“İkinci dəfə skripka şəklində hazırlanmış iki ördək, fleyta və qaboy şəklində sosiska və kolbasa, arfa şəklində dana döşü gətirdilər. Xidmətçilər bizim üçün konus, silindr, paraleloqram və başqa həndəsi cisimlər şəklində çörək doğradılar”.
(Svift, “Qulliverin səyahəti”)
Keçən ilin axırında deputatlar özlərini buraxanda bunu həm yuxarıdan gələn təkliflə əlaqələndirdilər, həm də dedilər düzgün deputat olmamışıq, aparılan islahatlara cavab verməmişik. Və bu qərar yekdilliklə qəbul olunmuşdu, yəni, etiraz edən olmamışdı. Daha doğrusu, deyəsən bircə Arif Rəhimzadə narazı qalmışdı. Təbii ki, bundan sonra həmin deputatların yenə öz namizədliyini irəli sürməyi vətəndaşlarımızda sual doğurur, bu sualı dairələrdə həmin deputatlığa namizəd keçmiş deputatların üzünə çırpırlar. Maraqlıdır, etiraz edən Arif müəllim heç təzədən namizəd olmadı, qərarı dəstəkləyənlərdən fərqli olaraq.
Ancaq burada dərindən fikirləşsək ötən iki ayda hansısa dəyişiklik olması mümkündür. Yəqin deputatlar keçən ilin noyabrında əldən düşüb seçicinin tələbatına cavab vermirdilər, indi isə yeni nəfəs açılıbdır. Hər anın bir hökmü vardır. Məsələn, Yeni ildə çoxlu paytaxt salatı və hinduşka kababı yeyirsən, güc gəlir. Başa düşürsən ki, dairədə edəcəyin işlər hələ çoxdur. Ədalətli olmalıyıq. Həyat yalnız ağ və qara rənglərdən ibarət deyil. Gəlin insanlara bir daha şans verək. Bəlkə onlar bu dəfə zəhmətkeşləri yarıdacaqdır?
Ümumiyyətlə, istənilən insanı, prosesi, sistemi qaralamaq, şərləmək çox asandır. Rəhmətlik Konfutsi demişkən, qaranlığı söyüncə, bir şam al yandır. Bir viruslu xəstəyə maska al ver. Yoxsa biz qıraqdan duraq ancaq tənqid eləyək, bununla erməniləri sevindiririk. Misal üçün, görürsən hansısa rayonda məktəbdə şagird bıçağı çəkib sinif yoldaşını yortubdur. Burda nə var? Bütün dünyada olan şeydir. Amerikada dərsə avtomatla gedirlər, bəzən sinifin yarısı qırılır, sağ qalan da Tramp kimi prezident seçilir. Təbii seçmə prosesidir. Biz orta məktəbdə oxuyanda müəllimimiz həmişə deyərdi ki, a bala, “iki” alanlara hörmətlə yanaşın, vaxt gələcək onlar sizi idarə edəcəkdir. Uzun sözün qısası, indi bu uşaq başqa uşağı bıçaqlayıbdırsa, bunu böyütməyin, xəbər kimi yazmağın mənası nədir? Bəlkə zoologiya dərsində qurbağanın qarnını yaranda murdar heyvan şıllaq atıbdır, tiyə uşağın əlində sürüşüb yoldaşının qarnına giribdir? Ondansa yağışdan enerji alan uşaqdan danış, deyim hə. Bizim belə istedadlı şagirdlərimiz var. Elə müəllimə var otuz metrdən seçki qutusuna yüz otuz bülleteni birdən atır. Bunu yazın, dünyaya göstərin. Yoxsa uşaq uşağı yortdu…
Rayon təhsil şöbəsinə dərin minnətdarlığımızı bildiririk, çox gecikmədən hadisəyə açıqlama verdi. Deyir şagird şagirdi tənəffüsdə bıçaqlayıbdır. Bax, bu başqa söhbət. Dərsdə vursa idarənin günahı olardı. Tənəffüsdə uşağın başını yığmaq çətindir. Mən bir dəfə Bakıda tənəffüs vaxtı orta məktəbə girmişdim, uşaqlar koridorda nə təhər qaçırdılarsa sanarsan bizon sürüsü Amerikada preriyada kovboyları qovalayır. Uşaqlar keçib gedəndən, tozanaq yatandan sonra yerdə bir neçə valideyn cəmdəyi və müəllimə skeleti qalmışdı, aparıb qoydular biologiya kabinetinə. Əsas odur bizdə elmə diqqət vardır. Xüsusən keçmiş deputat, Ziya müəllimin qardaşı Elton müəllimin Akademiyanın Yüksək Texnologiya Parkına müdir qoyulmasından çox şey gözləyirik. Bəlkə biz Nobel mükafatı aldıq – nəqliyyat müfəttişlərinin taksi sürücüləri ilə münasibətlərinin analizi temasında. Sən buna boş şey kimi baxma, kibernetikada nəqliyyat məsələsi xüsusi öyrənilir.
Əgər bizdə elmə diqqət olmasaydı, sayta “Yerin qabığı qırıla bilər!” sensasion başlığı atıb camaatı dəli eləyən jurnalstlər yaranmazdı. Hökumət nə qədər xəbərdarlıq eləyir, qorxudur, yenə xeyri olmur, bəziləri uca millətimizi vahiməyə salmaq istəyir. Mən o dostumuza demək istəyirəm ki, Yer qabığı əslində çoxdan qırılıbdır, hətta bir yerdən yox, əlli yerdə belənçik qırıq-quruqlar vardır. Bunlara tektonik plitələr arasında Yer qabığının qırıqları deyirlər, bəzi yerlərdə bunu hətta səmadan aydın görmək mümkündür.
Ancaq bir dəfə qırılıbsa, gələcəkdə niyə qırılmasın? Bu da var. Yerin qabığı da parlament kimi yerdir, bir gün bitişir, bir gün qırılır.