
Samir SARI
samir_sari@mail.ru
Bir anlıq təsəvvür edək ki, ruslar Don kazaklarının həyatından “Dəli Don” adlı bədii film çəkiblər və qəşəng təqdimat keçiriblər, biz də oturub o filmə baxırıq. Filmin adı dərhal bizə tanış gəlir. Fikirləşirik. Və tapırıq. “Aaaa, bu ki, bizim ”Dəli Kür" filminin adına oxşayır" - deyə yanımızdakına pıçıldayırıq.
Ancaq burada yapışmağa tutarqa yoxdur. Ad ada oxşaya bilər. Üstəlik, razılaşırıq ki, Don çayının da Kür kimi ildə bir-iki dəfə dəliyə dönməsi halı ola bilər, həmişə sakit olmayacaq ki...
Xüləs, filmə baxmaqda davam edirik. Görürük ki, Vladimir adlı bazburutlu, xarizmatik bir kazak atamanı Donun qırağıyla gəldiyi yerdə görür ki, Anjela adlı bir gəlin donunu çırmalayaraq paltar yuyur. Vladimir atını gəlinin yanında saxlayır, onu süzür və deyir: “Ay gəlin, atan ehsanına, o sudan bir parç ver, ciyərim yanır”. Anjela da su qabını doldurub Vladimirə uzadanda, ataman bayaqdı ha, gəlinin qolundan yapışıb ata qaldırır və qaçırdır...
Biz də baxırıq. Elə bu yerdə hiddətlənirik və deyirik, stop, stop, bu, plagiatdır, filmin yaradıcıları bu epizodu “Dəli Kür”dən oğurlayıblar. Mütləq kimsə yadına salır ki, elə Cahandar ağanın adının ruscada qarşılığı da Vladimirdir. Anjelanın adının Mələyə identik olduğunu yəqinləşdirəndə qəti hökm veririk: “Bəli, ”Dəli Don" “Dəli Kür”dən parlaq bir epizod çırpışdırıb.
İndi bu yerdə kimsə deyə bilər ki, əslində İsmayıl Şıxlının “Dəli Kür” romanı Mixail Şoloxovun “Sakit Don” romanından bəhrələnməklə yazılıb. Ola bilər. Bir var, bəhrələnmək, bir də var - çırpışdırmaq, birəbir yamsılamaq.
Çünki prinsipcə, ataman Vladimirin çay qırağında paltar suya çəkən Anjelaya gözü düşmüşdüsə, öz ülvi niyyətini eynilə Cahandar ağa kimi həyata keçirməyə bilərdi, yaxınlaşardı, bir az söhbət edərdi, öyrənəndə ki, gəlin dul deyil, əri var, “ex, ne sudba” deyib atının belinə qalxar, sürüb gedərdi. Yox, əgər, ataman Vladimir başqasının kəbinli arvadını yoldan çıxaracaq qədər manyakdırsa, onda o, bu işi yenə sırf Cahandar ağa kimi dərhal eləməzdi, bir müddət gəlini bişirərdi. Ancaq filmdə o, Anjelanı atasının goruna and verib su istəyəndən sonra qaçırırsa, demək, plagiatdan başqa adı yoxdur. Adama deyərlər, rəhmətliyin oğlu, gəlinə yaxınlaşmaq üçün başqa söz, bəhanə tapmırsanmı, gərək Cahandar ağanın fəndindən istifadə edəsən.
Bax, iki-üç gündür ətrafında qalmaqal yaranmış “Xoca” filmi Brest şəhərində nümayiş etdirilsə, brestlilər kinoteatrda oturub o filmə tamaşa edərkən, eynilə bizim kimi düşünərlər, deyərlər, druzya, axı, bu, plagiatlıqdır. Məgər düşmən mühasirəsinə düşən adamlar vəziyyətdən çıxış yolu olmadığını görəndə mütləq eyni hərəkətləri etmək zorundadırlarmı? Başqa cür danışmaq mümkün deyilmi?
Düzdür, hazırda dünya kinosunda da bir-birindən hazır epizod çırpışdırılması halları çoxdur. Məsələn, “müsbət qəhrəman”ın saatlı bombanı son anda, 00.00-da partlamağa (çox vaxt lazımi şnuru kəsməklə) qoymayaraq, xeyli adamı, o cümlədən sevgilisini xilas etdiyini göstərən yüzlərlə film var. Bu, davalı filmlərin ən dəbli və zəruri epizodudur, sanki bunsuz olmaz, bu, Hollivud filmlərinin desertidir. Bir də atışmaların hamısı mütləq dağılıb-uçulmuş, sınıq-salxaq zavodda baş verməlidir.
Axtarsan, köhnə və müasir filmlərdə yüzlərlə, hətta minlərlə bənzər epizodlar tapmaq olar və heç kəs buna plagiat demir. Ancaq dünyanın hansı ölkəsində film çəkilirsə və orada bazburutlu kişi bir ərli qadını atının üstünə alıb qaçırırsa, bu, artıq plagiatdır. Hollivudda çəkilən filmdə yaşlı kişi güzgünün qabağında durub papağı başına necə qoymağı danışa-danışa, ölçüb-biçirsə, deməli, bunu “O olmasın, bu olsun”dan çırpışdırıblar.
“Başlarını nişan alın, əlimi aşağı salanda atın” epizodu da eləcə götürülüb və yerli şəraitə tam uyğunlaşdırılmayıb. Çünki rus dilini heç bilməyən almanlardan fərqli olaraq, ermənilərin çoxu bizim dilimizi bilirlər və filmin qəhrəmanının öndəkilərə nə dediyini başa düşməliydilər.
Keçmişdə şairlər xoşları gələn şeirlərə nəzirə yazarmışlar, məsələ bitərmiş. Bəlkə indi də hansısa filmin fraqmanında “film-nəzirə” qeydi edilsin?