Ölkədən çıxışına qadağa qoyulmuş boksçunun məşqçisi: “İki min manatı tapa bilmədik”

“Tələbəm Məryəm Cəbrayılovanın Avropa Olimpiya Təsnifat Turniri üçün Londona gedə bilməməsi xəbəri doğrudur. Onun ölkədən çıxışına “stop” qoyulub”.

Bunu Oxu.Az-a boks üzrə qadınlardan ibarət millimizin üzvü Məryəm Cəbrayılovanın şəxsi məşqçisi İlham Əlimzanov deyib.

O bildirib ki, ölkədən çıxışına qadağa qoyulması haqda rəsmi sənədi yenicə aldıqlarından, tələb olunan pulu ödəyə bilməyiblər:

“Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ölkədən çıxmama haqda qərar var. Çünki xuliqanlıq maddəsi ilə açılan iş üzrə ona 2 min manat cərimə təyin olunub. Həmin pulu ödəmədiyindən, ölkədən çıxışına qadağa qoyulub.

Biz də bir gün qalmış pul tapa bilmədik. Federasiya da bu vəsaiti vermək imkanında olmadığından, Məryəm həmin yarışa gedə bilmədi. İndi o, mayda Fransanın paytaxtı Parisdə keçiriləcək Dünya Olimpiya Təsnifat Turniri vasitəsilə Olimpiadaya lisenziya qazanmağa çalışacaq”.

Qeyd edək ki, Məryəm Cəbrayılova ötən ilin may ayının 5-də Günay Zeynalova adlı xanımı döydüyü üçün barəsində xuliqanlıq maddəsi üzrə cinayət işi açılmışdı. Səbail Rayon Məhkəməsi ittihamı əsaslı bilərək boksçunu cərimələmişdi.

Загрузка...