ABŞ-ın Nyu-York məhkəməsinin jüri üzvləri Hollivud prodüseri Harvi Vaynşteynə qarşı irəli sürülən ittiham aktının 5 bəndindən 2-də onu təqsirli hesab edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “CNBC” kanalında məlumat yayılıb.
Məhkəmə andlıları onun 2013-cü ildə stilist Cessika Manna təcavüz etməkdə günahkar olduğunu təsdiqləyiblər. Buna görə H.Vaynşteyni 4 il azadlıqdan məhrum etmə cəzası gözləyir.
Bundan başqa, hökmdə prodüserin 2006-cı ildə öz mənzilində “Proyekt Podium” adlı realiti-şou proqramındakı assistenti Miriam (Mimi) Heylini əxlaqsız seksual hərəkətə məcbur etdiyi və buna görə də “birinci dərəcəli kriminal seksual akt” həyata keçirdiyi göstərilib. ABŞ-da razılıq olmadan hər hansı seksual hərəkətə məcbur etmə əsl cinayət hesab olunur. Bu maddəyə görə Vaynşteynin 25 il cəza alacağı şübhə doğurmur. Lakin Nyu-York məhkəməsi, prodüserə “birinci dərəcəli zorlama” və “seksual zorakılıq” kimi əsas ittihamlarda bəraət qazandırıb. Əks halda onu ömürlük həbs cəzası gözləyə bilərdi.
Bu il yanvar ayının 7-də keçirilən məhkəmə istintaqında Harvi Vaynşteyn nə Miriam Heyliyə sataşma, nə də Cessika Manna qarşı zorakılıqda özünü təqsirli bilib. Onun vəkilləri isə hakim Ceyms Berki məhkəmə iclaslarında şahidlərin dindirilməsi zamanı qərəzli və yönləndirici şərhlər verməkdə suçlayıblar.
İndi keçmiş prodüseri bundan sonra 2013-cü ildə iki qadına qarşı seksual zorakılıq əməlinə görə Los-Ancelesdə daha bir məhkəmə gözləyir.
Qeyd etmək lazımdır ki, Vaynşteynin pozğun hərəkətlərinə görə onu ittiham edənlər arasında Ancelina Coli, Eşli Cadd, Uma Turman kimi məşhur ulduzlar da yer alıb. Prodüserə qarşı ABŞ-da və dünyada populyarlıq qazanan #MeToo sosial şəbəkə hərəkatı da başlayıb.