“Heyhat ki, tədbir ola bu xanəxərabə,
Zail olub əqli.
Dərsə, qəzetə, məktəbə, jurnalə, kitabə
Mail olub əqli”
(Sabir)
Məktəblərimiz çox oxuyub yorulmuşdular, indi yenidən 1 həftəlik tətil hüququ qazanmışlar. Sitat: “Yanvarın 27-dən orta məktəblərdə 2019-2020-ci tədris ilinin qış tətili başlayır. Tətil 27-31 yanvar tarixlərini əhatə edəcək. Beşgünlük tədris həftəli məktəblər yanvarın 25 və 26-sı şənbə-bazara düşdüyündən artıq yanvarın 24-dən sonra tətilə çıxacaqlar. Həmçinin fevralın 1-i şənbə gününə təsadüf etdiyi üçün ikinci yarımil fevralın 3-dən başlayacaq”. Bu yanıltmacdan bir şey başa düşmədinizsə, güman edirəm siz Misir müəllimin erasında təhsil almısınız. Açığı, mən özüm Yəhya müəllimin “Tutu, topu tut” kitabı ilə oxumuşam, ancaq prosesdən belə qandım ki, müəllimlər dərsi atıb Məzahir müəllimin idarəsi üçün çalışmağa yeni nəfəslik əldə etmişlər. Yoxsa uşaqları oxutmaqdan nəfəsləri kəsilmişdi.
Zarafatsız, bizdə məktəbli tətilləri niyə bu qədər uzun və çoxdur, səbəbini bilən varmı? Örnək üçün, yay tətili 3 ay çəkir. Tam 12 həftə. İnsan dünyanı öyrənmək üçün əsas vaxtının niyə hər il 3 ayını boşuna keçirməlidir? Örnək üçün, Britaniya, Fransa və Danimarkada məktəblilərin yay tətili cəmi 6 həftədir. Qış tətilləri də uzağı bir-iki həftə çəkir. Hələ bunun üzərinə Qərbdə gündəlik dərs saatlarının bizdəkindən az qala iki dəfə çox olmağını, o cümlədən, bizim 11 illik məktəbdən fərqli 13, 14 ilə çatan oxuma müddətini gələndə mənzərə aydınlaşır. Hansı mənzərə? O mənzərə ki, niyə biz geridə qalmışıq. Təhsil müddətinin millətin inkişafına təsiri haqda cəmi bir misal çəkmək istərdim: Niger dövlətində təhsil müddəti 5 ildir, ömrün uzunluğu 56 il, Avstraliyada 20 il təhsildir, ömür uzunluğu 83 il. Kim çox oxuyursa, kim təhsilə çox vəsait qoyursa o millətlər həm uzun və xoşbəxt ömür sürür, həm inkişaf edir.
Rusiyanın iqtisadi durumu, korrupsiya səviyyəsi, siyasi sistemi və sairə bizimkindən o qədər fərqlənmir, ancaq hətta orada belə təhsilə bizdəkindən çox diqqət ayrılır. Keçən il Putin təklif irəli sürdü: bütün ibtidai siniflərin (1-4) məktəb yeməyini dövlət hesabına eləmək lazımdır. Duma qanun qəbul elədi, artıq bu ildən başlamalıdırlar. Bizim üçün təəccüblü faktdır, çünki bizdə məktəblinin nəinki oxumağı, heç nə yeyib-içdiyi də kimsənin vecinə olmur, yalnız hardasa bir neçə uşaq köhnə peraşkidən-zaddan zəhərlənəndə yalandan hay-küy qopardıb sakitləşirik. Rusiyada məktəblilərin yeməyi həmişə olub, sadəcə, indiyə qədər bəzi hissələrini valideynlər ödəyirdi, qalanını dövlət. Nəticədə valideyni az ödəyən bəzi uşaqlara kaşa, pullu uşaqlara isə nisbətən bahalı yemək verilməsi faktları üzə çıxmışdı. İndi Putin bu ayrıseçkiliyi aradan qaldırmaq istəyir.
Keçən həftə uşaq məktəbdən gəlib deyir: “Sinif rəhbəri məni keçəl eləyib. Artıq neçənci dəfədir sənin şəxsiyyət vəsiqənin surətini istəyir. Ver, aparım, canım dincəlsin”. Görəsən seçki öncəsi mənim şəxsiyyət vəsiqəm məktəbin nəyinə lazım olubdur? Ola bilməz ki, bunları yığıb seçki saxtakarlığında yararlansınlar. Bizim məktəblərdə qəti elə şey mümkün deyildir. Hansı müəllimin sinəsində bülleten, dimdiyində protokol tutsan qiyamət günü baş verər, planetlər toqquşar, ulduzlar yerə dəyər, ölülər dirilib səsverməyə gələr və sairə. Qısa desəm, məktəblərimizdə saxtakarlıq Ermənistanda Dənizçilik Nazirliyi kimi bir haldır. Güman edirəm vəsiqəmin surətini dəhlizdən asacaqlar, nümunəvi valideyn kimi nümayiş etdirəcəklər. Sadəcə, nədənsə bu zəhrimara qalmış vəsiqə hər dəfə seçki öncəsi yada düşür. Bəlkə müəllimlər məni deputat seçmək istəyirlər? Nə biləsən… Hər şey mümkündür.
Üstəlik, bizim dairədən 30 ildir bir dükançı deputat qoyulur, rəhmətliyin oğlu hələ indiyəcən adi şəklini belə divara vurmayıbdır. O qədər gizli namizəddir ki, nəinki seçicilər, Məzahir müəllim də üzünü görməyir. Bir adam deyə bilməz ki, 30 ildə həmin deputat rayonda filan yaralı barmağa yarım qram dərman sürtübdür. Lakin hər dəfə qutudan o ilahi şəxsiyyət çıxır, yenə o çıxacaq, şübhəmiz yoxdur. Yəqin mənim şəxsiyyət vəsiqəm məktəbə ona görə lazımdır: divara həmin namizədin yerinə yapışdıracaqlar. Əsas odur şəkilli sənəd olsun, onsuz camaat hərfləri yavaş-yavaş unudur.