Bəzi dost-tanışlar, oxucular adamdan tələb edirlər ki, bu ağır pandemiya və üzücü karantin günlərində pozitiv, nikbin, ürəkaçan şeylər yazaq, elə şeylərdən bəhs edək ki, camaat depressiyaya düşməsin, qanı qaralmasın, ürəyi pis olmasın və s.
Aktual tələbdir. Mövcud beynəlxalq şərait belə tələb edir. İntəhası, hər dəfə bu sayaq çağırışları oxuyanda yadıma Hafiz Hacıyevin 2003-cü ildə keçirilən prezident seçkilərində namizəd olması və onun televiziya ilə etdiyi çıxışlar düşür.
İndiki cavanlar o vaxt uşaq olardılar, bilməzlər, 17 il öncə Hacıyev Hafiz prezidentliyə namizəd idi, adı dillərdə dastan idi, parlaq kampaniya aparırdı. Amma o, prezident seçilməyə çalışmırdı, namizədlərdən birini gözünə kəsdirmişdi, onun prezident seçilməməsi üçün əlləşirdi, ona görə də çıxışının hamısını onun “ifşa”sına həsr edirdi. O şəxs isə İsa Qəmbər idi.
Məsələn, Hafiz müəllimin efir növbəsi çatırdı və o, əsəbi şəkildə telekamera önündə durur, deyirdi: “Əziz mənim seçicilərim, bu gün sizə öz iqtisadi platformamdan danışacam”.
Seçicilər gözləyirdilər ki, görsünlər, Hacıyev xalqın iqtisadi rifahı üçün hansı konsepsiyaları təqdim edəcək. Müəllim isə deyirdi: “Nə iqtisadiyyat? İqtisadiyyat nəəzir? Qəmbərov İsə qoydu ki, iqtisadiyyat qalsın? 1992-93-cü illərdə o, iqtisadiyyatı elə dağıtmadı ki, yüz ilə bərpa etmək mümkün olsun…”. Ardınca yarım saatlıq “ifşa”.
Növbəti efir vaxtında müəllim yenə eyni qaydada ekranda görünürdü: “Əziz mənim seçicilərim, bu gün sizə Qaranağ münaqişəsinin həll edilməsi mövzusunda danışacam”. Ardınca namizədin söhbəti belə olurdu: “Qəmbərov İsə o vaxt Qarabağı satdı, torpaqları erməniyə verdi, indi nə qədər edirik, qaytara bilmirik”. Yenə yarım saatlıq “ifşaedici” çıxış.
Beləcə, prezidentliyə namizəd Hacıyevin teleçıxışlarının adı nə olursa, olsun, fərqi yox idi, o, mütləq elə ikinci cümlədəcə “Qəmbərov İsə”dən, onun – 11 ay 25 gün parlament sədri olmuş siyasətçinin ölkənin xarici siyasətini yaman günə qoymasından, daxili siyasəti bərbad etməsindən, sosial təminat sistemini dağıtmasından, təhsili, səhiyyəni batırmasından danışırdı.
İndi biz də Hafiz Hacıyev kimi hansı mövzuda yazmağa, danışmağa başlayırıqsa, mütləq ikinci, üçüncü cümlədə koronavirusdan, onun iqtisadiyyatı, təhsili, səhiyyəni, turizmi, idman sektorunu çökdürməsindən bəhs etməyə başlayırıq. Bütün şüurumuza hakim kəsilib koronavirus.
Adam maraqlanır ki, görsün, türkün sözü, sinema aləmində hansı yeniliklər var, hansı filmlər çəkilir, məlum olur ki, nə kino, nə film, bütün serial çəkilişləri çəkilib, hətta Kıvanc Tatlıtuğ koronavirus şübhəsi ilə karantinə alınıb, Tom Henks virusa yoluxub.
İdman sahəsindən, futboldan pozitiv xəbər yazmaq istəyirsən, ortaya çıxır ki, pandemiya ilə bağlı bütün çempionatlar dayanıb, Ronaldo karantindədir, “Bavariya” klubu karantin qaydalarını pozan Boatenqi cəzalandırıb, FİFA-nın müdiri İnfantino isə deyib ki, koronavirusdan sonra futbol tamam fərqli olacaq.
Musiqi, şou-biznes sektorunda da ürəkaçan xəbərlər yoxdur: müğənnilər koronavirusdan qorxurlar, bəziləri yardım, bəziləri artistlik edir. Tam əksəriyyəti evdən çıxmır. Həm də hara çıxsınlar, toy yox, şənlik yox. Onlar üçün sanki yenə də məhərrəm və səfər aylarıdır.
Bu xüsusda bircə ürəkaçan xəbərlər beynəlxalq terrorizm sektorundan gəlir. Terrorçular da fəaliyyətlərini dondurublar, daha cümə günləri İraq, Pakistan, Əfqanıstan kimi ölkələrdə məscid və bazarlarda terakt törədilməsi, yüzlərlə insanın həlak olması barədə xəbər gəlmir. Çünki camaat ibadətini evində edir, məscidə gəlmir. Öləcək adam az olandan sonra terrorçu-kamikadze nədən o qədər trotili, heksageni havayı işlətsin ki… Məntiq var.
Hə, bir də lokal müharibələr dayanıb. Koronavirus Rusiya, Türkiyə, İran, ABŞ, Suriya, Liviya əsgərlərinin qanının arasına girdi. Azca da ləngisə, adı çəkilən və çəkilməyən ölkələrin hərbçiləri bir-birini virusdan betər qıracaqdılar. Gülləyə baxmayın, virus cavan orqanizmləri öldürmür.
Vəssalam, göründüyü kimi, söhbəti hardan başlasan da, sonu virusla bitir, əziz mənim oxucularım.