“Ax, gözəl Azərbaycan Vətənim! Harada qalmısan?”
(Mirzə Cəlil)
Əgər Azərbaycanda qadınların hüquqları pozulursa, nə təhər oldu, bəs Milli Məclisə sədr qadınlar arasından seçildi? Deməli, bu feministlərin söhbətləri boş-boş sözlərdir. Ümumiyyətlə, bizim Qarabağ dərdimiz var, ona görə istənilən aksiyada şüar seçərkən bu temaya üstünlük verilməlidir. “İş, çörək, Qarabağ”, “Gəlin yığışaq, gedin ölün!”, “Dədəm mənə oğul desə nə dərdim!”, “Angina mənimdir, istəsəm İranda müalicə edərəm” və sairə. Yaxşı yadıma düşdü, bizim tarix boyunca Natəvan, Həcər, Nigar, Tomris kimi qeyrətli qadınlarımız olubdur, heç vaxt etiraz aksiyasına dövlətçiliyə zidd şüarlarla qatılmayıblar. Tomris İrandan ölkəmizə koronavirus yaymaq üçün cəhd edən Kiri tutub başını dezinfeksiya eləmişdi. Biz ümumiyyətlə etiraz aksiyası qayırmaq istəyən hər kəsə şüar seçib hazır vəziyyətdə qoymalıyıq ki, əziyyət çəkməsinlər, sonradan dilə-dişə düşməsinlər. Bəlkə yeni deputatxanada “Aksiyalara çıxmaq üçün şüarlar haqda Azərb. Resp. Qanunu” adlı sənəd düzəldilməlidir. Yoxsa dərəbəylik olur. Düzdür, mən özüm dövlətçiliyi, hökumətçiliyi, millətçiliyi dəstəkləyirəm, hər hansı aksiyaya-zada qatılmaq fikrim yoxdur, lakin şüar hazırlamaq üçün pulsuz ideyalar verməyə hazıram. Hamımız azərbaycanlıyıq. Elə bürün, palaznan sürün. Balığı at dəryaya, sənə neft çıxartsın. El üçün ağlayan gözün qızıl sağanaqlı çeşməyi olar. Yeni parlamentimizin üzərinə çox məsul, şərəfli, ağır, çətin vəzifələr düşür. Zarafat deyil – bir də Allah və koronavirus bilir təzə və növbədənkənar seçki haçan olacaqdır. 125 nəfərin 120-si qızdırmaya tutulsa belə məcburdurlar işi davam etdirsinlər (bu haqda az sonra yenə yazaram).
Mövzu açılmışkən, mən Milli Məclisin birinci iclasından qabaq idarənin qabağında teplovizor qoyub deputatların temperaturunun ölçüldüyü xəbərlərini bir az nigaranlıqla qarşıladım. Bəlkə orada temperatur 40 olsa, saxtakarlıq edib 36 göstəriblər? Hər şey mümkündür – biz parlament seçkilərində cürbəcür rəqəmlər görə-görə gəlmişik, hətta bədəni 0 dərəcə göstərən adam, yəni ölü səsvermədə iştirakçı olmuşdu. Ümid eləyək temperatur aparatını Məzahir müəllimə tapşırmayıblar. Əslində adam bu dəqiqə qoşunu qırılmış general vəziyyətindədir, tapşırıq olsa belə mövqeyindən tərpənə bilməz, səngərin içində qalasıdır – müəllimləri Nazirlər Kabineti evdən çıxmağa qoymur, həkimlər və medsestralar can hayındadır, JEK işçiləri isə ora-bura xlor yaxırlar. Görünməmiş, fövqəladə vəziyyətlə qarşılaşmışıq. Növbədənkənar seçki keçirməyə adam yoxdur. (Yazdım). Hətta Novruz bayramı da faktiki ləğv edilib, Kosa və Keçəl yumurtanı kiminlə döyüşdürəcək, məlum deyildir. Qapı pusma, papaq atdı, tonqal-filan hamısı getdi işinin dalıyca. Papaq atarsan, içinə virus qoyarlar. Çox çətin vəziyyətdir.
Ancaq yenə də başqa ölkələrə baxanda bizə şükür. O İrandan gəlib Gürcüstana gedən adamda sonradan virusu necə tapmışdılar, bilirsinizmi? Azərbaycanın içindən keçdikcə, bizim uğurlarımızı, regionların inkişaf planlarını görəndən sonra paxıllıqdan qızdırması qalxmışdı! Çoxları belə olur. Hamısının istiliyi qalxır. Özünüz düşünün: İtaliyada idman qadağan olunur, ancaq 5 martda Naxçıvanda, meydanda xalqın və hökumətin iştirakıyla geniş idman, bədən tərbiyəsi bayramı keçirilirdi. Deməli, biz heç zaddan qorxmuruq. Hərçənd bu sahədə qardaş türkmən xalqına çatmağımıza hələ çox var. Orada prezident Qurbanqulu müəllim… maska taxmağı qadağan edibdir. Rəsmi qərar çıxarılıb ki, Türkmənistanda koronavirus yoxdur. Virus yoxdursa, bəs sən niyə maska taxırsan? Di get cavab ver. Yəni prezident faktiki virusu kökündən ləğv eləyibdir. Nə qədər gözəl ölkədir. Oğuz elimizdir. Açığı, mən oralar üçün çox darıxıram. Kaş biz də nəhayət o vəziyyətə çatsaydıq. Yoxsa bəzi həşəratlar orada-burada dızıldaşır, imkan vermir milli köklərimizə qayıdaq. Axundovun, Zərdabinin, Hacıbəyovun, Rəsulzadənin-filanın evi yıxılsın, necə ki yıxılıbdır. Bizi özümüzə dəxli olmayan müstəvilərə sürükləyib gorbagorlar. Necə ki gorbagordur çoxu, bilinmir harda ölüb-qalıblar.
Ağlasığmaz inkişafın başqa əlaməti parlament sədrinin seçkisində də özünü göstərdi. Mən hər yerdə axtardım, ancaq təzə sədrə 116 səs verildiyi yazılmışdı. Əleyhinə, bitərəf olubdurmu – bir hərf də yazılmamışdı. Niyə yazılsın? O cür dərəbəylik başqa ölkələrdə, bizim isə keçmişdə qaldı. Bizdə yekdillik erası başlanır. Yaxşı uşaq adıdır: Yekdil. Buyurun, istifadə edin, yoxsa hara baxırsan dini adlar qoyurlar.