İlhamiyyə Rza
Mənim də bir xatirəm var
Nə zamansa televiziyada çalışmış insanlar xatirlər yazmağa (daha çox söyləməyə) meyilli olurlar, hətta zəngin xatirələri olmasa belə… Elə hesab edilər ki, ən zəngin xatirə və “əsrin möcüzəsi” onların TV də işləməkliyidir (bəlkə də haqlıdırlar). Və bu barədə elə danışırlar ki, elə bil məsələn, dünyanın 7 möcüzəsinin hamsını bir arada görüblər. Keçmiş həmkarlarımla birlikdə olanda, adətən TV xatirələri yada düşür və hər dəfə də pərt oluram ki, ən az xatirə elə məndədir, deyəsən. Nəinki pərt oluram, lap qanım da qaralır. 20 il sərasər TV məkanında işləyəsən, bir ortaya çıxası xatirən olmaya. Heyif, gərək arada bir başımı işdən ayırıb ətrafda baş verənlərə də baxaydım, özümü kənardan bir telefizyonçu kimi dəyərləndirib, ətrafımdakı 7 dünya möcüzəsinin mərkəzində dayandığımı hiss edəydim kaş… Nə isə keçənə güzəşt deyərlər…
Amma zarafat bir tərəfə, TV həyatımın deyil, bütöv həyatımın ən dəyərli xatirəsinə çevrilmiş bir hadisəyə- Barış Mançoyla görüşümə görə TV də olmağa, orda illərlə çalışmağa dəyərdi…
Hər gün iş prosesində rastalşdığım məşhur insanlar xatirəmə çevrilə bilmədilər, getdilər. Barış abi ilə görüş isə, ürəyimdə, hafizəmdəki ən işqlı, hərarətli və qış zamanı birdən günəş doğarmış kimi hisslər yaşadan xatırəyə çevrilə bildi.
Hər şey bizim yanaşmamızdan asılıdır. Bir insan ki sənin kumirindir, onunla görüşmək əlbəttə ki, həyatının çox önəmli hadisəsinə çevriləcək. İllərlə Barış Manconun təkrarsız ifalarını dinləmiş, söylədiyi hikmətlərə qulaq kəsilmişəm. Və günlərin bir günüdə mənə deyirlər ki, aparıcısı olduğum gündəlik Səhər proqramının sabahkı qonağı məhz odur. Barış Manço! Deyə bilmərəm ki, səhərə qədər yatmadım. Yox , yatdım da, hər şey öz qaydasında, axarında idi, amma içimə elə bir sevinc dolmuşdu ki… çatdıra bilmirəm.
Səhər ertədən artıq hər zamanki kimi efirdə idim, amma gözüm studiyanın qapısında qalmışdı. Onun nə zaman gələcəyi bəlli deyildi. Bir şey dəqiq idi ki, gələcək! Və mən proqramın əvvəlində bir anons da etdim ki, tamaşaçıları gözəl bir sürpriz gözləyir. Vəssalam.
Nəhayət qonağımız gəldi, onunla 30 dəqiqəyə yaxın efirdə həmsöhbət olduq. Barış bəy mənimlə elə danışırdı sanki 100 ildir tanışıq. Əslində, burda bir həqiqət vardı, mən doğurdan da onu 100 ildir tanıyırdım, o isə məni ilk dəfə idi görürdü. Heç yadıma gəlmir ki, kiminsə heyranı olum. Barış Manco mənim heyran olduğum yeganə sənətçi idi. Heyranlıq üçün insanın tək sənəti bəs etməz, onun şəxsiyyəti, həyat yolu, yaradıcılıq tarixçəsi, zahiri görünüşü, tərzi, bir sözlə bütöv bir kimliyinə heyran olmalısan.
