İngilis mediası bu dəfə rəsmi Bakını fərqli “vurdu”
“The Sunday Times” qəzetinin Təl-Əvivdəki müxbiri sensasion məlumat yayıb; İsrail ordusundakı qaynaqlar Azərbaycandakı hərbi bazada yerləşdirilmiş nəhəng “Eitan” pilotsuz təyyarəsinin İran ballistik raketini start meydançasında vuracağını açıqlayıb
İsraillə Azərbaycan arasında İrana qarşı daha bir məxfi anlaşma iddiası yayılıb. Britaniyanın “The Sunday Times” qəzetinin Təl-Əviv müxbirinin yaydığı məlumata görə, İsrail İranın ballistik raketlərindən müdafiə olunmaq üçün etibarlı sistem qurub. Bildirilir ki, İran ballistik raketlərini Amerika radarları qeydə alacaq, İsrail isə onları elə start meydançasında Azərbaycan ərazisindən havaya qalxan pilotsuz kəşfiyyat təyyarəsi ilə zərərsizləşdirəcək.
Qəzetin yazdığına görə, Amerikanın raketdən müdafiə sistemi radarları İsrailin Neqev səhrasında yerləşdirilib, bu radarlar “Petriot”, “Hets” və digər İsrail raket kompleksləri ilə birgə fəaliyyət göstərir. İsrail ordusundakı qaynaqlardan bildirildiyinə görə, yəhudi dövləti İranın nüvə obyektlərinə hava zərbələri endirməyə hazırdır və öz ərazisini, habelə regiondakı müttəfiqlərinin strateji obyektlərini İranın ballistik raketlərinin cavab zərbələrindən qorumaq üçün etibarlı sistemə malikdir.
Qəzet yazıb ki, əgər İsrail İranın nüvə obyektlərinə hücum etsə, paralel olaraq bu ölkənin ballistik raket komplekslərinə də hücum ediləcək. Bu məqsədlə İsrail ordusunun sərəncamında qanadlarının eni “Boeing-737″ təyyarəsinin qanadlarının eni böyüklükdə olan nəhəng ”Eitan” (digər adı “Heron”) pilotsuz kəşfiyyat təyyarələri var. “Eitan” pilotsuz təyyarələri 70 saat fasiləsiz havada qala bilir və onlar artıq İsrailin sıx hərbi tərəfdaşlıq etdiyi Azərbaycanın ərazisindəki hərbi bazada dislokasiya olunub”, – deyə mənbə bildirib. Həmin təyyarələr cəmi bir neçə dəqiqə ərzində havaya qalxaraq İran səmasına daxil ola bilər. Onlar 1 ton ağırlığında bomba, həmçinin Amerika istehsalı olan və hədəfi yüz faiz dəqiqliklə vuran “Hellfire” (“Cəhənnəm odu”) raketi daşıya bilir. “Biz eyni vaxtda bütün tərəflərdən hücum etməyə hazırıq”, – deyə İsrail Hərbi Hava Qüvvələrinin keçmiş rəisi Doran Qaviş qəzetə açıqlamasında bildirib. “Əgər bizə İranla eyni vaxtda Qəzza sektorundan ”Həmas” və Livanın cənubundan “Hizbullah” hücum edərsə, hadisələrin istənilən inkişaf ssenarisinə hazırıq. Bizim öz vətəndaşlarımızı və hərbi obyektlərimizi düşmən raketlərindən müdafiə etmək üçün vasitələrimiz kifayət qədərdir”, – deyə o əlavə edib.
Bildirilir ki, Amerika istehsalı olan X-Band tipli (kürə şəkilli) radar İsrailin Neqev səhrasında, Hərbi Hava Qüvvələrinin Nabatim bazasında yerləşdirilib. Bu radarlar İran raketlərini 1600 kilometrdən aşkar etməyə imkan verir. Başqa sözlə, İran raketləri elə start meydançasına gətirilən və mühərrikləri işə düşən kimi radar onu aşkar edəcək. Nəticədə İsrailin İran ballistik raketini zərərsizləşdirmək üçün 13 dəqiqə vaxtı olacaq. Əgər raketi start meydançasında Azərbaycan ərazisindən qalxan “Eitan” pilotsuz təyyarəsindən zərərsizləşdirmək mümkün olmasa, onu uçuşun sonrakı mərhələsində İsrailin sərəncamında olan “Petriot” və “Hets” raket kompleksləri zərərsizləşdirəcək. “Biz İran raketlərini mühərriki işə düşən kimi məhv etməyə çalışacağıq”, – deyə İsrail ordusundakı anonim mənbə “The Sunday Times”ə bildirib. Qəzet xatırladır ki, Azərbaycan rəsmiləri bundan əvvəl İrana qarşı hər hansı planda yer almadıqlarını bəyan ediblər.
Xatırladaq ki, bir neçə ay əvvəl Qərb mənbələri İsrailin İranı vurmaq üçün Azərbaycan ərazisindəki aerodromlardan istifadəyə dair məxfi razılaşma əldə etdiyini xəbər verib. Həmin iddialarda deyilirdi ki, İranın nüvə obyektlərini bombardman edən İsrail təyyarələri yanacaq götürmək və qəza enişi etmək üçün Azərbaycan ərazisindəki aerodromlardan istifadə edə bilər. Bundan əvvəl də Azərbaycanın İrana qarşı İsraillə işbirliyinə dair Qərb qaynaqları dəfələrlə məlumatlar sızdırıb. Hər dəfə rəsmi Bakı bu məlumatları israrla təkzib edir. Rəsmi Bakı, eləcə də bir sıra ekspertlər hesab edirlər ki, bu tipli yazılar Azərbaycanın İranla münasibətlərini bütünlüklə pozmaq, İranı aqressivləşdirərək, ölkəmizə süni təhdid yaratmaqdır. Yəni Azərbaycanı birmənalı olaraq İsraildən, Amerikadan asılı vəziyyətə salmaq üçün düşünülmüş gedişdir. Qeyd edək ki, son bir həftədə İngiltərənin aparıcı qəzetləri Azərbaycan iqtidarı ilə bağlı fəallaşıb və ifşa janrında çoxsaylı məqalələr dərc edib.
Rəsmi Bakı bu məqalələrə qəzəbli reaksiyalar verib.
musavat.com