Son qadın qətlləri ilə bağlı Facebook sosial şəbəkəsində belə bir status yazmışdım:
“Azərbaycan mollaxana cəmiyyətində qadını qətlə yetirən kişiyə qəhrəman kimi baxırlar. İndiyə qədər bir dindar çıxıb deməyib ki, buna heç kişinin haqqı yoxdur.
Bu cür qatillərə türmədə də, kişinin oğlu namus üstə tutulub, deyərək guya hörmət eləyirlər. Əslində isə ondan bir aqressiv psixdən qorxan kimi qorxurlar. Belə qatilləri türməyə yox, xüsusi ruhi xəstəxanalara göndərməlidirlər. Onlar həm cəza çəkməli, həm də müvafiq dərmanlarla aqressiyalarının qarşısı alınmalıdı.
*Qadın sənə xəyanət eləyirsə ondan insan kimi ayrılmalısan.
*Qadın sənə xəyanət eləyirsə demək, ona lazım olan nələrsə səndə çatışmır. Belə halda əsl kişi qadına yox, özünə əl qaldırar, intihar eləyər, yəni…”
Statusu paylaşan kimi təxminən aşağıdakına bənzər rəylər yazıldı:
YAZAR: Tamamilə razıyam!
QADIN: Halal olsun sizə!
DƏHRƏ: Dayanın görüm! Necə yəni, qadın kişiyə xəyanət eləməlidi, o da sakitcə ondan ayrılmalıdı? Murad bəy, siz adamları bu əxlaqa çağırırsınız? Cəmiyyətimiz pozulub gedir, siz də deyirsiniz qadını bağışlayaq. Bu da bizim ziyalımız…
BƏNDƏ: Ay Dəhrə, indi sən nə təklif edirsən, yəni xəyanət edən qadınları baltalamalıyıq? Xəyanətkarı baltalayası olsaq ölkədə kişi qalmaz ki! Bəli, arvadın xəyanət edirsə, demək, səndən zəhləsi gedir. Kişi bir özünə də baxmalıdı. Bəlkə elə, qadın düz eləyir?..
DƏHRƏ: A kişi, sən nə danışırsan? Demək, sənin arvadın xəyanət eləsə durub baxacaqsan? Belə biqeyrətlik olar?
BƏNDƏ: Bəli, mənim arvadım xəyanət eləsə sakitcə ondan ayrılaram! Bu mənim həqiqi cavabımdı. Bəs bu halda sən nə edərsən?
DƏHRƏ: Hələ soruşursan da? Mən elə arvadın başını kəsərəm!
BƏNDƏ: Niyə? Kim sənə haqq verib ki, qadının başını kəsəsən?
XANIM: Dəhrə kimiləri cəmiyyətdəki tin uşaqları təfəkküründə olanlardan qorxub güclərini qadınlara göstərirlər. Əgər sən özünü əsl kişi sayırsansa qadını yox, qadından ayrıldıqdan sonra sənə namussuz deyən bir kişini öldür! Yoxsa gücsüz, zərif bir məxluqu qətlə yetirmək kişilik-zad deyil!
DİNDAR: Məncə, dinin bu işlərə dəxli yoxdu. Bu, hərənin öz ailə problemidi. Ancaq bir dindar kimi deyə bilərəm ki, fətva olmadan heç kimin öldürməyə ixtiyarı yoxdu.
QADIN: A kişi, dayan görək! Mənim dindarıma-zadıma bax! Yığışdır o fətvalarını! Get o fətvaları quldarlıqda yaşayan İran, Əfqanıstan farslarına ver, bizə sizin fətvalarınız gərəkməz!
POLAD: Sevdiyi bir kişi ilə vətəndaş nikahında yaşadığına görə bacısını bıçaqla qətlə yetirmiş bir oğlan türmədə mənimlə eyni kolonda cəza çəkirdi. Dustaqlar özlərini ona hörmət eləyən kimi göstərirdi, ancaq əslində, Murad bəy demiş, onun başı xarablığından qorxurdular. Belələrindən cəmiyyətdə də qorxurlar. Bəli, belə qatilləri dəlixanada müalicə eləməmiş aqressiv şəkildə cəmiyyətə buraxmaq olmaz.
DƏHRƏ: Siz nə danışırsınız? Deməli, əlinizə bir namuslu kişi keçən kimi dəlixanada belinə iynə vuracaqsınız ki, bir də qolunu qaldıra bilməsin? Belə qeyrətsizlik olar? Qurban olum Allaha, sizin kimi namussuzlar bizim kökümüzü kəsə bilməyəcək, onu bilin!
XANIM: Bizim qonşuluqda bir ailə dağılmışdı. Bilmirəm nə səbəbdən, ancaq ortada xəyanət söhbəti gəzmirdi. Ola bilər xarakterləri uyğun gəlməmişdi. Nə isə bunlar ayrılmışdılar. Azyaşlı bir uşaqları da vardı. Kişi tərəf uşağı qadından alıb özünü qovmuşdu. Bir müddətdən sonra qadın başqasıyla ailə qurmaq istəyirdi. Keçmiş əri elan eləmişdi ki, onunla evlənən kişini öldürəcəm. Bax, belə anormalların arasında yaşayırıq.
ADAM: Bayaqdan rəyləri oxuyuram, xanımlarımız yaman əl-ayağa düşüblər. Deyəsən, hamısı xəyanət eləməyə fürsət axtarırlar. Mən dindar deyiləm, ateist də deyiləm, özüm üçün bir adamam. Ancaq, Murad bəylə razılaşa bilmərəm. Çünki elə qadın var, kişi onun üçün hər şərait yaradır, ancaq o yenə xəyanət eləyir, bu onun zatındadı. Belələrini eşşəyə tərsinə mindirmək lazımdı.
XANIM: Özzün öləsən elə! Sənin kimisini də itə mindirmək lazımdı, özü də düzünə! Normal kişisi olan qadın nə üçün xəyanətə meyl eləməlidi ki? Sən elə bilirsən qadına Bentli alıb onu xoşbəxt eləmək olur? Məsələn, qadın var, istəyir həyat yoldaşı zəhrimar sifətli ciddi olmasın, zarafatcıl, yumorlu olsun. Bir şən qadın zəhrimar sifətli ilə bir ömür necə yaşasın? Başına dəysin onun villası!
ADAM: Belə baxanda düz deyirsən. Çünki bir ailə görmüşdüm, qadını ərinə demişdi ki, bəlkə yayda ailəvi səyahətə çıxaq? İmkanlı əri o qadının sözünü düz bir il lağa qoydu. Uşaqları da ona qoşulub analarının romantikasını ələ salırdılar…