Chox mehriban, səmimi , daxili dünyası zəngin bir insanla həmsöhbət olmağın bütün zövqünü yaşamaqdaykən, efir vaxtı tükəndi və biz studiyadan çıxdıq. Bu zaman artıq onu efirdə görüb görüşünə gəlmiş insanlar (AzTV-nin işçiləri) gözləyirdi. Bu insan kütləsi Barışı alıb apardı…Sağollaşa da bilmədim…
Donub qalmışdım. Bu qədər yaxında , əl çatan bir məsafədə ünsiyyətdə oldugum bir adam indi tam əlçatmaz görünürdü mənə. Başımı aşağı salıb, kağız- kuguzum da qoltugumda, yorgun addımlarla ikinci mərtəbəyə, otağımıza qalxdım. Otaqda Barış Manconu, təbii ki, ətrafında da pərəstişkarları, görməyim məni çox təəccübləndirdi. Barış bəy başını qaldırıb məni görüncə; «İlhamiyyə, bütün hədiyyələrimi payladım, sənə heç nə qalmadı» dedi. Mən, eybi yox, Barış bəy, narahat olmayın desəm də, ürəyimdə fikirləşirdim ki, ən böyük hədiyyəni elə mən almışam. Amma yox, o məni hədiyyəsiz buraxmaq istəmirdi. Öz ekibindən bir nəfəri göndərdi ki, maşında şəkilləri olmalıdır, onu gətirsin. Beləliklə öz avtoqraflı şəklini mənə bağışladı. İndi artıq deyə bilərəm ki, onun əsil fanatı idim. Bəs necə, fanata nə lazımdırsa hamısı məndə vardı. Amma birlikdə şəkil çəkdirmək, yaxud, verilişi lentə almaq barədə düşünməmişdim. Səhər verlişi canlı idi və lentə də alınmırdı. Bu görüşü xatırlayanda məni ən çox incidən elə bu fikir olur hər dəfə.
İllər ötdü, uzaq və soyuq Moskva səfərindəykən Barış Mançonun acı ölüm xəbərini alanda çox sarsıldım. Saatlarla ona həsr olunmuş verilişlərə baxır bəstələrini dinləyirdim. Hər il onun anım günü oldumu, mənə zənglər gəlirdi ki, səni Türkiyə TV-lərində göstərirlər. Təəssüf ki, özüm bir dəfə də olsun bu çəkilişləri görməmişdim. Amma sevinirdim ki, söhbətimiz Barışın ekibi tərəfindən lentə alınıb, nə zamansa bunu əldə edə biləcəyəm.
Təxminən 1 il oncə Youtube-da bizim söhbətin bir parçasına rast gəldim (həmin sujetə yazının aşağısındakı linkə daxil olub baxa bilərsiz). O gədər həyəcanlandım ki, göz yaşlarımı saxlaya bilmədim. Həyatımın ən dəyərli dəqiqələrini mənə xatırladan bir dəlil tapmışdım. Dəfələrlə, dönə-dönə baxıb izlədim, həmin günlərə qayıtdım.
Hər bir insanın kiməsə fanatlıq etdiyi dövr olur. Məndən müsahibə alarkən, tez-tez bunu soruşurlar: «siz kiminsə fanatı olmusunuzmu heç?» Bu saula hər dəfə çətinliklə cavab verirəm. Çünki fanatlar adətən kor-koranə sevirlər, kiminsə şəkillərini öz divarlarına yapışdırıb kumirlərinin pəncərəsi altında səhərəcən yatmayıb gözləyirlər. Və s.
Bu mənada heç kimin fanatı olmamışam. Amma Barış Manço özünün hər ifası, hər verlişi ilə örnək bir şəxsiyyət idi. Ondan durduqca öyrənmək olardı. Bu mənada mənim ona münasibətim bir fanatın öz örnəyinə olan heyranlığından daha artıq idi.
Təəssüf ki onu çox tez itirdik. Bu bütöv bir türk mədəniyyətinin itkisidir. Baxmayaraq ki, Barış bəy öz yaradıcılığı, fəaliyyəti ilə verdiyi mesajlarla ümumbəşəri idi, insanlığa xidmət edirdi. Amma formaca, ən qədim qan yaddaşımızdan qidalanan əsil türk mədəniyyəti faktı idi.
Allah ona rəhmət eləsin. Nə yaxşı ki, yaradıcılığından bu gün də bəhrələnmək imkanımız var.
Bizə sağlığında və getdikdən sonra da öz əsərlərinlə, musiqinlə, sözlərinlə, mesajlarınla böyümək, gözəlləşmək, daha yaxşı olmaq imkanı verdiyin üçün çox sağ ol Barış bəy!.
P.S. Yazı, Etibar Babayevin Barış Mançonun xatirəsinə həsr etdiyi kitab üçün yazılıb.
http://www.youtube.com/watch?v=Muyrpzt2Wug