“O dünyadan gələn adam,
Orda havalar necədir?
Nəvələri naçar qoyub
Gedən babalar necədir?”
(Balaxan Qərib)
Havanın qəfil kəskin soyuqlaşmasını hava idarəsi iki gün qabaqcadan yüksək dəqiqliklə xəbər verdi. Bu da bizdə əhaliyə xidmətin səviyyəsindən xəbər verir. Haçan külək əsəcək, əynimizə palto, yoxsa güllü tuman geyəkmi, uşağı evdə saxlayaq, yoxsa məktəbə buraxaq, hansı yollar buz bağlayacaq, hansı yollar Romaya, hansı Ramanaya aparacaq və sairə – bütün bunlar hamısı xırdalıqlarına qədər dövlət tərəfindən əhaliyə çatdırılır, biz də işimizi, həyatımızı buna uyğun qururuq.
Ağacların altında durmaq vaxtı da camaata saniyəsinə qədər bildirilir. Get, söykən ağaca, əlini də qoy çənənə, şairanə poza ver. Ancaq hökumətin xəbərdar elədiyi müddətdə. Onu bir saniyə keçsən ağacı külək aşırdır, məhv olursan. Biz isə zəhmətkeşlərimizin uzun ömür sürməsində, regionların inkişafı üzrə 17-ci beşillik planın yerinə yetirilməsini, kommunizm quruculuğunu canlı görməsini istəyirik.
Amma və lakin son şaxtalar əhalidə istər-istəməz suallar yaradır. Rəhmətlik Hacıbaba müəllimin 80-ci illərdə oynadığı teletamaşada verdiyi sual aktuallaşır: “Nöş belə oldu, Çibuş?” Doğrudan da, hava idarəsinin məlumatına görə hazırda fevral üzrə iqlim normasından 2-3 dərəcə aşağı enmə vardır. Biz o qədər isti, mülayim, gözəl günlərə öyrəşmişik ki, mat qalırıq. Axı havanın soyuması üçün hər hansı ictimai-siyasi səbəblər yoxdur!
Özü də biz hansısa Kaliforniyada, Avstraliyada, nə bilim, Çukotkada yaşamırıq ki, meşə yanğınlarından, daşqınlardan, sümük donduran şaxtalardan əziyyət çəkək. Maşallah, dünyada olan bütün yaxşı iqlim qurşağı bizdə yerləşir. Düzdür, təzəlikcə bir alim məlumat verdi ki, o “11 iqlim qurşağından 9-u bizdə var” söhbəti bir növ fıs çıxıbdır, kökündən yalandır, əslində Azərbaycanda cəmi-cümü 8-ə yaxın iqlim tipi vardır. Qurşaq yox ha, tip. Tip söhbətinə inanırıq, tiplərdən boluq.
Mən bu istiqamətdə jurnalist araşdırması apardım, ortaya bir fakt çıxdı. Sən demə bizim Ekologiya Nazirliyinin həmin hava idarəsinin (adı hidrometeorologiya gedir, ancaq bunu dəqiq belə yazsam guya hava düzələcək?) müdiri Əkbər Həsənovu tutub zindana salıblar. Hazırda Əkbər müəllim “hava məhbusu” adıyla Avropa Şurasının siyasi məhbuslar siyahısına düşübdür, bu qara yumor idi, oxumasanız da olar. Yox, Əkbər müəllimi həqiqətən tutublar, mən siyasi məhbus hissəsinə guya zarafat elədim, əslində bizdə siyasi məhbuslar yoxdur, bunu neft və qaz satdığımız bütün dövlətlər yaxşı anlayırlar. Sözümün canı nədir? Əkbər müəllim hava idarəsinin müdiri olarkən yeyintiyə yol vermişdir, bütün yaxşı havaları özünə götürmüşdür. Onun saysız ev və villalarında aparılan axtarış tədbirləri zamanı oksigen küpləri, yağış buludları, Günəş işığı, səhər küləyi, aylı gecələr və yaylaq havası müsadirə edilib götürülmüşdür. Zarafatsız, deyirlər müdir 27 nəfərin adına saxta maaş kartları açaraq 200 min manat dövlət vəsaitini mənimsəmişdir. Dəhşətdir. Tam 200 min manat. Nə qədər böyük korrupsionermiş… Məncə ona havasız kamerada işgəncə versək azdır.
İndi güman edirəm Əkbər müəllimin azadlıqda qalan əlaltıları havanın korlanmasında maraqlı olmuşlar. Qəsdən iqlim normasını aşağı salıb əhalidə dövlətə qarşı süni narazılıq oyatmaq, çirkin məqsədlərindən istifadə edərək xaricdən maliyyələşən qara qüvvələrin dəyirmanına su axıdan erməni təxribatcı diversion qüvvələrinin sabitliyi pozmaq cəhdinin qarşısı alınmışdır. Şükür, cümləni birtəhər toplaya bildim, halbuki fizikaya görə soyuqda cümlələr qısalmalı idi. Köşə normasını aşmadan nöqtə qoyuram.