
Famil CƏFƏRLİ
familceferli2@gmail.com
Rövnəq Abdullayevin 640 milyon dollarlıq stadion tikmək planı 7-8 il əvvəl üzə çıxsaydı, xalq bunu qəşəng lətifə bilib doyunca gülərdi. İndi isə 90-140 manat maaş-təqaüdə möhtac qoyulan xalq az qala 1 milyardının da bu oyuncağa xərclənəcəyinə ağlamalıdır. Zavallı xalq, ona çatası pullar göz görəsi basılıb yeyilir, israf və talan edilir.
640 milyonu niyə 1 milyard dedim? Rövnəq ağanın o gün istədiyi muştuluğa görə. Dedi ki, 640 milyon dollar hələ son hədd deyil, bu rəqəm arta da bilər, azala da...
Rövnəq ağa düz demir. Azalma ola bilməz. Artım isə yüz faiz olacaq. İndiyədək neçə belə iri layihəyə girişiblərsə, onun dəyərini ilkin smetanın ən pis halda yarısı qədər də artırıblar. Ziya Məmmədovun yol, körpü, keçid, nəqliyyat layihələrinin hamısında belə olub. Ona görə də Bakı-aeroport yolunun 1 kilometri 34 milyon dollara başa gəldi. Halbuki dünyada ən bahalı yolun kilometri 10 milyona da çatmır... Ona görə də aeroport-Mərdəkan dairəsi-Bilgəh yolunun qiyməti layihə üzrə 70 milyon manat olmalı olduğu halda 180 milyona başa gəldi... Ona görə də 17 milyon manatlıq “Xalqlar dostluğu” körpüsü dövlətin belinə sonda 35 milyona çıxdı...
Belə yeyinti faktlarının sayını YAP üzvlərinin sayı qədər artırmaq olar. Ortada təcrübə və pis vərdişlər var deyə deyirəm ki, stadion xalqın belinə 1 milyarda minəcək. Bu - belə.
Keçək bəzi detallara. Layihənin qiyməti hətta süni şəkildə şişməsə də 640 milyon dolların özü xeyli şübhəlidir. Çünki İstanbuldakı Atatürk Olimpiya stadionunu da Bakı Olimpiya stadionunu tikəcək “Tekfen” şirkəti tikib. Avropada lüks (UEFA standartları ilə beşulduz) kateqoriyalı stadionların ilk “onluğu”na düşən Atatürk Olimpiya stadionunun tutumu 80597 nəfərdir. Onun tikintisi isə cəmi... 140 milyon dollara başa gəlib.
Bakıdakı stadionun tutumu 64 mini daimi, 4 mini müvəqqəti olmaqla (ki, bunun özü də şübhəlidir, çünki dünya stadionlarının heç birində belə girdirmə “müvəqqəti yer” anlayışı yoxdur) cəmi 68 min nəfər, yəni İstanbuldakından 12500 yer az, qiyməti isə İstanbuldakından 500 milyon dollar (!) çox olacaq. Korrupsiya, dövlət vəsaitini oğurlamaq, xalq malını talamaq daha nəyə deyirsən?!
Şübhəsiz, stadion bahalı qurğu sayılır. Bakıdakı stadion qiymət baxımından dünyada birinci deyil. Ondan da iki dəfə bahalıları var. Məsələn, “New Meadowlands” (Nyu-Cersi, ABŞ) stadionu 1,6 milyard, Nyu-Yorkdakı “Yankee” stadionu 1,5, Londondakı “Uembli” stadionu 1,5, Monreal Olimpiya stadionu 1,4, Arlinqtondakı “Cowboys” stadionu isə 1,2 milyard dollara başa gəlib və s.
Amma burada iki vacib məqam var. Əvvəla, bu stadionların hər birinin tamaşaçı tutumu Bakıdakından azı 20-25 min nəfər çoxdur. Məsələn, Nyu-Cersi stadionu 82,5 min, “Uembli” 90 min nəfərlikdir. İkincisi, qiyməti milyardı aşan bu stadionlar təkcə sırf futbol stadionu deyil, çoxprofilli və universal idman qurğularıdır. Məsələn, “Yankee”də 7 idman növü üzrə yarışlar keçirmək mümkündür. Bəs Bakı stadionunda nələr olacaq? Heç nə. Bunlar yenə də soyunub-geyinmə otaqlarını, əlüzyuyan və tualetləri göstərib deyəcəklər ki, burada beynəlxalq standartlara tam uyğun hər cür şərait yaradılıb. Halbuki stadion tamam ayrı şeydir.
Bakı stadionunun şişirdilmiş qiymətə başa gələcəyi daha iki nümunədən görünür. Kiyevdəki Olimpiya stadionu 500 milyon dollara tikilib - bizdəkindən 140 milyon ucuz. Amma 70 min tutumlu və lüksdür. Yaxud Parisdəki məşhur “Stad de Frans” 974 milyon dollara başa gəlib. Bizdəkindən 334 milyon dollar baha. Amma stadion nə stadion! Bütün Avropanın yaraşığıdır. Üstəlik yer sayı da bizdən çoxdur - 80 min. Plyus bütün mötəbər turnirlər orada keçirilir, boş həftəsi yoxdur. Yəni özünü kommersiya baxımından doğruldur. Bəs bizimkilər o xərci necə çıxaracaq? Rövnəq ağa “Stad de Frans”ı 2 milyarddan sent də ucuz tikməzdi.
Nəhayət, başqa vacib detal. Son vaxtlar bahalı stadionları bir qayda olaraq korrupsiyada boğulan neft-qaz ölkələri tikir. Hazırda Rusiyada da “Qazprom” Peterburqun “Zenit” klubuna stadion tikir. Yer sayı bizdəki qədərdir - 67 min, qiyməti isə 1,1 milyard dollar. Korrupsiya göz deşir. Harın Qətər şeyxlərinin “Doha Sports Siti” stadionu isə 2 milyarda başa gələcək. Qətərin heç milli çempionatı da yoxdur! Eyzən bizdəki kimi...
Şübhəniz olmasın ki, Şeyx Rövnəq 640 milyonun ilhamını görməmiş ərəb şeyxlərindən alıb. Bunlar da özlərini şeyx sayır...