“Derlər, İran günbəgündən xar olur, əlbəttə ki!
Səhhətin hifz etməyən bimar olur, əlbəttə ki!”
(Mirzə Ələkbər Sabir)
Elə adamlar var çalışmayanda vətənə daha böyük xidmət göstərirlər. Keçmiş baş nazirimiz Artur müəllimin dünən prezidentin sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsini bu cür başa düşmək olar. Çünki Artur müəllim baş nazir portfelini daşıyanda ona bu ordenin yalnız 2-ci və 3-cü dərəcəsini almaq qismət olmuşdu. İndi pensiyaya çıxıb və 1-ci dərəcə alır. Məntiqə görə Artur müəllim bulvarda ağsaqqallara qoşulub nərd oynayarkən ana vətənimizə xidmətdə ən yüksək səviyyəyə çatmışdır.
Ümumiyyətlə, elə dövrdə yaşayırıq ki, insana xeyirin haradan, bəlanın hansı tərəfdən gələcəyini öncədən proqnozlaşdırmaq çox çətinləşibdir. Örnək üçün, parlament seçkiləri az qala bir aydır yekunlaşıbdır, hətta təzə deputatlar özlərini buraxıb növbəti növbədənkənar (bu da yeni dövrün tələbidir, hər şey növbəsiz olmalıdır) seçki keçirməyə hazırlaşırlar, lakin MSK sədri Məzahir müəllim yekun aktını imzalamağa tələsmir. Adam nə qədər şikayətə baxar? İnsan nə dərəcədə ədalətsevər olar? Yarım dənə şikayət belə havada qalmır. MSK hər şeyi müzakirə eləyir. Hansısa məntəqədə müşahidəçilər kolbasa-çörək yeyərkən sədr onlara “nuş olsun” deməyibdir? Dərhal nəticə ləğv olunur! Haradasa seçici asqırıb? Cinayət işi açılmalıdır! O dairədən yeddisi, bu dairədən səkkizi, filan rayondan 1 məntəqə, beşməkandan 2 məntəqə… Ləğv edə-edə gedir. Qorxulu haldır ki, bəlkə Məzahir müəllim şövqə girib axıra bir dənə məntəqə saxlamasın. Məncə, gəlin ondan xahiş eləyək, nəfəs dərsin. Ayaq saxlasın. Əyləci bassın. Bu qədər demokratiya Fransa üçün də çoxdur.
Həm də bunun qorxulu presedent yaratmaq tərəfi var. Axı bizdə hər seçki demokratiya yolunda irəliyə doğru növbəti addım olur. (Bunu ilk dəfə hələ 1970-ci illərdə sovet rəhbəri Lyonya Bejnev hiss eləmişdi və “Azərbaycan iri addımlarla irəliləyir” söyləmişdi. O temada yaxşı lətifələr və pritçalar qoşulmuşdu, məktəbli nanəcib uşaqlar qəzeti oxumasaydı burada yazardım. Lakin indi Təhsil Nazirliyinin haqlı qəzəbinə tuş olmaq istəmirəm). İndi belə çıxır növbəti növbədənkənar parlament seçkisində Məzahir müəllim daha yüksək nəticələrə çalışmalıdır ki, bizdə inkişaf gözlə görünsün. Yoxsa durğunluq dövrü olar. Misal üçün, indi seçkiyə 1300 namizəd buraxılmışdısa, gələn dəfə 2300 olmalıdır. Yaxud bu dəfə 100 məntəqədə nəticə ləğv olunubsa, o birində 300-ünə cinayət işi açılmalıdır və sairə. Əks halda, biz irəliləyişdən danışa bilmərik. Bəlkə də danışarıq, ancaq xalqı inandırmaq çətin olar. Xalqın inamı isə Azərbaycan hökuməti üçün əsas məsələdir. Xalqın inanmadığı heç bir iş görülmür. Hər işi görəndən sonra xalqı çağırıb şəxsən soruşurlar: “İnanırsınızmı?”
Cinayət işi demişkən, görəsən, o boyda ləğv edilən məntəqələrin sədrlərinə hansısa qulaqburması veriləcəkmi? Əks halda, bu mərəkənin mənası qalmır. Xalqın seçki hüququ pozulubsa, dövlətin külli miqdarda vəsaiti boşuna sərf olunubsa, buna hüquqi cavabdehlik lazımdır. Yoxsa elə “Məzahir müəllim ləğv elədi, bəsdir” söhbəti ilə iş bitmir. 100 məntəqə ləğv olunubsa, azı 100 cinayət işi açılmalıdır.
Bizdə demokratiyanın bərqərar olmasına gözlənilməz təhlükə də ortaya çıxıbdır, İranda koronavirus yayılıbdır. Xalqımız mömin xalqdır, bunun nə qədər Quma, Məşhədə ziyarətə, mədrəsədə oxumağa gedəni var. Hələ həkimə gedənləri demirəm. Bu da başqa faciədir: “Semaşko”dan qaçıb Ərdəbilə, Təbrizə həkimə gedəsən, sonra qayıdanda səni karantin üçün “Semaşko”ya basalar… Əgər cənubda təhlükə artsa, məcburuq kütləvi toplantıları təxirə salaq və parlamentin ilk iclası qeyri-müəyyən vaxtacan təxirə düşsün. Lap birtəhər iclası keçirsək deputatlar maska taxıb gələcəklər, o zaman biz öz deputatımızı üzdən tanımaqda çətinlik çəkəcəyik. Düzdür, biz onların üzünü heç əvvəllər də görmürdük, ancaq hər halda, təsəvvür edirdik. Görmədiyin üzün maskalısı lap anlaşılmaz situasiyadır. Ümid edək baş infeksionistimiz Cəlal müəllimin bu temada nəsə maraqlı, məzmunlu tövsiyəsi olacaqdır. Məsələn, deputatın burnuna soğan suyu damcılatsan, əhali ilə görüşə bilərmi?
Sözgəlişi, Aqil müəllim “soğan əkin” deyərkən uzaqgörənliklə elə bu koronavirus təhlükəsini nəzərdə tutmuşdu. Ona da 1-ci dərəcəli medal düşür.