Nurşən Quliyev
Türkiyə ilə İsrail barışdı, bəs Qarabağ?
İsrailin “Mavi Mərmərə”də törətdiyi cinayətdən 3 il sonra Türkiyədən üzr istəməsini hərə bir cür qarşıladı. Məni düşündürən şey isə başqadır.
Hamıya məlum oldu ki, ABŞ prezidenti Barak Obama İsraildə olanda baş tutdu bu üzrxahlıq. Deyirlər, Barak Obama İsraildən Ərdoğana zəng eləyib, bir xeyli söhbətdən sonra telefonu verib baş nazir Netanyahuya, təbii ki, dəstəyi ötürəndə ona göz-qaz da eləyib ki, “bax, dediyim kimi ha…”
Sonra Ərdoğanla Netanyahu arasında yarım saatlıq söhbət olub, Netanyahu baş verənlərə görə rəsmi şəkildə üzr istəyib, günahsız yerə öldürdükləri 9 nəfərin ailə üzvlərinə təzminat ödəməyə hazır olduqlarını da bildirib.
Bu hadisə ABŞ-ın dünyada əsas söz sahibi olmasının növbəti sübutu olmaqla yanaşı, həm də Qarabağ məsələsinin bizim Barak əminin heç yerinə olmadığının göstəricisidir.
İsraillə Türkiyə arasındakı gərginliklə Dağlıq Qarabağ münaqişəsi arasında birbaşa paralellər aparmaq mümkün olmasa da, ABŞ-ın marağında olduğu məsələləri istəyəndə həll etdiyini növbəti dəfə gördük. Əslində, mənim də göstərmək istədiyim odur ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını İSTƏMİR, ya da bu məsələ Vaşinqton üçün o qədər də ÖNƏMLİ deyil.
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik etməli olan ATƏT-in Turist Qrupunun üzvləri Fransa və Rusiyanın Ermənistana, ermənilərə, Azərbaycan torpaqlarının işğalına münasibəti məlumdu. Odur ki, bizim yeganə umacaq yerimiz qrupun üçüncü üzvü Amerikadır. Amerikasa özünü o yerə qoymur, sanki belə bir məsələ yoxmuş kimi davranır. Hətta yeni dövlət katibi gələndən Amerikadan qrupa daimi həmsədr də təyin edilməyib.
Rusiya Cənubi Qafqazda, Ermənistanda getdikcə güclənir, Gürcüstan və Azərbaycan ətrafında həlqə getdikcə daralır, Vaşinqtonun vecinə deyil, ABŞ bunu görməzdən gəlir.
Kimin nə deməsindən, hansı səbəb gətirməsindən asılı olmayaraq, Azərbaycanın Qəbələ RLS-i Rusiyaya icarə verməkdən imtinasından böyük nə jest ola bilərdi Vaşinqtona? Əfqanıstandakı NATO və ABŞ qüvvələri üçün yüklər Azərbaycan ərazisindən daşınır, Azərbaycan ABŞ-ın maraqları naminə İrana qarşı dayanıb, Rusiya ilə “soyuq savaş” həddinə gəlib, daha nə etməlidir ki, ABŞ Azərbaycana, Dağlıq Qarabağ münaqişəsinin həllinə daha ciddi və ədalətli yanaşsın?
2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsindən sonra ABŞ-ın etibarsız tərəfdaş olması barədə formalaşmağa başlayan fikirlər getdikcə möhkəmlənir. Azərbaycanın, azərbaycanlıların da amerikalılara, ABŞ-a, Vaşinqtona, Ağ Evə olan inamı gündən-günə zəifləyir.
İsraili Türkiyədən üzr istətməklə 3 illik böhrana bir andaca son qoyan ABŞ Ermənistana da bunu etdirə bilməzmi? Bilməzsə, onda hansı qüdrətli Amerikadan danışırıq? Bilərsə, eləmirsə, onda özü istəmir.
Cənab Obama, bunun hansını etiraf etməyə gücünüz var? Ermənistana gücünüzün çatmadığınımı, Qarabağ məsələsinin həllini istəmədiyinizimi?
Lent.az