Onlar bir-bir gedirlər. Sıraları ilbəil seyrəlir. Biz onları – 1988-ci ilin fevralında qrup halında, həmin ilin noyabrında isə kütləvi şəkildə ayağa qalxan, xalqın salamatlığı, təhlükəsizliyi, haqları uğrunda öz canlarını fəda etməyə hazır olan və fəda edən adamları bir-bir itiririk.
Biz onlara ya “hərəkatçılar”, ya da “Elçibəyçilər” deyirik. Onların yarpaq tökümü hərəkatın ilk illərindən başlamışdı. Elçibəyin vəfatı hərəkatçıların, AXC liderlərinin bu fani dünyadan köçməyə başlamalarının pik nöqtəsi oldu. Ardınca o birilər də getdi.
Ötən ilin sonunda Vurğun Əyyub, bu ilin əvvəlində Tofiq Qasımov, bu günlərdə isə İsgəndər Həmidov bizi cismən tərk edəndə millət olaraq anlamağa başladıq ki, çox dəyərli insanları itiririk.
Onlar sıradan bir dövlət məmuru deyildilər. O yüksək vəzifələrdə onlardan əvvəl də, sonra da onlarla insan çalışıb – həm də müddət etibarilə götürsək, hər biri o vəzifələrdə beş-altı qat çox oturublar. Ancaq dillərdə-ağızlarda “Elçibəyin kadrları”nın söhbətidir. Onlar vəzifədə cəmi bir il işləyiblər, amma 27 ildir söhbətləri gedir.
Təbii ki, onların işini, fəaliyyətini bəyənməyənlər, ağız büzənlər, odlu-odlu “xalqın evini yıxdılar”, “dövləti batırdılar” deyənlər də var. Ancaq haqsızdırlar, söhbət hansı dövlətdən gedir? Onlara qədər dövlət vardımı? Onlara qədər Azərbaycan bir hüquqsuz federasiya subyekti idi. Bu müstəqil dövləti onlar qurmuşdular, daha doğrusu, qurmağa başlamışdılar. Eləcə, bünövrəsini töküb, bir daş qaldırmışdılar ki, iş başına başqaları gəldi.
Ondan sonra hərəkatçılar gözdən düşdülər və təkcə gözdən yox. Bir xeylisi müharibə səngərlərində şəhid düşdü, bir qismi ölkəsindən didərgin düşdü, bir dəstəsi həbsə düşdü, bəziləri xəstə düşdü. Müxtəlif illərdə öz siyasi rəqiblərinə əsir düşənlər, tamahına yenik düşənlər, apardıqları mübarizədə qüvvələrin qeyri-bərabər olduğunuı başa düşənlər, nəhayət, ümidsizliyə qapılıb ruhdan düşənlər oldu. Hər dəfə məğlubiyyətlə üzləşəndə bir-birinin üstünə düşənlərin söhbəti də bir başqadır.
Beləcə, 32 ildən sonra ortada olan fakt odur ki, köhnə hərəkatçılar pərən-pərən düşüb.
İndi biz onların bir çoxunu, daha məşhurlarını yalnız mətbuatda barələrində “dünyasını dəyişdi” xəbərləri çıxanda yada salırıq. Oxuyuruq, üzülürük. Başqa heç nə.
Onlar bu xalqı xoşbəxt etmək istəyirdilər. Barələrində nə deyirlər, desinlər, hamısı əfsanədir, heç kəs onların bu ülvi hisslərinə, saf niyyətlərinə kölgə sala bilməz. Onlar özlərindən çox xalqı düşünürdülər. Aralarında tamahkarlar, karyeristlər, naşılar da vardı, amma ilk başlarda tam əksəriyyətinin məqsədi, məramı aydın və təmiz idi. Həyat hamı kimi onları da sıxdı, öz istədiyi şəklə saldı.
Onların arasında “istiqlalçı deputatlar” adlandırılan bir kəsim də var. Onların sırası da xeyli seyrəlib. Azərbaycan parlamentarizminə canlı debat, rəy müxtəlifliyi, mövqe dartışması kimi anlayışları onlar gətirmişdilər. Onlar öz partokrat rəqiblərindən sayca beşqat az idilər, amma azlığın çoxluq üzərində qələbə qazanmasının parlaq nümunəsin göstərdilər. Çünki arxalarında xalq və haqq dayanmışdı.
İsgəndər Həmidov da onlardan biriydi. O, öz əsəbi çıxışlarıyla, çılpaq həqiqəti çəkinmədən söyləməsi ilə, qətiyyət dolu sözləri ilə fərqlənirdi. Ona görə də 1992-ci ilin mayında prezidentin səlahiyyətlərini icra edən İsa Qəmbərin ilk fərmanlarından biriylə İsgəndər Həmidov daxili işlər naziri təyin ediləndə çox da gözlənilməz olmadı. Tam əksinə, hərc-mərcliyin hökm sürdüyü ölkədə məhz onun qayda-qanun yaradacığına dair böyük gözləntilər vardı.
Ancaq yuxarıda deyildiyi kimi, müxtəlif səbəblərdən hərəkatçıların iqtidar komandasının ömrü gödək oldu. Burası çox uzun söhbətdir, 27 ildir danışılır, yazılır, amma bitmir.
Bir hakimiyyət komandasının iş başına gəlməsi və getməsi, əlbəttə ki, faciə deyil, siyasət aləmində sıradan bir şeydir. Amma Elçibəy iqtidarının hakimiyyətdən vaxtından tez, növbədənkənar getməsi həm xalq üçün, həm də komandanın özü üçün faciəvi oldu.
Onlar qarşılarına qoyduqları planların yüzdə birini reallaşdıra bilmədilər. Sonradan məlum oldu ki, heç şəxsi planda da “uğur”ları olmayıb.
İndi isə o komandanın xəzan mövsümüdür, “yarpaq tökümü” sürətlənib. Onlar bizi tərk edirlər – həm də tarixi xidmətlərinin dəyərini almadan.
Millətin istiqlalı üçün can qoyanların heç birinin “İstiqalal” ordeni yoxdur (bəlkə də hansınınsa var, bilmirəm), əvəzində istiqlala qarşı olanlar belə bir ali mükafata sahibləniblər.
Kədərlidir…