Röyadan gözlənilməz etiraf: “Onsuz yaşaya bilmərəm”

“Sevgi gözəl hiss və gəşəng sözdür. Sevginin içində belə amansızlıq var. Birinə qıyırsan, icazə verirsən ki, səni sevsin! Sonra onun bütün ruhu sınır, dağılır. Ancaq daha çox yadda qalan amansızlıqlar olur. Buna görə də uşaq dünyaya gətirmək lazımdır”.

Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan AzTV-də yayımlanan “Ağ-Qara” proqramında qonaq olarkən deyib.

Məşhur müğənni verilişdə şəxsi həyatı, dostları, ailə üzvləri haqqında danışıb.

“Sevgi əmanətim oğlum Hüseynin atasında (Anar Cəlilov – red.) qalıb. Çünki ondan övladım var. Özüm çox insanları yandırmışam, sevgini az hallarda başa düşmüşəm. Çox aşiq olanın yanından yavaşca çıxıb getmişəm.

Ona görə də münasibətdəki dəyəri sonra anlamışam. İndi insanı pis vəziyyətdə qoyub getmək istəmirəm. Çünki özüm də bu vəziyyəti yaşamışam”, – deyə R.Ayxan deyib.

Daha sonra Röya kinli insan olduğunu etiraf edib:

“Mahnılarımı ürəkdən oxumuşam, çünki yaşamışam. Yaşananlar yaşanır. Həyatımda olan insanları belə unutmuşam. Çox əziyyət çəkmişəm. Hətta üz-üzə gəlmişəm, öz-özümə demişəm ki, bu kimdir ki, mənə belə baxır? Sonra yadıma salıblar, gülmüşəm. İnsanın üz cizgilərini unutmuşam. Kin yaxşı şeydir. Kinin içində yaxşılıq da, pislik də var. Bunları unutmuram. Münasibətdə isə heç kəsi yadda saxlamıram. Mən güclü insanları yadımda saxlaya bilərəm”.

Sənətçi həyatda hər şeyə tez nail olduğunu vurğulayıb:

“Biz dəyişirik, zaman yox. Zamanın içində dəyişirik. 37 yaşımda Xalq artisti oldum. Hər şeyə tez nail oldum. 10 yaşımdan işləmişəm. Küçədə oğlanla əl-ələ getməmişəm, uşaqlıq sevgisi yaşamamışam. Daha sonra evləndim, tez ana oldum. Daxilimdə rahat bir qadın var. Yaşamadıqlarımı nə vaxtsa yaşamağı düşünürəm”.

Xalq artisti hazırda sevgilisinin olduğunu etiraf edib:

“Gözlərim gülür, o gün, bu gündür. Qadın xoşbəxt olmalıdır. Rahat qadınam! Kimin belə sevgilisi var? Sevgi vacibdir, onsuz yaşaya bilmərəm. Mən bir nəfərlə danışıb-gülməliyəm, yemək yeməliyəm. Mənə hər səhər “bu gün nə edəcəksən?” deyən biri olmalıdır.

Fikirləşirəm ki, biri yanımda olanda rahat oluram, məsləhət alıram. Arada qadın olmaq istəyirəm. Kişilərdən məsləhət almaq rahatdır. Sadəcə, möhkəm oluram. Sevməyi sevmək xoşuma gəlir. Sevəndə qadınlar yumşaq olur, paxıl olmur. Hərdən münasibətdə olduğum adamla dava edirəm ki, gedib studiyada mahnını kədərli oxuyum. Daha sonra gəlib barışıram”.

Pop ulduz proqramda söyləyib ki, yalan danışmağı gözəl bacarır:

“Mən gəşəng yalan danışa bilərəm. Qarşımdakı insanın istədiyini ona deyərəm. Bu, psixoloji bir tələdir. Özüm haqqımda olmayan bir şeyi də qarşımdakına deyirəm. Çünki həmin şəxs istədiyi cavabı almaq istəyir. İnsanları gözəl tanıyıram. Bunu mənə həyat öyrədib. Özümdən asılı olan bir şey deyil”.

Röya səhv edən dostlarını bağışlamadığını qeyd edib:

“Əvvəlki kimi yumşaq insan deyiləm. Kəsib atmağı bacarıram. Bağışlamağa vaxtım yoxdur. Hər kəsin güvəndiyi insanam. Bir-iki kişi dostum var. Dostluq etməyi bacarıram. Amma səhvləri olmasın! Olsa, bağışlamayacağam”.

Загрузка...