“Yetişmiş yemişi yetim yemiş”
(yanıltmac)
Yaşadığım yerin yaxınlığında bir balaca ərzaq dükanı var. Sahəsi 7-8 kvadratmetrdən çox olmaz. Piştaxta qapı ilə üzbəüzdə, dükanın “dərinliyində” yerləşdiyindən hər dəfə ordan nəsə alanda qorxuram indicə yumurta qutularını, ucuz araq şüşələrini, turşu bankasını salıb sındıracağam. Yiyəsi, ya da satıcısı eyni adamdır, adını şərti olaraq Mamed qoyaq, yazımızın ardında çətinlik çəkməyək. Bu Mamed arıq, uzun, üzü daim tüklü, hardasa 40-50 yaşlarında biridir. Əgər mən 19-cu əsr rus romançısı olsam bəlkə burada dükanın qapı şüşəsinin üzərindəki əl boyda çirki, tavanın küncündəki hörümçək torlarını və milçək ölülərini də təsvir eləməliydim, lakin gəlin müasir sürət dövrünün oxucusunu çox əziyyətə salmayaq.
Mamed həmişə hündür və eyni zamanda soyuducu rolunu oynayan piştaxtanın altında nəsə qurdalanır. Hərdən mənə elə gəlir o, orda yaşayır. Əgər mən yapon yazıçısı Kobe Abe olsam bu temada “Piştaxta-adam” əsəri yazardım və onu Qoqola ithaf edərdim.
Mamedin dükanındakı, şübhəli ərazilərdə hansısa başqa fiziki şəxs (olsun 2-ci Mamed) tərəfindən törədilən gündəlik tələbat malları diqqətimi çəkmir, mən ona ancaq mer-meyvə almaq üçün üz tuturam, çünki bunları çox insaflı satır, həm də keyfiyyətlisini gətirir. Allah bilir burda hansı fırıldaq var. Lakin gəlin hadisələri qabaqlamayaq.
Təzəlikcə yenə dükandan alma alırdım, bu zaman başqa alıcı içəri girdi, darısqallıqdan az qala qucaqlaşdıq. Adam siqaret istədi, Mamedə pul verdi, o isə dedi ki, əlavə 30 qəpik də verməlidir. Alıcı çox narazı qaldı: “Sən də gündə qiyməti qaldırırsan”. Bu çıxıb gedəndən sonra Mamed mənə gileyləndi: “Vallah, bezmişəm bu millətin əlindən. Elə bil qiyməti mən qaldırıram. Keçən ilin axırından məlumat verilib ki, siqaretin aksizləri qalxacaq. Camaatın yuxarılara söz deməyə duxu çatmır, gəlir mənim yaxamdan yapışır. Mənim nə günahım var? Bəlkə mən siqaret şirkətinin yiyəsiyəm?”
Əlbəttə, mən dükançıya inanırdım, ancaq içimə şübhə toxumları da səpilmişdi, sanki bu şübhələr məni didib-parçalayırdı. Əhali bir şey bilməsə danışmaz. Bəlkə bu adam doğrudan gizli milyarderdir? Bəlkə ofşor hesabları var? Gizli iqtisadiyyatı piştaxtasının altındakı dərin mağaradan idarə edir? Siqaret şirkətinin olması da tam mümkündür. Saqqalını azca qaydaya salsan köhnə siqaret reklamlarındakı kovboylara bənzəyir.
Qəfildən, pis çıxmasın, artıq qədimdə qalmış peşəmi xatırladım və qərara gəldim jurnalist araşdırması aparım. Axı bizim mətbuatda bu dəqiqə araşdırma janrı ən dəbdə olan istiqamətdir. Ən yaxşı araşdırmaçılara dövlət tərəfindən ev verilir, bizi yeni qələbələrə ruhlandırır. Bayırda gizlənib dükanı pusmağa başladım. Axşam Mamed dükanı bağlayıb iz azdırmaq üçün avtobusa mindi, guya evinə gedir. Mən eləmə tənbəllik, düşdüm bunun dalıyca. Az getdik, üz getdik, yolun yarısında Mamed düşüb bir “Lamborcini”yə mindi. Bah! Fırıldaqçıya bax! Gəldik çıxdıq şəhər kənarında bahalı, bir kərpici qızıldan, bir kərpici gümüşdən, bünövrəsi “Azərsu” kəmərindən, damı buluddan su əmən saraya. Sarayın külafirəngisində kim durub buna əl yelləyib, qucaq açsa yaxşıdır? Dəbdə olan pop-star manıs Nəmnəm xanım Hovuzlu! Sən demə qardaşımızın yeddi rəsmi, on dörd qeyri-rəsmi, 22 siğəli və 35 vətəndaş nikahlı arvadı var imiş. Əlbəttə, bunları sonrakı araşdırmalarımla üzə çıxartdım, yalnız başınızı ağrıdıb təfərrüata varmaq istəmirəm. Hünəri var almanın qiymətini qaldırsın, onun Mayamidəki şirkətlərinin, oğlunun Burundidəki ofşor hesablarının, qızının Temzadakı yaxtasının və sairənin şəklini burda çap edəcəyəm. Biz xalqı talayanlara qarşı amansız olmalıyıq!
Dünən yenə yolum dükana düşüb, Mamed məni özünə simsar bilib gileylənir, ancaq mənim korrupsionerlərə nifrətimdən xəbərsizdir: “Burda avtobusları kartla eləyiblər, karta pul yükləmə qurğusu isə qoymayıblar. Daha doğrusu, idarə gətirib qurğunu mənim dükanıma qoyub, deyirlər sən yola ver. Camaat isə məni danlayır ki, nə üçün aparatı dayanacağa qoymamısan. Guya mən qurğu qoyan işləyirəm. Hər 100 manat yüklənəndə ondan mənə cəmi 1 manat qalır, artıq baş ağrısıdır, bezmişəm”. Mən bic-bic gülümsəyib ürəyimdə dedim: “Ay səni, lotu… Guya biz sənin Bakı Nəqliyyat Agentliyinin yiyəsi olduğunu bilmirik də…”
Ümidvaram o, mənim çoxmənalı təbəssümümdən şübhələnmədi.