Çinin Uhan şəhərində koronavirusun yayılmasından sonra, demək olar ki, bütün Çin karantindədir. Ümumiyyətlə təkcə Çin deyil, qorxunc virusun bulaşdığı bütün ölkələr ard-arda karantin rejiminə keçirlər.
Karantin tətbiqinin tarixi
Karantin haqqında bilmədiyiniz maraqlı faktları təqdim edirik.
Xəstəliklər bəşəriyyətin ən başlanğıcında özünü göstərib. Xüsusilə orta əsrlərdə vəba, taun. cüzam və.s bu kimi bir çox epidemiya xəstəlikləri var idi. Bu xəstəliklərdən milyonlarla insan öldü. Müasir tibbin irəliləməsi ilə epidemiyalar azalmağa başladı, amma təəssüf ki, tamamilə yoxa çıxmadı. Nəhayət, Çinin Uhan şəhərində görünən koronavirus qısa müddət ərzində bütün dünyaya yayıldı.
Karantin sözünün qısaca açıqlaması: Yoluxucu bir xəstəliyə məruz qalmış şübhəli vəziyyətdə insanları və heyvanları xəstəliyin ən uzun inkubasiya dövrünə bərabər bir müddət ərzində heç kimlə təmasda olmamaqla görülən tədbirlərdir.
Epidemiya xəstəlikləri qədim dövrlərdən bəri yaşansa da, bu söz sonradan müasir dilə çevrilib.
Tarixdə ilk karantin cüzam xəstəliyinə görə olub. Çox sayda insanın ölümünə səbəb olan bu xəstəlik bədəndə yaralar və deformasiyalara səbəb olub.
Digər tərəfdən, insanlar yoluxmamaq üçün xəstə insanlardan mümkün qədər qaçırdılar. Dövrün məşhur həkimləri də xəstələrdən uzaqlaşmağı tövsiyə edirdilər. Hətta bir çox xalqların leksikonundan “cüzamlıdan qaçan kimi qaçmaq” kimi idiomatik ifadə də var.
Təbabətin atası kimi tanınan yunan həkimi Hippokrat və Qədim Romanın ən əhəmiyyətli həkimlərindən biri olan Qalen, vəba xəstəliyinə qarşı “uzaqlaşmağı və mümkün qədər evə gec buraxılmağı” tövsiyə edirdi. 1300-cü illərin ortalarında Asiya, Avropa və Afrika bölgələrinə vəba yayılarkən tibbin verəcəyi ən yaxşı məsləhət bu idi.
Ancaq o vaxt karantin sözü hələ tələffüz edilmirdi. Karantinin ortaya çıxması 14-cü əsrin ortalarında Avropanı silkələyən vəba epidemiyasından sonra başladı.
1347-ci ildə Avropanın cənubuna çatan vəba 1350-ci ildə İngiltərə, Almaniya və Rusiyaya sürətlə yayıldı. Bu epidemiyada Avropa əhalisinin üçdə birinin yoxa çıxdığı təxmin edilir.
Yüz minlərlə insanın ölümü yoluxucu xəstəliklərə qarşı ciddi tədbirlərin görülməsinə səbəb oldu.
Bu tədbirləri misal gətirək:
1. 1374-cü ildə Milanın sahibi Barnabas Viskonti vəbaya yoluxan xəstələrin şəhərdən çıxarılıb uzaq yerlərə aparılmasını əmr etmişdi. Barnabasın əmrinə görə həmin xəstələrin orada ya sağalmağını, ya da ölmələrini gözləyən məsul şəxslər olmalı idi.
2. Aralıq dənizinin sıx limanlarından biri olan Ragusada (Xorvatiyanın Dubrovnik şəhəri) şəhərin baş həkimi Jacobo de Padua, müalicə üçün xaricdən gələn xəstələri şəhərin girişindən qıraqda çadırlarda saxlanılmasını tövsiyyə edirdi.
1348-1351-ci ilərdə vəba xəstəliyinin avropada yayılması
Bu tədbirlər təsirli olmadıqda, yeni bir tətbiq başlanmışdı. Bu tətbiqin adı “Terentino” idi. Buna görə, vəba xəstəliyinə məruz qalan bölgələrdən şəhərə girmək istəyənlər 30 gün nəzarət altında qalmalı idi.
Bunun ardından 80 ilə yaxın bir müddət ərzində bu cür ağır epidemiyalarda bu üsuldan istifadə edildi.
Bununla birlikdə Venesiya Respublikası bu tətbiqi 1423-cü ildə daha da inkişaf etdirdi. Şəhərdə xəstəlik əlamətlərini göstərən şəxslər xüsusi ayrılmış kiçik bir adaya göndərilirdi. Venesiyalılar “Lazaretto Vecchio” adlı kiçik bir adada tarixdəki ilk təcrid xəstəxanasını qurdular.
“Lazaretto Vecchio”
Bu praktikadan başqa, şəhərə gələn gəmilər, epidemiyanın paytaxta yoluxmaması üçün 40 gün ərzində şəhərin sahilindən uzaq dəniz kənarında saxlanılırdı.
Bütün sərnişinlər və ekipaj gəmidən düşməli, yükləri boşaltmalı və adanın ortasındakı anbara aparmalı idi. Adada həmin əşyalar sirkə, qaynar su və dərman bitkilərinin buxarı ilə dezinfeksiya edilməli idi.
Beləliklə, Venesiya respublikası dünyada ilk karantin sistemini tətbiq etdi. “Terentino” adı təcrid prosesinin 30 gündən 40 günə uzadılması səbəbindən “Quarantino” olaraq dəyişdirildi və bu söz “Karantin” oldu.
Turan Oruc
Musavat.com