Bu ilin mart ayının 23-dən Ukraynanın paytaxtı Kiyev şəhərində ictimai nəqliyyatdan yalnız dövlət üçün həyati önəm kəsb edən idarələrin əməkdaşları, özü də xüsusi buraxılışla istifadə edə biləcəklər.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, buraya tibb işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, mənzil-kommunal sistemində çalışanlar, ərzaq mağazalarının sahib və işçiləri, apteklərdə və “strateji müəssisələrdə” işləyən insanlar daxildir.
Bununla bağlı şəhər meri Vitali Kliçko xalqa video-müraciət edib.
Onun sözlərinə görə, qalan əhali məhdudlaşdırıcı tədbirlər davam etdiyi müddətdə ictimai nəqliyyata minə bilməyəcək. Karantin günlərində marşrutların xüsusi sxemi də müəyən edilib. Polislər burada sərnişinlərdə buraxılış səndinin mövcudluğuna və sanitar qaydalara riayət olunmasına nəzaət edəcəklər.
Vitali Kliçko Kiyevdəki bütün müəssisə rəhbərlərinə öz əməkdaşlarını uzaq məsafəli, yəni evdən işləməyə sövq etməyə çağırıb. Paytaxt meri əhalinin karantin tədbirlərinə əməl etmədikləri və infeksiyanın hədsiz sürətlə yayılması təhlükəsi səbəbindən belə addıma getməyə məcbur qaldığını vurğulayıb. Vitali Kliçko bunun üçün hətta Uhan şəhərinin rəhbərliyi ilə də onların təcrübəsini öyrənmək üçün əlaqə qurduğunu deyib.
Ukraynanın daxili işlər naziri Arsen Avakov da ictimai nəqliyyata qoyulan məhdudlaşdırmaları təsdiqləyib. O, həmçinin ölkədə sərt total karantin rejimin tətbiq olunmasının və strateji əhəmiyyətli obyektlər istisma edilməkə bütün müəssislərin bağlanmasının tərəfdarı olduğunu söyləyib.
Artıq Kiyevdə ictimai nəqliyyatda 10 nəfərdən artıq sərnişin buraxılmır. Ərzaq mağazaları xaric bütün bazar və ticarət obektlərinin işi dayandırılıb.
Bu gündən etibarən paytaxtda uşaq və idman meydançalarından istifadə olunması qadağan edilib.