“Amerika çox balaca otaqdakı sülhsevər köpəkdir. Hər dəfə o, quyruğunu yelləyəndə stulu aşırdır”
(Arnold Toynbi)
Nikita Xruşşov sağ olsaydı Azərbaycanın uğurları ilə möhkəm sevinərdi. Axı biz onun SSRİ şefi işləyərkən xalqa verdiyi vədi – “Amerikaya çatıb, onu ötəcəyik!” – artıq bütün parametrlər üzrə yerinə yetirməkdəyik. O vaxt bir ağsaqqal da Nikita müəllimə demişdi ki, bəlkə ABŞ-a çataq, ancaq ötməyək, çünki şalvarımızın dalındakı yamaqları görərlər. Ağsaqqal daha ağlına gətirmirdi, vaxt gələcək, yamaqlı şalvar salamat şalvardan baha satılacaq. Ancaq mövzumuz bu deyildir. Amerikadan bəhs edirdik.
AzTV-nin keçmiş liderlərindən İbrahim müəllim demişkən, götürək elə yaxın qonşumuz Yuta ştatını. Orada yerli idarə təzəlikcə qanun qayırıbdır və artıq ştat sakinlərinə üç, dörd, kefi istəyən qədər arvad almağa icazə verilibdir. Qabaqlar çoxarvadlılıq cinayət məsuliyyəti yaradırmış, indi isə uzağı 700 dollar cəriməsi vardır. Orada mormonlar deyilən bir dini sekta yaşayır, onların adət-ənənəsinə görə, kişinin çoxlu arvad alması mümkündür, hətta Allah-təala və onun balaca oğlu İisus tərəfindən savab sayılırmış. Bu da sənə demokratiyanın beşiyi, azadlığın deşiyi, nə bilim, Trampın yeşiyi… Görəsən, amerikalılar indən belə başqa dünya camaatlarına demokratiya, insan haqları dərsi keçəndə azacıq da olsa utanıb qızaracaqlarmı? Hələ görürsən bizim deputat seçkilərinə qiymət qoyurlar, Dövlət Departamenti “seçkilər saxta olub” açıqlaması verir. Biz sizin çoxlu arvad almağınıza qarışırıq? Siz də bizim seçkilərə qarışmayın. Seçkini bu cür keçirmək də bizim milli adətlərimizə daxildir. Hətta istəsək Əfruz xalanı YUNESKO irsi siyahısına daxil edərik. Puluna minnət. Çağdaş dünyada, bazar iqtisadiyyatında hər şeyin öz qiyməti vardır.
Həmçinin biz qadınlara Şərqdə ilk dəfə seçmək-seçilmək hüququ vermişik. İlk dəfə qadınlara Bəsti, Kifayət, Yetər kimi mütərəqqi adlar qoymuşuq. Ancaq Amerikada qadınlara alət, məhsul gözüylə baxırlar. Ar olsun. Utanın kanyona girin. Utanın, yutalılar.
Yaxud keçən ilin axırında bizdə Paster ləqəbli bir gənc reperi 30 sutka dama basmışdılar, hər yerdən hüquq müdafiəçiləri qışqırışırdı. Paster milli banklarımızdan birinə öz mahnısında sataşmışdı. Deyən gərək mövzun yoxdur? O biri reperlər, manıslar kimi güldən, bülbüldən, teldən, incə beldən mahnı qoşa bilmirsən? Yooox, bu gərək nəyəsə mız qoysun. Ancaq yenə də qardaşımız yaxşı qurtardı. Çünki müqayisə eləsək, Amerikada az qala hər ay neçə dənə reperi güllə ilə vurub öldürürlər. Elə srağagün 20 yaşında bir qarabalanı vurdular. Oğrular evinə giribmiş, qabaqlarına çıxıb. Bizdə axırıncı dəfə hansı manıs öldürülüb? Heç yadımıza gəlmir. Manıslar o qədər azad, demokratik, asudə yaşayırlar ki, hətta əcəlləri ilə də ölmürlər. Əzrayıl haçan gəlsə baxır adam toy aparır, televizorda yemək bişirir, ailə əxlaqı verilişlərində millətə dərs keçir, əli gəlmir bunu qətlə yetirsin. Çünki xalqa xidmət edən insanı öldürmək günahdır. Hələ onu demirəm ki, bizdə ev oğurluğu ümumiyyətlə aradan qalxıbdır. Camaat qapını açıq qoyub xaricə gəzməyə gedir. Yoxsa Vaşinqtonda, Nyu Yorkda baxırsan göydələnin 60-cı mərtəbəsində pəncərəyə dəmir barmaqlıq vurublar, oğru girməsin.
Elə bayaq seçkidən danışdıq, o məsələdə də biz ABŞ-dan qat-qat öndəyik. Misal üçün, onlarda prezident seçkisini Putin keçirdir, bizdə isə seçki olanda ruslar uzaqdan baxmağa yalvarırlar, icazə vermirik. Hətta zarafat üçün Mixail Zabelini neçənci dəfədir deputat qoyuruq. Moskva deyir dəyişin, dəyişmirik.
Azərbaycanlı oğlanlar var, öz klipində Amerika prezidentini artist kimi oynadıbdır. İndi düşünün, gerçək fövqəldövlət əslində hansıdır?