Prezident Administrasiyasında Nəqliyyat Nazirliyinin əsasnaməsinin yeni layihəsi hazırlanır; Sərnişin daşınması xidmətinin təşkili, bununla bağlı nəqliyyat şirkətlərinə lisenziyaların verilməsi yerli icra hakimiyyətlərinə veriləcək, “Azəryolservis” ASC-nin də nazirlikdən alınması müzakirə edilir
“Prezident Administrasiyasında işçi qrup Nəqliyyat Nazirliyinin əsasnaməsinin yeni layihəsini hazırlayır. Layihə yaxın vaxtlarda prezidentə təqdim ediləcək. Yeni layihədə Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətlərinin əlindən alınması gözlənilir”. Bu barədə “Yeni Müsavat”a hökumətdəki mənbələrdən məlumat daxil olub.
Mənbə deyir ki, Nəqliyyat Nazirliyi sərnişin daşınmasının təşkili və bu xidmət üzrə lisenziyaların verilməsi funksiyalarını itirəcək. Bu xidmət Nəqliyyat Nazirliyinin əsas qeyri-leqal gəlir mənbələrindən biridir. Bu funksiyalar yerli icra hakimiyyətlərinə veriləcək. Paytaxtda isə bu funksiya Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına keçəcək. Nəqliyyat Nazirliyinin işi yalnız effektiv nəqliyyat siyasətinin işlənib hazırlanmasından ibarət olacaq. Nəqliyyat Nazirliyi Sənaye və Energetika Nazirliyi kimi, təsərrüfat fəaliyyəti ilə məşğul olmayan struktura çevriləcək.
Mənbə onu bildirir ki, hazırda hökumətdə səhmləri 100 faiz Nəqliyyat Nazirliyinə məxsus olan “Azəryolservis” ASC-nin də nazirliyin idarəetməsindən çıxartmaq məsələsi də müzakirə edilir. ASC-nin müstəqil və yaxud İqtisadi İnkişaf Nazirliyinin idarəetməsinə verilməsi variantları nəzərdən keçirilir. Üstün mövqe ASC-nin müstəqil fəaliyyət göstərməsindən ibarətdir.
Yada salaq ki, bir qədər öncə şəhər (rayon) daxili yolların təmir-bərpası funksiyası Nəqliyyat Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinə, paytaxtda isə Bakı şəhər İcra hakimiyyətinə verilmişdi. Nəqliyyat Nazirliyinin yeni əsasnaməsi də yerli icra hakimiyyətlərinin funksiyalarının artırılması kontekstində hazırlanır. Ümumiyyətlə, Nəqliyyat Nazirliyinin hüdudsuz funksiyaları nəqliyyat sektorunda ciddi problemlər yaradır. Bu problemlər son nəticədə nəqliyyat sektorunda xaosa gətirib çıxarıb və ciddi islahatlara ehtiyac yaranıb.
Məsələn, taksi dayanacaqlarının qurulmasının hansısa şirkətin inhisarında saxlanması yolverilməzdir. Paytaxtda qurulan dayanacaqların hamısını Nəqliyyat Nazirliyinin idarəçiliyi altında olan “Bakı Sərnişin Nəqliyyatı” MMC qurub və yaxın illərdə formalaşdırılması nəzərdə tutulan 1000-dən artıq dayanacağın da məhz bu quruma məxsus olacağı bildirilir. Həmin müəssisə isə yaratdığı dayanacaqları hökumətin maliyyəsi hesabına aldığı taksilərin xidmətinə verir. Bu, aşkar dövlət monopoliyasıdır.
“Bakı Sərnişin Nəqliyyatı” MMC həm də taksi xidməti göstərmək istəyən fiziki və hüquqi şəxslərə lisenziyalar verir. Dünyanın heç bir ölkəsində mülkiyyət formasından asılı olmayaraq hansısa kommersiya strukturunun dövlət adından siyasət aparmaq, tənzimləmə həyata keçirmək hüququ yoxdur. Absurda diqqət yetirin, bir şirkət taksi bazarında həm xidmət göstərir, həm də rəqiblərinə lisenziya verir. Yəni burada bazar iqtisadiyyatının əsas şərtlərindən biri olan rəqabət imkanlarının birdəfəlik qapadılmasından söhbət gedir. Nəqliyyat naziri Ziya Məmmədov və onun yaxınları inzibati rıçaqların vasitəsi ilə bazarın bu seqmentini total nəzarət altına götürüb.
Beynəlxalq təcrübədə isə yanaşma belədir: şəhər meriyası şəhərsalma normalarına uyğun olaraq taksi dayanacaqlarının dislokasiyasını müəyyənləşdirir, həmin dislokasiya üzrə taksi xidmətlərinin göstərilməsi üçün tenderlər keçirir. Sonradan tenderin qalibi olmuş şirkətlər dayanacaqların tipik layihəsinə və dislokasiya yerinə uyğun olaraq taksi dayanacaqlarını quraşdırır. Ümumiyyətlə, xarici təcrübədə istənilən nazirliyin təsərrüfat fəaliyyəti ilə məşğul olmaq funksiyası yoxdur. Nazirlik ancaq müvafiq sahə üzrə dövlət siyasətini hazırlamalı və yalnız tənzimləyici funksiyaların daşıyıcısı olmalıdır. Nəqliyyat Nazirliyi indiki funksiyaları ilə dövlət siyasətini həyata keçirən qurum yox, özəl şirkət kimi çıxış edir.
Eyni sözləri sərnişin daşınması xidməti haqqında da demək olar. Nəqliyyat Nazirliyinin patronajlığı ilə yaradılan şirkətlər sərnişin daşınması xidmətini inhisara götürüb və sürətlə “yad” şirkətləri bazardan çıxarır. Siyasi hakimiyyət nəqliyyat sektorundakı bu xaosdan narahatdır. Çünki aztəminatlı əhalinin mütəmadi olaraq istifadə etdiyi ictimai nəqliyyatdan narazılıq pik həddinə çatıb, 100 milyon manata başa gələn “Nəqliyyatın İntellektual İdarəetmə Sistemi” iflic vəziyyətdədir. Bu səbəbdən də Nəqliyyat Nazirliyinin yenidən təşkil olunması və səlahiyyətlərinin yerli icra hakimiyyətləri arasında bölünməsinə ehtiyac yaranıb.
Nəqliyyat Nazirliyinin yenidən təşkil olunması Ziya Məmmədovun etimad limitinin bitməsi ilə bağlı bir məsələdir. “Yeni Müsavat”ı məlumatlandıran mənbə bunu “struktur islahatı” kimi təqdim etməyə çalışsa da, yeni ideyanın Z.Məmmədovun “portfelsiz nazir”ə çevrilməsinə hesablanan layihə olması göz önündədir. Burada nəqliyyat nazirinin iki əsas qeyri-leqal gəlir qaynağı əlindən alınır - sərnişin daşınma xidməti və yol tikinti-təmiri ilə məşğul olan “Azəryolservis” ASC əlindən çıxandan sonra nazirlik dişsiz bir quruma çevriləcək. Bu, o deməkdir ki, Z.Məmmədov indiki statusunu itirir və adi bir məmura çevrilir
musavat.com