Şit adamlar hər yerdə var – Çində də, Çilidə də, Venesuelada da, Malayziyada da, hətta soyuq təbiəti üzündən xiyar bitməyən ölkələrdə də.
Vaxtaşırı onlar öz mahiyyətlərinə uyğun hərəkətlər edirlər və adları dünya ilə bir olur.
O cür adamlardan biri o gün Kanadanın Toronto şəhərindən Yamaykaya uçan təyyarədə, Allah qoymasa, baməzəlik etmək istəyib, təyyarə səmada olduğu vaxt zarafat edib ki, bəs koronavirusa yoluxub.
Təyyarədə pərxaşlıq düşüb. Göyərtədəki 243 sərnişinin hamısı qorxub (“qorxub” sözü xəfif qalır, yəqin ki, qarınağrısına düşərək illüminatoru bəzəyənlər də olub). Ekipaj da həyəcanlanıb. Adamın zarafatını ciddiyə alıblar. Nəticədə Kanadanın “WestJet” şirkətinə məxsus təyyarə havada dövrə vuraraq çıxdığı aeroporta qayıdıb. Təyyarə limana endikdən və 29 yaşlı zarafatcıl gədə müayinə olunduqdan sonra bəlli olub ki, onda heç bir virus infeksiyası yoxdur. Onu tutublar, 1 aydan sonra məhkəməsi olacaq, aviaşirkətə dəymiş ziyanı ödəyəcək, hələ bəlkə də 3-4 il həbs yatacaq. Heç nə, adi bir şit zarafata görə.
Bilmirəm, virusa yoluxmadığı bilinəndən sonra o şitbalaya fiziki təzyiqdən-zaddan nəsə bir şey göstəriblərmi. Bizdə olsaydı, yəqin ki, onu babat budayardılar və deyərdilər: “Köpəyoğlunun gədəsi, sən bir şit zarafat edib irişəcəksən deyə, camaatın uşağı-böyüyü yağı-bağır olub ürəkqopmasına düşməlidir?”
Yadınızdadırsa, 5-6 il əvvəl bizdə də elə təhlükəli və şit zarafat edən gədələr vardı. 15-17 yaşlı bu yeniyetmələr taksofondan polisə zəng eləyir, hansısa bir təhsil müəssisinə və ya banka bomba qoyulduğunu xəbər verir, öz aləmlərində guya xəlayiqlə məzələnirdilər.
Belə stuasiyalarda camaat və hüquq-mühafizə orqanları həyəcanlanırdı. Saytlar bu hadisələri “Bakıda daha bir bomba həyəcanı”, “Telefon terrorçuları yenə fəallaşdı” başlığıyla verirdilər. İki saat çəkmirdi, yalançı xəbərçilik edən, camaatı qorxudan, polislərə və FHN əməkdaşlarına iş artıran colma-cocuqları tuturdular. Onlar şöbəyə dəvət edir, insanlarla məzələnməyin orqanizmə nə dərəcədə ziyan olduğunu anladırdılar, bir daha belə şey etməmələri üçün öyüd-nəsihət verir, başa salır, buraxırdılar. Allah tərəfi, o uşaqlar əkə böyükləri ilə birlikdə keks yeyərək, bir daha “telefon terrorçuluğu” etmirdilər. Beş-altı o cür hadisədən sonra arası kəsildi, daha heç kəs 1-2 dəqiqəlik hırıldaşmaya görə qapazlanmaq riskinə getmədi və baş-qulağımız dincəldi.
7-8 il öncə Londonda da elə bir hadisə olmuşdu. Metroda törədilən terror aktından 3-4 həftə sonra zarafat damarı şişən bir ərəb metronun perronunda, sərnişinlərin sıx olduğu bir vaxtda bərkdən “Allahu əkbər” deyə qışqırmışdı və bu səsi eşidən sərnişinlər başlarını tutub yerə uzanmışdılar ki, indicə partlayış olacaq. Çünki 3-4 həftəki partlayışdan 5-6 saniyə əvvəl belə bir səs eşidilibmiş. Şit ərəbin zarafatı zamanı heç bir partlayış baş verməyib və onu dərhal yerə yıxıb zərərsizləşdiriblər. Daha sonra onu konstebl bölməsinə aparıb, Allahın böyüklüyünü əyani şəkildə başa salıblar, deyiblər ki, metroda anqıraraq insanları qorxutmağın özü terror törətməkdir – heç kim ölməsə, yaralanmasa da.
“Allahu əkbər” ifadəsi ilə bağlı mənim də bir məzəli xatirəm var. 5 il öncə nəhəng kruiz gəmisi ilə Stokholmdan Finlandiyaya üzürdük. Gecə saat 2 radələri idi. Biz müzikl zalından kayutumuza qayıtmışdıq, yatmaq istəyirdik. İntəhası, hırıldaşa-hırıldaşa dəhlizdə o başa-bu başa gedən sərxoş finlər, isveçlilər imkan vermirdilər. Nəhayət, bezdim, keçmiş əməkdaşımız Rahib Kazımlıya dedim ki, bu saat dəhlizə çıxıb, bir “Allahu əkbər” qışqıracam, qoy hamısı tökülsün Baltikə. O da dedi, sən canın, bizi qana salma, qoy rədd olsunlar.
Bəli, 5-6 il öncə insanları qorxutmaq üçün “filan yerə bomba qoyublar” və ya “Allahu əkbər” demək kifayət idisə, indi “deyəsən, koronavirusa yoluxmuşam” demək bəs edir. Hələ qorxasan, bu gün-sabah camaat ağzımaskalı adamlardan gen gəzsin. Hələ bir də elə maskalılardan biri qəfildən metro vaqonunda asqırsa, görün, nələr olar. Biz artıq asqırağın terror aktı təhdidi sayıla biləcəyi dövrə gəlib çıxmışıq.