“Çempionatda yaranan uzun fasilə səbəbindən hazırlaşmaq üçün vaxtımız daha çox olub. Amma tam tərkibdə məşq edə bilməmişik. Çünki zədəlilərimiz olub. Hazırda bir futbolçudan başqa, zədəsi olan digərlərinin vəziyyəti yaxşıdır və onlar ümumi halda məşqlərə qoşulub”. Bu sözləri
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.
O, klubun rəsmi saytına “Qəbələ” ilə Topaz Premyer Liqasının XIII turunun oyununa hazırlıqla bağlı danışıb.
Gənc mütəxəssis komandanın məşq prosesi, hədəfi və digər məsələlərlə əlaqədar fikirlərini bölüşüb: “Qəbələ” ilə çətin oyunun bizi gözlədiyini düşünürəm. Buna baxmayaraq, səfərə xal arxasınca gedirik. İstəyimiz ən azı bir xaldır. İnşallah, buna nail olarıq. Çempionatda istənilən rəqiblə görüşdə qələbə qazanmaq mümkündür. Sadəcə, oynamaq lazımdır. O cümlədən də “Qəbələ” ilə oyunda uğura nail olmaq olar”.
Qeyd edək ki, “Qəbələ” – “Kəpəz” oyunu bu gün baş tutacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 14:00-da start götürəcək.