, onun sağlam düşüncəli nümayəndələrinə, həqiqi jurnalistikada çalışanlara da bildirmək istəyirəm ki, onun bu uydurmalarına inanmasınlar”.