Azər Ayxan
Böyük erməni sevgisi
Şahvələd Çobanoğlunu düşməni sevdiyinə görə qınadıq, şərə düşdük. Elə həşir salıb ki, sanki erməniyə sevdalanmağının günahkarı bizik. Qarı düşmənə qucaq açıb onun boynuna sarılmaq istəyən adamın yanlışını söyləməklə damarına basmışıq deyəsən. Çobanoğlu ictimai rəyi özünün bu bəd niyyətindən yayındırmaq üçün barəmizdə hədyanlar yazır. Məsələn, yazır ki, guya bizim əməllərimiz barədə susmasını istəyirik. Iddialarından biri budur ki, hakimiyyəti həlledici məqamlarda müdafiə edirik deyə, Ilham Əliyev üzləşdiyi əlverişsiz siyasi vəziyyətdən hər dəfə uğurla çıxa bilir…
Evin tikilsin, zəka yiyəsi. Qosqoca rejim bir neçə qəzet məqaləsi ilə ayaqda qala bilirsə, o zaman sənin sətirlərindən “qan daman” məqalələrindən niyə bu hakimiyyət sarsılmır, zəifləmir?
Bir də ki, sən danışıb neynəyəcəksən, ay Şahvələd? Zatən danışırsan də. Bizim barəmizdə o qədər “şahvələdlər” danışıb… Indi haradadır onlar? Tarix bizə sənin barəmizdə dediyin o çirkin iftiralara görə qiymət verməyəcək. Buna əminəm. Tarix səni və sənin kimilərinin gerçək mahiyyətini gələcək nəsillərə olduğu kimi təqdim edəcək. Buna da əminəm.
Bir daha deyirəm, yadında yaxşı saxla: birnəfəsə 50 adam adı yazaram ki, dünənə qədər bizə mübarizlik, əxlaq, müxalifətçilik dərsi keçirdi. Indi onların miskin simalarını göz önünə gətirirəm. Səni o miskin insanların yanında görmək istəməzdim. Amma belə getsə, haqq etdiyin yerə gedəcəksən. Zatən səni orda görmək istəmədiyimi yazdığıma görə mənə möhkəm əsəbiləşmisən.
Bizim barəmizdə onu da deyirsən ki, keçmişdə mübarizə aparmısınız, amma bu gün Ilham Əliyevə xidmət göstərirsiniz. Yaxşı, bəs sənin keçmişin hanı? Niyə ortaya çıxarmırsan? O keçmişdə gördüyün işlərlə bizi tanış et də. Bir müddət Eynullanın arxasında gizlənib müsbət reputasiya, güclü imic qazanmağa çalışdın. O, türməyə düşəndən bir ay sonra qəzeti bağlayıb aradan çıxdın. Baxmayaraq ki, Isa bəy qərargahda sənə otaq təklif etmişdi. Rauf Arifoğlu isə texniki dəstəyi üzərinə götürmüşdü. Amma qəzetin çapını davam etdirməkdən yüz cür bəhanə ilə boyun qaçırdın. Indi dəƏli Kərimlinin arxasında gizlənib “Azadlıq”da Ilham Əliyevə qarşı “mübarizə” aparırsan.
Maraqlıdır ki, özün baş redaktoru olduğun qəzetlərdə heç vaxt hakimiyyətə qarşı sərt mövqe tutmamısan. Niyə onda Heydər Əliyevin, Ilham Əliyevin haqqında sərt yazmırdın? Ona görə ki, sən baş redaktor olduğun bir neçə qəzeti Heydər və Ilham Əliyevlərin nazirlərindən, generallarından dəstək alaraq çıxarmısan.
Sən H.Əliyevin əleyhinə necə yaza bilərdin ki, vaxtilə çıxardığın bir qəzetin pulunu Əli Insanov verirdi. Bunu bilməyən adammı var ölkədə? Əli Insanovun o vaxtlar milli-demokratik düşərgəyə, tənqidçi mətbuata münasibətini xatırlayırsanmı? Milli Məclisin tribunasından deyirdi ki, müxalifətçiləri və “Yeni Müsavat” qəzetinin əməkdaşlarını asmaq lazımdır. Və sən bunu deyən bir nazirin əlindən pul alıb “Günaydın” adında qəzet buraxırdın. Az qala 15 il əvvəl, həmin o qəzetdə dəəsas hədəfin Isa Qəmbər, Rauf Arifoğlu, Müsavat və “Yeni Müsavat” idi.
***
Biz ikiqat senzura şəraitində qəzet çıxarıb bu hakimiyyətin bütün qəzəbini üstümüzə çəkəndə, Elçibəyi, Isa Qəmbəri, digər müxalifət liderlərini müdafiə edən yazılar yazanda sən “Hürriyyət” qəzetinin baş redaktoru olaraq “Azadlıq”dakı son köşəndə tərifini göylərə qaldırdığın Isa Qəmbər barədəən iyrənc yazılar dərc edirdin. Indi gəlib Isa bəyi bizdən müdafiə etməyə çalışırsan… Hər fürsətdə Isa bəyi vurmağın nə, bu reveranslar nə?
