Seçkiyə 178 gün qaldığı bir vaxtda…
Məlumatlara görə, üç ölkə ilə bu istiqamətdə ciddi danışıqlar gedir; kadr dəyişikliyi “daxili müxalifəti” zərərsizləşdirməyə hesablanıb…
Azərbaycanda keçiriləcək prezident seçkisinə bu gündən hesablasaq, 178 gün qalır. Zaman anlamında Azərbaycan addım-addım kritik nöqtəyə yaxınlaşır. Yaranmış vəziyyətin, məsələn, indidən qələbəni təmin etmiş kimi görünməyə çalışan YAP icra katibindən fərqli olaraq, ciddi dairədə (dairələrdə yox) və çox məhdud tərkibdə müzakirəyə çevrildiyi, anadolular demiş, “masaya yatırılması” barədə məlumatlar var.
Üstəlik, həmin Masadakı kontingent o qədər məhdud, tərkibi isə o qədər məxfidir ki, üzdə olan hakimiyyət sözçülərini hər cür arxayın (həm də vəziyyətdən tam məlumatsız) açıqlamalarına görə qınamaq da olmaz. Çünki 2003-2008-ci illərdə hakimiyyətlə bağlı mühüm qərarlar bir neçə dairələrdə, kimlərinsə bağında müzakirə edildikdən sonra əsas masaya çıxarılırdısa, indi bir çox nazirlər belə nə baş verdiyindən yumşaq desək, tam məlumatlı deyillər. Artıq sabiq hesab olunan təhsil naziri Misir Mərdanovun sərəncamı verilməmişdən bir gün əvvəl Sumqayıtdakı görüşünə hazırlaşması dediklərimizə tutarlı sübutdur. Lap son anda, deyilənə görə, müsabiqədə iştirak barədə ərizəsi hazır olan İctimai Televiziyanın sabiq sədri İsmayıl Ömərovun “könüllü imtinası” da böyük ehtimalla, həmin Masada verilmiş qərardır. Bu, həm də o deməkdir ki, 2003-dən üzü bəri regional klançılığın zəiflədilməsi prosesi baş tutub və Masanın regional tərkibində daha onlara əvvəlki tək isti yer yoxdur. Bu, həm Misir Mərdanovun təmsil etdiyi Qərbi Azərbaycan, həm də Ömərovun əsas fiqurlarında biri olan Gürcüstan doğumlulara aiddir. Ölkədə regional klançılıq prosesinin son mərhələsi olduğunu anlamaq üçün məhz bu son iki təyinata verilən reaksiyanı xatırlamaq kifayətdir. Əvvəllər “haralıdır” sualını indi “kimin kadrıdır” sualı əvəzləyib. Belə mühüm postları isə indi iki soyad müəyyən edir. Əliyev(lər) və Paşayevlər… Masanın üçüncü və son tərəfi qərarlara əhəmiyyətli təsirini saxlayan “yavru vətən”in- Naxçıvanın dəyişməz lideri Mehdiyevdir. Bu isimlərlə haqqında söz açdığımız Masa qapanır. Hər gün televiziyada gördüyümüz digər məmur isimləri isə onlara bağlı olanlardır…
Ciddi təhlilçilərin ehtimalına görə, bu qəfil dəyişikliklər… Yeni Komanda formalaşdırılmasının ilk nişanələridir. Yeni Komanda adətən seçkidən sonra formalaşdırıldığından, bu təhlil əsl sensasiya sayıla bilər. Kadr dəyişikliyinin hakimiyyətin seçkidə istifadə etdiyi güclü silahdan TT-dən ( təhsil və televiziya sahəsindən) başlanması, doğurdan da diqqətçəkəndir. Axı, Misir Mərdanov da, İsmayıl Ömərov da nə qədər tənqid hədəfi olsalar da, hakimiyyətə can-başla xidmət edirdilər və onlardan seçkini keçirənədək üzülüşməmək də olardı. Minlərlə müəllimin cəlb olunduğu və birbaşa iştirak etdiyi seçki saxtakarlığını Mərdanovun rəhbərliyi ilə də yola vermək olardı, adı “ictimai” olsa da, hakimiyyətin ruporuna çevrilən Ömərovun İTV-si ilə də. Bəs, nə baş verdi ki, (və ya nə baş verir) bu kadr dəyişikliyi oldu və hər iki posta hakimiyyətdəki ikinci məşhur soyadın ən yaxın kadrları gətirildi? Əminik ki, bunu heç eks nazir Mərdanovla, keçmiş sədr Ömərov da tam təfsilatı ilə bilmir…
Amma proses başlayıb və daha bir neçə ciddi kadr dəyişikliyinin olacağı da deyilir, onların sırasında hakimiyyətdə kök atmış bəzi nazirlərin adı da çəkilir. Əgər deyilənlər təsdiqlənsə, məsələn, yaxın vaxtlarda nəqliyyat naziri Ziya Məmmədov başda olmaqla, bir neçə məmur-oliqarx da əvəzlənsə, Yeni Komanda ilə bağlı irəli sürülən iddialar tam yaşamaq haqqı qazanacaq. Çünki onda bu proses birmənalı olaraq hakimiyyət daxilində Paşayevlərə müqavimət göstərənlərin zərərsizləşdirilməsi kimi yorumlanacaq. O zaman həmin Masadakı mühüm qərarların da sirri açılacaq. Zatən bunu seçkiyə qalan zaman da, seçki qanunu da tələb edir…
İndilikdə yalnız təhlilçilərin subyektiv rəylərinə və hakimiyyətə yaxın mənbələrdən çox xəsisliklə verilən məlumatlara əsaslanaraq onu demək olar ki, iqtidar “x” məqamında namizədini dəyişməyə hazırlıq görür. Bu istiqamətdə sensasion sayıla biləcək məlumatlardan biri də budur ki, son günlər beynəlxalq güclərlə, xüsusilə ABŞ, Fransa və İsraillə bu istiqamətdə intensiv məsləhətləşmələr gedir. Aydındır ki, üçüncü prezidentlik müddəti ilə bağlı Qərbin tərəddüdlü mövqeyi (“qırmız xətt”) prezident İlham Əliyevi bütün mümkün variantları nəzərdən keçirməyə vadar edir. Dövlət başçısı onu da yaxşı bilir ki, bu seçkilərdə qələbəni təmin etmək nə qədər çətin olsa da, mümkünsüz də deyil. Amma seçkidən sonra Azərbaycana və hakimiyyətə artacaq təzyiqlərin qarşısında duruş gətirmək təsəvvürəgəlməz dərəcədə çətin olardı.
Demək, Masada təkcə hakimiyyətin deyil, Azərbaycanın və xalqın taleyi də var…
musavat.com