Koronavirusa yoluxmamaq üçün ən yaxınlarınızla belə təması müvəqqəti olaraq dayandırın …..
Sosial məsafə və özünü təcrid etmək koronavirusa yoluxmağın qarşısını almağın ən təsirli yolları kimi göstərilir. Lakin cəmiyyətimizdə hələ də bu qaydaları ciddiyə almayan, məsxərəyə qoyan insanlar var.
Bəs bu ifadələr nə deməkdir?
Sosial məsafə və özünü təcrid etmək haqqında bilməniz gərəkən məlumatlar:
. Sosial məsafə adından da bəlli olduğu kimi digər insanlarla təmasdan uzaq durmaq deməkdir.
. İctimai yerlərdə daha az vaxt keçirmək, mümkünsə adam çox olan ərazilərə getməmək deməkdir. Buna nail olmağın bir neçə yolu var:
. Mümkün olduğu halda evdən işləyin
. Bütün lazımsız səyahətləri ləğv edin
. Barlarda, klublarda, teatrlarda və digər sosial tədbirlərdə iştirak etməyin
. Öskürək və ya yüksək hərarətdən əziyyət çəkənlərlə eyni evdə yaşayanlar 14 gün evdən çıxmamalıdırlar
COVID-19 virusu ağız və burun içindəki damcıların ətrafa səpilməsi və bu təmasda olan şəxsin virusu tənəffüs yollarına daşıması ilə yayılır. Buna görə xəstə və ya virus şübhəsi altında olan insanlar arasındakı məsafəni ən azı dörd-beş addım olması lazımdır. Normal heç bir xəstəliyi olmayan insanların isə ən azı bir metr məsafə saxlaması vacibdir.
Bu sadə metodlar həyatımız üçün çox vacibdir. Sosial məsafə ilə bağlı cəmiyyəti maarifləndirən videoçarxlar da hazırlanır.
Özünü təcrid etmə nədir?
Yüksək hərarət və ya öskürək şikayəti olan hər kəs özünü cəmiyyətdən təcrid etməyə hazır olmalıdır. Buna görə 14 gün ərzində evini və ya karantinə alındığı məkanı tərk etməməlidir.
Sosial məsafədən fərqli olaraq, özünü təcrid etmə fərdi izolyasiya, alış-veriş ümumiyyətlə, evdən çıxmamaq deməkdir.
Covid-19 əlamətləri olan bir şəxs ən azı 14 gün yaxşı havalandırılan, pəncərəsini ara-sıra açmaqla və heç bir ziyarətçi qəbul etmədən bir otaqda qalmalıdır.
Bununla yanaşı insanlar öz evlərində də bəzi qaydalara ciddi əməl etməlidir. Əgər ağciyər, böyrək çatışmazlığı, immun sistemi zəif olan və ya yaşı 65-dən yuxarı olan bir insanla eyni evdə yaşayırsınızsa, mütləq sosial məsafəni tətbiq etməlisiniz. Bu kimi hallarda evin içərisində belə həmin şəxslərlə ən azı 2 metr məsafə saxlamaq lazımdır. Belə adamlarla mətbəx və qonaq otağı kimi ümumi yerləri eyni vaxt bölüşmək məsləhət deyil.
Qeyd edək ki, koronavirusa yoluxan ölkələrin sayı 166-a çatıb. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son rəqəmlərə görə, yoluxan insan sayı 207 860, ölənlərin sayı isə 8 657-ə çatıb.
Turan Oruc
Musavat.com