İlhamiyyə Rza
AĞ-QARA DÜNYA
Dünən(13 martda) hava o qədər isti idi ki, ətrafımdakı iş yoldaşlarım işdən çıxan kimi hücum çəkdilər mağazalara özlərinə yaz geyimləri almağa. Elə mən özüm də, uzunboğaz çəkməmə baxıb, dərindən nəfəs aldım ki, sabah onu çıxardıb ataçam və biryolluq keçəcəm yay sandaletkalarına. Beləcə, təzə ayaqqabı almaq ehtiyacı qalmayacaq. Elə bu fikirlərlə metroya mindim. Burda yayın(yazın yox haa) gəlişi özünü lap aydın göstərirdi. Metronun havasızlığı , üstəgəl bayırdakı istidən gödəkçə, paltolarını soyunub qoltuğuna vurmuş insanlar yay mənzərəsi yaradırdılar. Beləcə 7 dayanacaq keçib öz stansiyamda çıxanda, qəfildən sanki yenə də qış fəslinə düşdüm . Bayaqdan bürmələyib çantama soxduğum şərfi çıxartmağa çalışsam da, külək və şaxta məni elə təntitdi ki, hər şeyi unudub cəld evə tərəf qaçdım.
Məşhur “Blilliant əl” filmində deyildiyi kimi, Bakı “kontrastlar şəhəridir”. Həm də təkcə iqlim, hava məsələlərində yox.
Burda, təmizliklə çirkab, zənginliklə səfalət, müasirliklə köhnəlik, şərqlə qərb daim qonşudurlar. Amma adi qonşu deyillər haa, “bədnam” qonşuluqdadırlar. Aralarında keçilməz sərhədlər olsa da , “atəşkəsin pozulması”, “ölüm” halları da baş verməkdədir.
Bu qonşuluqlardan biri haqqında ayrıca yazmaq istərdim. Bu, iqtidar müxalifət qonşuluğudur. Bu da “bədnam” qonşuqdır. Daim bir birlərinə qarşı soyuq, son zamanlarsa, lap soyuq, qaydasız müharibələr aparmaqdadırlar.
Siyasi qütblərin, ümumiyyətlə qütblərin olması yaxşı şeydir deyirlər, inkarı inkar olmasa, dialektika, inkishaf da olmaz. Amma bu inkar prosesinin də bir qaydaları olmamış deyil. Qaydalar müəyyən edilməyib zatən. Kimi kimin harasından gəldi vurur(bir qyda olaraq qurşaqdan aşağı). Vurha vurdur.
Vallah bir başqa xalq bu qütbləşməyə müxtəliflik adı verib bundan xal qazanardı. Biz isə bu cür müxtəliflik və təzadlardan dolayı xal itirməkdəyik.
Uzun illərdir, təxminən 5-6 il olar yerli telekanalları izləmirəm. Çünki bütün dünya rəngli təsvirə keçsə də, bizim kanallar hələ də “ağ qara” rejimdən imtina etməyiblər. Bir tanışım var, başqa ölkədə yaşayır. O, Bakıya gələndə bizim kanalları gəzişdikdən sonra maraqlı bir söz demşdi: “Sanki əsəb dispanserində sinirləri pozulmuş adamlara sakitləşdirici proqram yayımlayırlar” Amma bu, çoxdan olmuşdu. O tanışım hələ, ailə məişət münaqişələrinə həsr olunmuş saçyoldu verilişlərini görməmişdi. Görsəydi belə, düşünmürəm kİ, fikrini dəyişərdi. Çünki əsəb dispanserlərində pasientlər də elə təzadlı olurlar. Eləsi var çox sakit, mağmun, eləsi də var ki, cosqun… Yəni hər iki qütb üçün uyğun olan proqramlar kefiniz istəyən qədərdir. Bu mənada tvlərdə “balansa” ciddi əməl olunur.
Fb kimi bir seçim olmasaydı , bəlkə də yerli TV lərdən imtina etmək elə də asan olmayacaqdı. Nə yaxşı ki, var. Amma son zamanlar burda da elə qaradan başqa rəng görmək mümkün deyil. Əlbəttə deyəcəksiniz ki, reallığımızda qara rənglərin çox olmasındandır. Bəlkə də razılaşardım sizinlə. Amma bir halda ki, FB “qaradan başqa rəng yoxdur” qərarını verdi, ağzın nədir başqa rəngin adını tutasan. Quru yuyub yaş sərərlər səni, AZTV nin “müstəntiq” verilişləri yalan olar. Elə Aqşin Yeniseyin çoxlugun fikrindən fərqli bir mülahizə söyləməs bəs idi ki, adamı kumirlikdən qaldırıb yerə çırpdılar. Ümumiyyətlə, şəxsiyyətə pərəstişə guya nifrət edən bu toplum, özü bir xeyli idollar və kumirlər yaradıb. Mən demirəm ki, onların idol etdikləri insanlar adi insanlardır. Yox, əslində seçiləndirlər. Amma onları sanki ona görə idollaşdırırlar ki, sonra istədikləri zaman yerə çırpıb param parça eləsinlər. Diş-dırnaqla müdafiə edəcəkləri yeganə qisim isə öz sıradaşlarıdır. Onlar çıxıb bir andaca (təzyiq altında təbii) ekranlardan ideallarını inkar edəndə belə onların arxasında dayana bilirlər, heç bir vəchlə tərəflərini vermirlər.
… Belə belə işlər. Dünya bölünüb “bizimkilərə və nemeslərə”.
Odur ki, iki qütb arasında qalmışıq. Ağ görmək istəyəndə yerli tvlərə, qara görmək istəyəndə FB-a baş vururuq . Ağa baxanda görürsən ki, ağ ediblər, qaraya baxanda , qara bağlayıb gəzməyin gəlir.
Şikayət etmirəm. Bəlkə də belə yaxşıdır. Çünki məhz bu səbələrdən son zamanlar fərqli rənglər axtarmaq ehtiyacı yaranıb məndə. Məslən, bu yazını yazanda qırmızı sviter var əynimdə. Bu fkirləri düşünəndə(dünən) isə sarı vodolazkada idim. Ümid edirəm ki, geyimin az da olsa təsiri olacaq. Bəlkə siz də sınayasınız, hə?