Çindən təxliyə olunan azərbaycanlı:

“Sağlamlıq arayışımızı Türkiyənin səhiyyə naziri şəxsən təqdim etdi. Ankarada Zəkai Tahir Burak adına xəstəxanada bizə yüksək səviyyədə xidmət göstərildi”.

Medianews.az xəbər verir ki, bunu “apa”ya açıqlamasında Çinin Uhan şəhərindən yayılan ölümcül koronavirus epidemiyasına görə bu ölkədən Türkiyəyə təxliyə edilərək 14 gün Ankarada xəstəxanada karantində saxlanılan və bu gün oradan buraxılan 6 Azərbaycan vətəndaşından biri Leyla Quliyeva bildirib.

Çinin Uhan şəhərində magistr təhsili aldığını deyən Leyla Quliyeva epidemiyanın yayılması xəbərini eşidəndə azyaşlı qızına görə çox stress keçirdiyini qeyd edib: “Qızım 7 yaş yarımlıqdır. Bir ana kimi onun üçün çox narahat idim. Baxmayaraq ki, tibbi nəzarət və gigiyena, eləcə də digər məsələlər həm Çində, həm də Türkiyədə çox yüksək səviyyədə idi. Uhanda da hər şey nəzarət altındaydı. Çin hökumətinin səhiyyəsi çox inkişaf etdiyinə görə operativ iş rejimində idilər. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Leyla Quliyeva deyib ki, Uhana qayıdıb təhsilini davam etdirmək niyyətindədir: “Təhsilimi mütləq davam etdirmək istəyirəm. Təhsil aldığım universitetdən və rəsmilərdən geri çağırış məlumatı gözləyirəm. Amma qızımı özümlə götürməyi düşünmürəm. Ailəm bu ağır, stresli günlərdə mənə dəstək oldu. Bu istəyimə də sayğı göstərirlər. Ailəmə, o cümlədən Azərbaycan, Türkiyə və Çin rəsmilərinə bizə hərtərəfli dəstək göstərdiklərinə görə çox təşəkkür edirəm”.

Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır. Ekipaj, texniki və tibbi heyət üzvləri ilə birlikdə təxliyə edilənlərin sayı 61 nəfərdir. Ekipaj, texniki və tibbi heyət üzvləri bundan əvvəl evə buraxılıblar.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bu gün bildirib ki, analizin nəticələrinə əsasən, 42 nəfərdə koronavirus aşkarlanmayıb. Nazir qeyd edib ki, onların 14 günlük karantin müddəti başa çatıb. Azərbaycanın Türkiyədəki səfirliyindən verilən xəbərə görə, onlar gün ərzində Azərbaycana yola salınacaqlar. Azərbaycanın Səhiyyə Nazirliyi Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının yenidən karantinə götürülməsi məsələsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna verilən cavaba görə, həmin şəxslər Türkiyədə 14 gün karantin müddəti keçiblər. “Buna görə də onların ölkəyə qayıtdıqdan sonra təkrar karantinə alınmasına ehtiyac yoxdur”, – deyə Nazirlikdən bildirilib.

Загрузка...