“Mərə, qavatlar, nə ağlarsız? Mənim köprüm yanında bu qovğa nədir, niyə şüvən edirsiz?”
(“Kitabi-Dədə Qorqud”)
Təcrübə göstərir ki, hüquqları olmayanlar onu itirməklə daha asan razılaşırlar. Yox, yanlış oxumadınız və burada söz oyunu, hansısa tavtologiya yoxdur. Ya da populyar azərbaycanlı afyorizmində deyilən vəziyyətdir: “Kimin nəyi yoxdursa, daha çox ondan danışır”.
Bizim isə, maşallah, hər şeyimiz vardır. Hətta dünən AzTV koronavirusdan intervü götürmüşdü! Yenə bu kanal hamıdan öndədir. Qoy Vaqif müəllim gedib öz kanalında hind filmləri göstərməyində olsun. O heç zaman AzTV-nin qalxdığı nirvanaya çata bilməz. İntervü boyunca virus əsəbləşdi, güldü, ağladı, müxbirə keçməyə çalışdı və nəvazişli səslər çıxartdı, lakin xeyri olmadı. Cahanla, külli-aləmlə, xarici qara qüvvələrlə savaşda əsas silahımız olan AzTV müsahibənin sonunda koronavirusu qışqırda-qışqırda öldürdü! Bununla bir daha isbat olundu ki, AzTV-nin planetin hər yerinə yayımını təşkil eləmək lazımdır, Dünya Səhiyyə Təşkilatının başında oturan lotular isə sarsaq məsləhətlərini yığışdırıb hər bir Yer sakinini AzTV-yə baxmağa çağırmalıdır. Hələlik ən təsirli dərman budur. Vaksin tapılmışdır! Latın afyorizmində deyilən kimi: “Clavus clavo pellitur”. Bizim ana dilimizə çevirsək, pazı pazla çıxararlar mənasını verir.
Ən ağıllı media ekspertlərimizdən biri, optimizmi ilə tanınan hörmətli jurnalist isə intervü verərək bildirmişdir ki, gərək hökumət virus haqda nə yazmağı, necə yazmağı bizə öyrətsin. Müstəqillik dövrü Azərbaycan mediasının gəlib çıxdığı nöqtə budur: nə yazacağımızı bilmirik. Nazirlər Kabinetindən təlimat gözləyirik. Bəlkə də Həqiqət Nazirliyi yaradılmalıdır, Sabir müəllimi təzədən ora sədr qoymaq şərtiylə – onsuz deputat vəsiqəsini işlədə bilmir, tozlanmaqdadır, Sirus müəllim isə bizi yetim qoyaraq getmişdir. Ancaq indi qəfildən yadıma düşdü ki, elə bu intervü verən optimist dostumuzun “kruqu” 1993-ci ilin yazında Əbülfəz Elçibəyin başını piyləyib ölkədə mətbuata senzura qoymağın vacibliyinə inandırmışdı. Guya bu minvalla millətin Kəlbəcərdən sonra başqa rayonların işğalından xəbəri olmayacaqdı. Prinsipcə, yaxşı işləsələr bəlkə xəbərimiz olmazdı. Tarixdə o qədər belə təcrübələr var ki… Deyir İsrail ordusu “6 günlük savaş” zamanı ərəb qoşunlarını minlərlə əsir alanda Misir televiziyası yəhudilərin darmadağın olduğu haqda reportaj verirmiş.
Necə yazmağı, necə yaşamağı, nə yeyib-içməyi öyrənmək heç vaxt gec deyil. Buna görə hökumətə dərindən minnətdarıq. Xüsusən də, onun bu aralar həqiqətin axırıncı instansiyasına çevrilmiş sözçüsü İbrahim müəllimi bu günlərdə uca xalqımız diqqətlə dinləyir. Düzdür, İbrahim müəllim həmişə, elə yuxarıda adını çəkdiyimiz və yeddi dəfə salavat zikr elədiyimiz AzTV məbədində işləyərkən də həqiqətin əsas instansiyalarından sayılırdı. Ancaq indi həqiqət səngərinin ən önündə dayanmışdır. Ondan o tərəfdə qaranlıqdır, zülmətdir, ölümdür, yalandır, virus qoxuyan “Tatar səhrasıdır” və İbrahim müəllim cəsur zabit Droqo kimi bu qalanın başında duraraq bizi gözəgörünməz düşmənlərdən hifz edir, ilahi, amin!
Mövzu təhlükəli həddə açılmışkən – bu aralar istənilən mövzunu uzağı bir metr yarım məsafədə aça bilərsən – Almaniya dağılıb eləmir və bu saat orda işsizlərə 3 min avro, kiçik müəssisələrə də 9 min avro yardım eləyirlər. Həmçinin, almanları qınayırlar ki, nə üçün İtaliyanı vaxtında xilas etməyibdir. Ümumiyyətlə, bunu da təcrübə göstərdi ki, yalançının evi yananda hamı ona yanğınsöndürən xidməti göstərməyə qaçır, bu ata sözümüzü də aprelin 5-i gecə saat sıfır-sıfırdan qüvvədən düşmüş elan edirəm.
İdarədən xahiş edirik bu “esemeslə” evdən çıxmaq prosedurunu həmişə saxlasınlar. Müstəqillik dövrümüzdə ilk dəfədir belə müsbət hadisə görürəm. Yoxsa hara baxırdın adam adam belinə minmişdi. Küçəyə çıxmaq haqqı olan da çıxırdı, olmayan da. Boşuna oksigen israf edirdilər, dövlət büdcəsinə ziyan vururdular.
Buradan həmyerlim olan Hacı Bədrulla, Məşədi Əmrullah və iş adamı Xeyrulla müəllimə müraciət edib onlardan “esemes” gözləyirəm.