
Zamin HACI
zaminhaci@gmail.com
“Çörək olarsa, mahnı da olar”
(Brejnev, Leonid Ənvəroviç)
Amerikanın ölkəmizdəki səfiri, “Dan ulduzu” instrumental ansamblının solisti Morninqstar... Qarışdırdıq yenə... Oxucular üzrlü saysın, bu səfirin soyadı dilimizə “dan ulduzu” kimi tərcümə edildiyi üçün mən bunu həmişə səhv salıram. Elə bilirəm Riçard əkə indicə ekrana çıxıb qavalı atacaq qulağının dibinə, “Ey gül, nə əcəb silsileyi-müşki tərin var” oxuyacaqdır.
Nə isə, Morninqstar təzəlikcə müxalifət partiya sədrlərini yığıb görüşmüşdür, demokrasidən-zaddan gap eləyiblər. Hamı bilir ki, belə görüşlərdən Azərbaycana bir barrel neft qədər xeyir gəlməyəcəkdir, ancaq YAP təşvişə düşüb. Əslində onlar da təşvişə düşməyib, özlərini elə aparırlar. Oyun qaydaları var axı. Bədbəxt azərbaycanlı Məmmədhəsən əmi eşitsin ki, YAP Amerika səfirinin müxalifətlə görüşündən nigaran qalıbdır. Sonra Məmmədhəsən evdə arvadı Tükəzbana desin ki, xəbərin olsun, amerikanlar bu dəfə bərk dirəşiblər, payızda YAP aşacaq, biz də balaca oğlumuzu kəsdirəcəyik, kirvəgilə xəbər elə, dəlləyin arvadın da görsən muştuluq istə və sairə.
Halbuki, YAP-ın Amerika səfirliyinə acıqlanması dünyada geopolitik fəlakətlərə səbəb olar, ən doğrusu Mirqafar müəllimin xidmətindən yararlanmaq idi. Səfiri Mirqafar müəllimə tapşırmaq dövlətçiliyə çox uyğun olardı.
Mirqafar müəllim polis nazirliyində mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin - “bandotdel”in rəisidir. Soyadı Seyidovdur - ad-soyadından göründüyü kimi, təmiz, ikiqat seyiddir, ağır cəddi var, mütəşəkkil cinayət törədənlərə yalnız cəddi ilə qənim ola bilir. Mirqafar müəllim həmçinin general-mayordur. Çox incəsənətsevər bir insandır.
Son məsələni millətimizə müğənni Nazpəri Dostəliyeva (“Nə olar, allahım, ayırma bizi”) açmışdır. Sən demə, müğənni İlhamə Quliyevanın (“Yaşın nə fərqi var ki, mənə həyatımsan de”) ondan xoşu gəlmir, bu səbəbdən Dostəliyevanı “bandotdel”ə apartdırmışdır. Mirqafar müəllim İlhamə xanımın sənətinin aşiqidir, onun bir sözünü iki eləmir. Bu saat İlhamə xanım dursun getsin... yox, lap zəng eləsin Mirqafar müəllimə ki, general, sən niyə Qarabağı cinayətkarlardan təmizləmirsən, Seyidov həmin günü Sərkisyanı sürüyüb gətirib milli konservatoriyanın qabağına atmasa mənim musiqidən heç qandığım qrafa yoxdur.
Ümumiyyətlə, sevindirici haldır ki, polis sistemində çoxlu sayda musiqi sevərlər çalışmaqdadır. Məsələn, polkovnik Hacı Məmmədovun olayında az qala bütün “Dan ulduzu”... Nə isə, xeyli sayda manıslar, el sənətkarlarımız, xalq artistləri iştirakçı olmuşdular. Elşad Abdullayevin qardaşının oğurlanması prosesində də müğənni xanımların adı çəkildi, sinəmiz qürurla döyündü. Bu, sənət-polis əlaqələri sayəsində cinayətkarlığın profilaktikasına, kökünün kəsilməsinə müsbət təsir edəcəkdir. Dünyanın hansı ölkəsində polis generalı bir müğənninin şifahi sözüylə adam tutur? Harda sənətə bu cür böyük qiymət var? Əksinə, bəzi ölkələrdə sənətkarları tuturlar.
Dəli şeytan deyir bu, polis nazirinin Qarabağda -musiqi, sənət beşiyində doğulması ilə bağlıdır. Ancaq dəli şeytan rədd olsun, ona qulaq asmayaq. Çünki müğənnilərə, sənətə bu cür hörmət tək polis nazirliyində deyildir. Başqa nazirliklər və dövlət qurumları da musiqili çalışırlar. Fövqəlnazir özü mahnı yazır. Metro rəisi mahnı sözü qayırır. Nəqliyyat naziri “Yollar, a, yollar” mahnısını yazıb. Bir deyil, beş deyil - hamısını yazmağa yer yoxdur. Musiqili bir respublikamız var. O üzdən hamı şəndir, oxuyur, oynayır, dombalaq aşır.
Yazını da elə bu şən əhvali-ruhiyyə ilə bitirir, hamınıza musiqi arzulayıram.