Yeri gəlmişkən, Isa bəyin sənin gerçək maskanı düşürən, fitnəkarlığına qarşı müsavatçıları uyaran o məlum çıxışı göstərdi ki, Müsavat başqanı necə də uzaqgörəndir. Indi sən hələ də davam edən pərtliyini üzərindən atmaq üçün bu cür cılız yollara əl atırsan. Isa Qəmbər Müsavat Məclisindəki çıxışında müsavatçılara açıqca mesaj verdi ki, Şahvələd Çobanoğlunun və onun qaragüruhçu dəstəsinin fitnə-fəsadına uymayın. Sizin apardığınız kampaniyada məqsəd “Yeni Müsavat”la müsavatçılar, həmçinin Müsavat Partiyası arasında dərin uçurum yaradıb Isa Qəmbəri “Yeni Müsavat”ın timsalında ən etibarlı media dəstəyindən məhrum etmək idi. Bu çirkin niyyətinizin qarşısını Isa bəy vaxtında və çox sərt şəkildə aldı. Sənə də, dəstəkçilərinə də yaxşıca dərs verdi.
Bizi bir çox məsələlərdə suçlayırsan. Mən də səndən soruşuram: niyə indiyədək qəzet redaktoru olaraq bir dəfə də həbs olunmamısan, məhkəməyə verilməmisən? Baxmayaraq ki, bu hakimiyyətin siyasətini tənqid edən bütün qəzet redaktorları ya həbs olunub, ya döyülüb, ya da məhkəməyə çəkilib. O qədərmi əhəmiyyətsizsən bu rejim üçün? Yoxsa səni qoruyan “gizli əl”mi var iqtidarda?
***
Şahvələd, son məqaləndə bizim valideynlərimizə haram tikə yedirdiyimizi yazmısan. Gündə 16-17 saat işləyən, 60 ailənin iş yerini qoruyan bir baş redaktorun valideynlərinə bundan da böyük həqarət olarmı? (Bu, bütün qırmızı xətləri keçməkdir; səni bu Allahsız sözlərinə görə bir ömür bağışlamayacağam). Özünün isə anana halal yolla qazandığın pullarla baxdığını iddia edirsən… Belə çıxır ki, bu kollektivdə işləyən hər kəsin yediyi haramdır, bir tək sənin yediyin halaldır? Bir də “halal-haram” məsələlərinə Allahını, dinini tanımayan, millətinin də təəssübünü çəkməyən birinin fitva verməsi də çox qəribə səslənir. Beləşeylər də sənlik məsələ deyil…
Üstəlik, sən özün bir müddət “Yeni Müsavat”dan qonorar almısan. O pulların haradan gəldiyini yaxşı bilirsən. Hər həftənin 3-cü günü yayımdan yığılan pullardan əməkdaşlara maaş və qonorar verilir. Bunu sən dəfələrlə görmüsən. 16 ildir bu sistemlə işləyirik. Yayımdan, KIVDF-dən və bir az da reklamdan gələn pullarla qəzeti saxlayırıq. Bizim iqtidarla münasibətimiz sənin ermənilərə olan sevgin kimi qabağa getsəydi, bu qədər məhkəmə hökmləri ilə üzləşərdikmi? Ilham Əliyevin, Ramiz Mehdiyevin, Ramil Usubovun qəzetiyiksə, o zaman üzləşdiyimiz bu məhkəmə terroru nədir, səncə? Ilham Əliyev öz qəzetini niyə öz nazirlərinin və onların harın-ərköyün övladlarının hücumlarından qorumur? Nəyə görə bütün şirkətlərə, iş adamlarına bizə reklam vermək qadağan olunub? Biz iqtidara sənin iddia etdiyin formada və miqyasda xidmət göstəririksə, niyə bizə heç bir güzəşt tanımır bu hakimiyyət?
Halallıq barədə sənin məntiqinlə yanaşsaq, gərək o zaman “Hürriyyət”dən hansı qalmaqala görə ayrıldığını da yada salaq…
Bizi nazirə sevgidə, hakimiyyətə işləməkdə suçlayırsan. Amma özün Ilham Əliyevin general və nazirlərinin kompromat qəzetinin şef-redaktoru olmusan. Hansı general-nazirin sifarişi ilə hansı məmurlara hücum olunduğu hər gün gözlərimiz qarşısında baş verirdi…
***
Yazırsan ki, gündüzlər müxalifətin yanında oluruq, gecələr hansısa nazirliklərdən çıxanda şəklimizi çəkib ictimaiyyətə yayırlar. Olmaya yuxuna haram qatıb gecələr bizi güdürsən? Məşhur filmdə deyildiyi kimi, sən gecələr yat, ay Şahvələd…
Yat ki, sabah olsun. Sabah olar, xeyir olar. Amma dünəni olmayan adamın sabahı olarmı? Olsa da, o sabah onun üçün xeyirli olarmı? Bax, bunu heç ağlım almır…